SOCAR təkzib etdi - YALANDIR

Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar nazirliklərinin, SOCAR-ın və AMEA-nın rəsmilərinin iştirakı ilə ötən gün axşam saatlarında Xəzər dənizində Daşlı adada palçıq vulkanının püskürməsi ilə bağlı brifinq keçirilib. SİA xəbər verir ki, Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli vulkanla bağlı məlumat verib.

Bildirib ki, Daşlı adasında iyulun 4-də saat 21:51-də palçıq vulkanı püskürüb. Püskürmənin davamlılığı 8 dəqiqə davam edib. Vulkanın dərinliyi 1,48 km, gücü (ml) 2,17 ml olub. "Daşlı adada vulkan çoxdan püskürmürdü. Axırıncı dəfə 1945-ci ildə püskürüb. Xəzər dənizində çoxlu sayda vulkanlar var. Deyirlər ki, orada ölən və yaralanan var, belə şey yoxdur"-, Yetirmişli deyib və şaiələrə inanmamağı məsləhət görüb.

SOCAR geologiya və geofizika şöbəsinin rəisi Fərhad İbadov brifinqdə bildirib ki, hadisə yerində SOCAR-ın heç bir infrastrukturu yoxdur. Baş verən hadisə təbiət hadisəsidir: "Bəzi Kütləvi İnformasiya Vasitələrində və sosial şəbəkələrdə SOCAR-la bağlı yayılan məlumatlar, guya həmin ərazidə qazma işlərinin aparılması barədə deyilənlər şayiədir. Baş verən hadisəni SOCAR rəhbərliyi diqqətdə saxlayıb və bununla bağlı operativ qrup palçıq vulkanın baş verdiyi əraziyə göndərilib".

Onun sözlərinə görə, palçıq vulkanın baş verdiyi ərazidə heç bir qazma işləri aparılmayıb: “Həmin ərazidə SOCAR-ın heç bir infrastrukturu yoxdur”.

F.İbadov bildirib ki, SOCAR tərəfindən layihə həyata keçiriləndə bütün risklər qiymətləndirilir. Risklər qiymətləndiriləndən sonra platformalar inşa edilir. SOCAR rəsmisi əlavə edib ki, qazılmış kəşfiyyat quyularının hamısının ağzı bağlıdır. Həmin quyulara daimi olaraq nəzarət edilir. Mətbuatda qazılmış kəşfiyyat quyularının ağzının açıq olması barədə yer alan məlumatlar tamamilə əsassızdır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttar-zadə isə deyib ki, Daşlı adası çoxdan mövcud olub. “Hazırda Bakı və Abşeron yarımadasında küləkli hava şəraiti ilə əlaqədar gəmilərin sözügedən əraziyə yaxınlaşmasında müəyyən çətinliklər yaranıb", - Səttar-zadə deyib.

Onun sözlərinə görə, Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar Nazirlikləri, SOCAR və AMEA-nın mütəxəssislərindən ibarət ekspedisiya qrupu Xəzər dənizinə və onun ətraf mühitinə təsirlərin müəyyənləşdirilməsi, mövcud ekoloji vəziyyətin qiymətləndirilməsi məqsədilə "Əlif Hacıyev" elmi-tədqiqat gəmisi ilə dənizə çıxacaq və təhlillər aparacaq.

Brifinqdə qeyd olunub ki, dünyada olan 900 palçıq vulkanından 300-dən çoxu Azərbaycanda mövcuddur.

Bütün xəbərlər Facebook səhifəmizdə