Koronavirus cəbhəsində ümummili mübarizə: necə gedir, necə olmalıdır? - ANALİZ

COVİD-19 virusunun yayılma sürətinin yenidən artması və yoluxanların kəskin çoxalması həm əhalini, həm də hökuməti təşvişə salıb. Bunu dayandırmaq üçün bəzi sərt tədbirlərin görüləcəyi haqda söhbətlər gəzir. Cəmi 2 ay qabaq ikirəqəmli olan yoluxma sayı artıq dördrəqəmli həddə çatıb. Avqustun 12-də respublika üzrə yoluxma sayı 2674 nəfərə, ölüm halı 14 nəfər çatıb. Ümumilikdə, indiyədək ölkəmizdə yoluxanların rəsmi sayı 360 mini, ölənlərin sayı isə 5 mini keçib. Bir gündə 16 575 test edilib 2674 nəfərdə yoluxma aşkarlanıbsa, təhlükəni artıq ciddi hala gəlmiş saymaq olar. Təxminən hər 5 testdən 1-də yoluxma aşkarlanıb. Testdən keçməyən, yoluxan, amma simtomları güclü olmadığından qeydiyyata düşməyən, özü təbii yollarla müalicə etməyə çalışan şəxsləri də nəzərə alsaq, real rəqəmin daha çox olduğunu görə bilərik. Bəs belə böyük artımın səbəbi nədədir, qarşısını almaq üçün daha hansı tədbirlərin görülməsinə ehtiyac var?

COVİD-lə mübarizə yetərlidirmi?

Koronavirusla mübarizədə ən yaxşı təcrübəsi olan ölkələrdən biri də Azərbaycandır. Xüsusən də, yoluxanlar arasında ölüm hallarının faizinə görə biz ən yaxşı mövqelərdən birindəyik. Bu, əlbəttə, ölkədə aparılan effektiv tədbirlərin nəticəsidir. Əksər ölkələrdən fərqli olaraq, COVİD xəstələrinin bütün müalicəsi, ən bahalı dərmanlardan tutmuş bütün ehtiyacları dövlət tərəfindən ödənilir. Üstəlik, həkimlərimiz də insanlarımızı xilas etmək üçün bu virusa qarşı qəhramancasına mübarizə apardılar.

Lakin bəzi tədbirlər effekt vermədi, məsələn, şənbə-bazar günləri ictimai nəqliyyatın işləməməsi heçş bir müsbət dəyişikliyə səbəb olmadı. Açıq havada maska taxmaq tələbi çox keçməmiş əsassız və faydasız olduğu ortaya çıxdı və ləğv olundu. Bununla belə, demək lazımdır ki, həyata keçirilən tədbirləri ümumən qənaətbəxş saymaq olar. Sərt karantin dövründə qapanmalar olmasaydı, problemin miqyası bəlkə dəfələrlə böyük olacaqdı. Dövlət həmin aylarda yüz minlərlə vətəndaşa sosial yardım ödəməklə vəziyyəti idarə etməyə çalışdı.

Son 1 ildə həyata keçirilən tədbirlər müəyyən nəticələr də vermişdi. Bu ilin əvvəlindən etibarən yayılma lokallaşdırılmış, gündəlik yoluxma sayı ikirəqəmli ədədə endirilmişdi. İlin ortasına artıq vəziyyət çox yaxşı idi- yayılma demək olar ki dayanmış, yoluxanların kütləvi şəkildə müalicə olunub evə buraxılması davam edirdi. Lakin...

təhlükə hələ keçməyibmiş.

Hökumətimiz vətəndaşların qaydalara riayət edəcəyini düşünüb karantin tədbirlərini xeyli yüngülləşdirdi. Az saylı qonağın iştirakı ilə, qorunma tədbirlərinə riayət etməklə toylara da icazə verildi. Bundan sonra yoluxmalar artmağa başladı. Çünki toylarda qonaq sayı qoyulmuş limiti aşdı, qapalı şəraitdə sıxlıq oldu, demək olar ki, qorunma tədbirlərinə diqqət edilmədi.

Digər qapalı məkanlarda müxtəlif tədbirlər də eyni vəziyyət yarandı. Virus da məlum olduğu kimi, əsasən, qapalı məkanlarda yaxın məsafədə insanlar toplaşanda yayılır. Ona görə də, pandemiya başa çatanadək yoluxma təhlükəsi aktual olduğundan qapalı yerlərdə kütləvi yığıncaqlar qadağası qalmalıdır. Lakin açıq havada toy və digər mərasimləri keçirmək olar. Məsafə şərtinə əməl etməklə.

İnsanları zorla vaksin vurdurmağa məcbur etməkdənsə, belə tədbirlər daha çox effekt verir. Çünki bunlara əməl edilməsə, vaksin də faydalı olmayacaq, bəzi dünya ölkələrində 2 dəfə vaksin vurulanların da yoluxma sayı xeyli artıb. Demək, əsas gücü qorunma tədbirlərinə verməliyik. Ən əsası insanların immuniteti gücləndirilməlidir. Bunu televiziyalarda həkimlər fasiləsiz olaraq təbliğ etməlidir ki, hansı yollarla immun sistemini gücləndirmək olar. Burada qeyd edim ki, bu yay mövsümündə insanların rahat şəkildə təbiət qoynuna, dənizə, gölə, çaya getmələri immunitetlərini xeyli gücləndirib və belə şəxslər yoluxsa belə, xəstəliyi yüngül keçirəcək. D vitamini səviyyəsi normada olan insanların virusu çox yüngül keçirdiyi bəzi ölkələrdə təsdiq olunub.

Hökumət bu şəraitdə mümkün olan hər şeyə icazə verib

Pandemiya çox uzandığından insanlar çox narahatdır. Bu bəla bütün dünyanı təhdid edir, əksər ölkələrdə daha pis vəziyyətdir. Azərbaycanda vəziyyət ölkələrin çoxundan daha yaxşıdır. Bir qədər səbrli olmaq lazımdır. Bu virusun kökü kəsilməsə və ehtiyatlı davranılmasa yenidən alovlana bilər. Bunu artıq təcrübədə görmüşük. Ona görə də, mümkün qədər qorunma tədbirlərinə əməl edilməlidir. Lakin görürük ki, insanlar daha əvvəlki qədər ciddi yanaşmırlar, əllərini tez tez spirtlə silmir, maskanı taxmaq istəmirlər, bir-birinə çox yaxın dayanırlar və əllə çox görüşürlər, hətta, dostlar, rəfiqələr hər görüşəndə öpüşürlər. Virus isə 90 faiz hallarda əllə görüşməkdən, öpüşməkdən yaranır.

Nəticədə son günlərdə yoluxmaların sayı artıb. Burada əsas günah biz vətəndaşların üzərinə düşür. Çünki bu virusu bir-birimizə biz yayırıq. Dövlət mümkün olan hər şeyi edir, lakin daha sərt tədirlərə keçmək istəmir, çünki bu, insanlara həm sosial, həm psixoloji cəhətdən pis təsir edir, üstəlik, dövlətə də çox böyük iqtisadi zərərə başa gəlir. Ona görə də, gəlin biz əlimizdən gələni edək ki, yoluxmanın artmasına imkan verməyək.

Toyu 50 nəfərlə keçirəndə də ailə qurmaq və xoşbəxt olmaq olur. 500 nəfərlə keçirəndə xoşbəxtliyə təminat vermir. Bu həqiqəti başa düşsək vəziyyətdən çıxa biləcəyik.

Karantin güclənsə, işsiz qalanlara kim yardım etməlidir?

İndiki şəraitdə isə, dövlət karantin tədbirlərini sərtləşdirməyə məcburdur. Əlbəttə, bəzi qapalı məkanların bağlanması, qapalı yığıncaqlara qadağanın bərpası bəzi vətəndaşları işsiz qoya bilər və onların maddi vəziyyəti çətinləşəcək. Belə vətəndaşlara dövlət və xeyriyyə cəmiyyətləri tərəfindən yardımlar edilməlidir. Bu, müvəqqəti çətinlikdir. Bir neçə ay çətinlik çəkməyimiz bu bəlanın bütün əhaliyə yoluxmasından daha az zərərlidir.

Sərt karantin tətbiq olunsa, ərazi icra orqanları və bələdiyyələr heç kimin işləmədiyi və heç bir mənbədən gəliri olmayan ailələri müəyyənləşdirməli və onlara siyahı üzrə heç olmasa minimum ehtiyac meyarı həddində kömək edilməsini təşkil etməlidir.

İmkanlı vətəndaşlarımız, xeyriyyə təşkilatları və fondları, həmçinin böyük şirkətlər bu yardım kampaniyasını davam etdirməlidir. Bu halda həmin kateqoriyadan olan vətəndaşlarımız bu böhranı sosial fəlakətə düçar olmadan ötüşdürə bilərlər.

Dövlət və cəmiyyət olaraq birləşib, köməkləşib bu vəziyyətdən çıxmalıyıq. Bunun üçün imkanlarımız hələ də var, hələ heç nə itirilməyib. Əsl mübarizə qarşıdadır. Ümidvarıq ki, bunu bacaracağıq. Dövlətlə xalq birləşəndə hər şeyə qadir olur. Bunu Çinin timsalında gördük, bizdə də belə birlik var və demək, biz də bacaracağıq.

Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması" istiqaməti çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə