Tovuz şəhərində su böhranı: Azərsu sakinləri niyə susuz qoyub? – FOTOREPORTAJ
Sakinlər: 21-ci əsrdir, hələ də biz sudan korluq çəkirik, Azərsu öz suyumuzu kəsib, özü isə bizə su vermir...
Tovuz şəhəri, Xaqani küçəsində yerləşən 6 və 8 nömrəli binaların sakinlərinin su böhranı uzun illərdir ki, bitmək bilmir. Yay mövsümü başlayandan burada su problemi daha da kəskinləşib və sakinlər ağır vəziyyətdə qalıb. Azərsu bu binalara, demək olar ki, su vermir. Pulu olanlar su maşınları ilə başqa yerlərdən su gətirdir, fotoda gördüyünüz həyətdə düzülmşü iri su çənlərinə vurur, oradan da su motorları ilə mənzilə qaldırırlar, pulu olmayanlar isə qalır susuz.
Sovet dövründə bu binaların həyətində artezian qazılmış və iri yeraltı basseynlər tikilmişdi. Artezianın suyu həyətdəki 2 basseynə doldurulur və oradan binalara vurulurdu. O da həftədə 1-2 dəfə. Mənzillərin hamamında qoyulan 1 tonluq su çənlərini dolduran sakinlər bu suyu qıt-qənaət 1 həftəyə güclə çatdırırdılar. Sonra...
Sonra Azərsu ortaya çıxdı ki, bəs biz özümüz on milyonlarla vəsait xərcləyərək Zəyəm çayından çəkdiyimiz su kəmərindən sizə daimi su verəcəyik. Həyətdəki artezianı bağladılar, binaları ümumi şəbəkəyə qoşdular. Bundan sonra problem əvvəlkindən də betər kəskinləşdi.
Demək, Azərsu binanın öz artezianını dayandırıb, binaları ümumi şəbəkəyə qoşub, sakinlərin su götürdüyü həyətdəki su kranını bağlayıb ki (fotoya bax), özüm sizə lazımi qədər su verəcəm, lakin suyu çox az həcmdə və zəif təqyiqlə verir ki, bu da yuxarı mərtəbələrə qalxmır. Fotoda gördüyünüz kimi, bina sakinləri hər mərtəbədə su motorları qoyublar ki, zəif təzyiqlə verilən suyu yuxarı mərtəbəyə çıxara bilsinlər.

Su çox az və zəif verildiyindən minimum ehtiyaclara da çatmır, sakinlər həyətdə qoyduqları iri çənləri pulla gətirdikləri su maşınlarından doldururlar. Nəticədə su həmin sakinlərə dəfələrlə baha başa gəlir. Təsəvvür edin, mənzillərin hamamlarında sakinlər çoxlu vanna, vedrə düzüblər ki, su gələndə bir az götürsünlər ki, sonra bir neçə gün su olmayanda istifadə edə bilsinlər. “Sanki Afrikada yaşayırıq, Allahın suyunu bizə vermirlər, amma kommersiya obyektlərinə gecə-gündüz bol su verilir”- deyə sakinlər gileylənir.
Deyirlər ki, xeyli maliyyə yeyintisinə yol verilmiş, bəzi məlumatlara görə 30 milyon manat pul xərclənmiş Zəyəmçay su kəmərinin suyu hara gedir, bilinmir. Əgər bu kəmərdə lazımi qədər su yoxdursa, niyə dövlətin on milyonlarla pulunu havaya sovurublar və bəyan ediblər ki bu kəmər rayonun xeyli hissəsini fasiləsiz su ilə təmin edəcək. Əgər, kəmərdə su varsa, bəs hanı?

Diqqətli oxucularımızın yadında olar, 2 il əvvəl Tovuza səfərimdə bununla bağılı geniş reportajlar vermiş, bundan sonra Azərsu problemi həll edəcəyini bildirmişdi. Keçən yay karantinlə əlaqədar Tovuza gələ bilmədim. Bu yay gəldiyimdə isə vəziyyətin əvvəlkindən də pis olduğunu gördüm. Yeri gəlmişkən, özüm də Tovuza gələndə həmin binada yerləşən ata evində qalıram. Və... çimmək üçün qohumların evinə getməyə məcburam, içməyə suyu isə mağazadan alıram.
Problemlə bağlı bu dəfə “Azərsu”nun regional idarəsi ilə danışmağa hacət görmədim, çünki bunun mənasız olduğunu dəfələrlə görüb əmin olmuşam. Sakinlər rayon İcra Hakimiyyəti qarşısında etiraz aksiyası keçirməyə hazırlaşır. Bax beləcə, bir neçə məsuliyyətsiz məmurun bivecliyi nəticəsində vətəndaşların dövlətdən narazılığı yaranır, dövlət-vətəndaş münasibətləri korlanır. Deyəsən, Azərsu rəhbərliyinin cəzalandırılması, bir çoxunun işdən azad olunması bunlara dərs olmayıb.
Tovuz rayonundan su təsərrüfatındakı problemlər və qanunsuzluqlar barədə şikayətlər çoxdandır ki var. Lakin Azərsu rəhbərliyi bu problemləri həll etmək və qanunsuzluqları aradan qaldırmaq əvəzinə özünə bahalı villa şəhərciyi tikməklə məşğul olduğundan, bu problemlərin qarşısı nəinki alınmayıb, əksinə, getdikcə daha da kəskinləşib.
Azərsu-nun 8 nömrəli Regional Su-Kanal İdarəsi Tovuzda yerləşir. Belə görünür ki, bütöv bir regionun su problemini həll etməyə məsul olan idarənin “öz qulağının dibindən” xəbəri yoxdur. Biz yazdıq ki, xəbərləri olsun. Ya da xəbərləri var, sadəcə veclərinə almırlar. Yaxşı olar ki, öz işlərini yerinə yetirsinlər, sakinləri etiraz aksiyası keçirməyə məcbur etməsinlər.
Elçin Bayramlı
PS. Binaların sakinləri həyətdə öz hesablarına Şəhidlər bulağı tikirlər, lakin imkansızlıqdan buna lazım olan vəsaiti də tam yığa bilmirlər deyə yarımçıq qalıb. Onlara dedim ki, Azərsu vətən müharibəsində şəhid olmuş oğullarımızın əziz xatirəsinə öz hörmətlərinin ifadəsi olaraq burada kiçik bir bulağın yaradılmasına kömək edəcək. Çətin ağlım kəsir. Amma bunu onlara demədim, qoy ümidlə yaşasınlar, necə deyərlər, yeməkdən ümid yaxşıdır. Həm də nə bilmək olar, bəlkə də, şəhərin imkanlı şəxslərindən biri bu bulağın yarımçıq qalmış tikintisinə beş-on manat yardım ayırdı.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB