Varlığı ilə tarix yazıb, əməlləri ilə qəlblərdə yaşayan şəxsiyyət REKVİYEM

Varlığı ilə tarix yazıb, əməlləri ilə qəlblərdə yaşayan şəxsiyyət REKVİYEM

Xanoğlan Şıxəliyev haqqında düşüncələr...

Bu şəxsiyyət haqqında bəhs edəcəyəm. Elə bir şəxsiyyət ki, öz həyatını yaşaması ilə brabər, həm də bir tarix yazdı. Özü də elə bir tarix ki, insan oğlu hər zaman onu öyrənərək həyatında tətbiq edə, uğurlara imza ata bilər. Müqəddəs Azərbaycanımız bir çox şəxsiyyətlər yetişdirib və onlar dünyaya səs-soraq salıblar. Onlardan biri də bu gün təəssüf ki, həyatda olmayan gözəl insan, öz vətənsevərliyi, azərbaycançılığı, kişilik məktəbi, ailəcanlığı, dost cəfakeşi ilə seçilən bir ziyalı – uzun illər prokurorluq orqanlarında çalışmış, təmiz vicdanı, saf və humanist baxışı ilə bu gün də ürəklərdə özünə guşə tutan Xanoğlan Rza oğlu Şıxəliyevdir. O, artıq 6 ildir ki, sevdiklərinin arasında yoxdur...

Ümumiyyətlə, belə dəyərli insanlar barədə barədə fikirlər bildirərkən, hətta ən çox söz bolluğuna sahib olsan belə, onlar sənə bəs etmir, çünki bəhs etdiyin insan o qədər yaxşılar içində ən yaxşısı olub ki, onun əməllərinə nə qədər qiymətli ifadələr işlətsən də bəs etmir. Bu şəxs bir kişilk, qeyrət, ləyaqət, şərəf və mənəviyyat məktəbini keçib və o məktəbi keçənlər bu gün öz müqəddəratlarını bu istiqamətdə quraraq, yaşayır, yaradır, dövlətinə, Vətəninə, xalqına yorulmadan xidmət edirlər.

Qısa arayış:

Xanoğlan Şıxəliyev - 1957-ci ildə Ermənistan SSR-nin Vedibasar rayonunda dünyaya göz açıb və Qərbi Azərbaycan elinin qəhrəmanlar diyarı sayılan bu eldə, bu obada həyatının ilkin addımlarını atıb. Sonrakı tarixlərdə mənfur ermənilərin işğalçılıq niyyətləri baş qaldırarkən, onun ailəsi Azərbaycana deportasiya edilib. Belə bir çətin dövrandan alnıaçıq və başıuca çıxan nüfuzlu Şıxəliyevlər nəslinin övladı Xanoğlan müəllin yalnız həyat eşqi yaşayaraq, həm özünün, həm də ailəsinin qeydinə qalmaq üçün yorulmadan çalışıb, işləyib və necə deyərlər, özünü oda-közə vurub. Belə bir qətiyyət, belə bir məqsədlərlə həyatın ağuşuna gənc yaşlarından atılan Xanoğlan Şıxəliyevin bu mübarizliyi onun gələcək illəri üçün bir rolunu, əhəmiyyətli faktorunu oynadı. O, daha da bərkidi, daha da mətinləşdi, daha da iradəli və qətiyyətli obrazda tanındı – dostları, qohumları, tanışları, iş yoldaşları arasında…

Vətən oğlu, el igidi - Xanoğlanın epopeyası

Xanoğlan müəllimin seçdiyi peşəsi də asan deyildi – prokurorluq sahəsi. Ötən əsrin 70-ci illərindən başlayaraq, ta 30 iyun 2015-ci ilə qədər Xanoğlan Şıxəliyev çətin vəzifə olan bu orqanlarda fəaliyyət göstərib.

Bu illər içində Xanoğlan müəllimin də öz payı vardır. Əbəs deyil ki, hazırkı məqamda da onun barəsində danışılan hər bir söz, hər bir ifadə insanlarda qürur hissi oyadır. Bəli, onun haqqında danışılanlar bir həyat epopeyasıdır, real, həqiqətlərə söykənən Vətən oğlu, el igidi - Xanoğlanın epopeyası...

Əbəs deyil ki, bu günün özündə də onun barəsində nəşrlərdə, mətbuat səhifələrində çoxsaylı məqalələr, yazılar mövcuddur, arxiv sənədlərdə də kifayət qədər məlumatlar vardır. Həmin dərcolunmalarda Xanoğlan Şıxəliyev barəsində daha hansı fərəhdoğurucu ifadələr yer almayıb – “Öz ömrünü dövlətinə və xalqına həsr etmiş prokuror”, “Gözəl ata və Vətənsevər övlad” və s…

Bəli, budur bir ali mücəssəmə və yüksək dəyər tandemi, budur əsl azərbaycanlı olmaq gerçəkliyi. Çünki Xanoğlan müəllim istər öz prokuror həmkarları, istərsə də öz doğmaları ilə söhbətləşəndə, fikir mübadilələri aparanda, müzakirələr edəndə hər zaman vicdandan, prokuror adını təmiz saxlamaqdan, xüsusən də haqqı-nahaqqa qurban verməməkdən danışıb. O, hər zaman istəyirdi və arzu edirdi ki, bütün insanlar belə bir yüksək düşüncəyə, həyat dərkinə, yüksək dəyərlər tərzinə malik olsunlar. Axı o, həm də bir mərdlik, alicənablıq və ziyalılıq etalonu idi, onu tanıyanlar üçün…

O, bir əsgər idi – Vətəni uğrunda canından, qanından keçən bir Azərbaycan əsgəri!

Mərdlik demişkən, Xanoğlan Şıxəliyev ölkəmizin yenicə müstəqillik qazandığı vaxtlarda, eyni zamanda, bu müstəqilliyin itirilmə təhlükəsi yaşanan zamanlarda öz vəzifəsini layiqincə təmsil edib. Hələ o dövrlərdə istər ictimai-siyasi, istərsə də kriminogen baxımından elə də sabit olmayan Şəki rayonunda çalışmış Xanoğlan Şıxəliyev qanunun aliliyinin təminatçısı kimi dəfələrlə sinə gərib.

Hətta elə olub ki, azğınlaşmış şəxslər onun yaşadığı evə hücumlar çəkib, üzərinə silah qaldıraraq, həyatını təhlükəyə atıblar. Lakin dövlət və xalq maraqlarını daim üstün tutan Xanoğlan müəllim, həm də prokuror olaraq heç nədən qorxmayaraq, azğın kriminogen qüvvələrə qarşı mübarizəsini daha barışmaz şəkildə aparıb. Təbii ki, bu, onun timsalında babalarından gələrək, onun qanında axan cəsarət geninin yaşaması, hətta yaşadılması demək idi. Nə xəstəliklər, nə də yorğunluqlar onu öz yolundan döndərə bilmədi. Hətta kəskin diabet diaqnozu qoyulmasına baxmayaraq, Xanoğlan Şıxəliyev çalışdı…çalışdı…və yenə də çalışdı…

Belə bir vəziyyətdə öz fəaliyyətini Bərdədə də davam etdirən Xanoğlan müəllin, hər yerdə - kənddə, kəsəkdə, ən ucqar bölgələrdə sadə insanların arasında oldu, onların sonsuz rəğbətini, sevgisini, hörmətini qazandı. O, bir əsgər idi – Vətəni uğrunda canından, qanından keçən bir Azərbaycan əsgəri. Çiynində daşıdığı prokurorluq orqanları paqonunun üzərindəki aypara və ulduzlar ona üzərində nə qədər nəhəng məsuliyyətin olduğunu hər an xatırladırdı. Əbəs deyil ki, o dəfələrlə cəbhə bölgələrinə gedərək, düşmənlə üz-üzə dayanmış, təmsil olunduğu müdafiə şurasının vəzifələrini də öz işinə əlavə etmişdi. Üstəlik, döyüş bölgələrində çarəsiz qalan qadınlara, uşaqlara, qocalara qucaq açaraq, onları öz doğma ailə üzvləri kimi evində saxlamışdı. Bu günün özündə də Xanoğlan müəllimin Murov dağlarındakı şücaətləri barədə danışılır, onun düşmənlə üz-üzə dayanaraq, ona qan uddurması xatırlanır. Ümumiyyətlə, bu qeyrət mücəssəməsinin ifadəolunmayacaq dərəcədə ali nümunəsi idi əslində.

Bu arada onun Bərdədəki xidməti barədə bir qeyd nəzərimi cəlb etdi: “95 min məcburi köçkünün məskunlaşdığı bir şəraitdə, Bərdə rayonunun hüquq mühafizə orqanları tərəfindən görülən tədbirlər nəticəsində, xüsusilə, prokuror Xanoğlan Şıxəliyevin səylərinə görə həmin bölgədə ciddi narahatçılıqlara yol verilmirdi…”.

O, cəmi bir ildə on ilin işini icra edən bir peşəkar prokuror idi

Sonrakı illərdə prokurorluq fəaliyyətini ölkəmizin cənubunda – Cəlilabadda həyata keçirən Xanoğlan Şıxəliyev orada da yaşayan əhali arasında xüsusi hörmətə və izzətə sahib olub. Maraqlısı da budur ki, o çalışdığı hər yerdə çətin sınaqlarla, imtahanlarla üz-üzə, qarşı-qarşıya qalıb. Daha bir xatırlatmaya nəzər salaq: “Onun rayon prokuroru işlədiyi vaxt məlumat daxil olur ki, bir nəfər şəxs əlində qumbara özünü və ailəsini məhv etməyə cəhd göstərir. Təxirə salmadan hadisə yerinə yollanan Xanoğlan müəllim qəhrəmanlıq göstərərək, bu hadisənin qarşısını alır. Ümumiyyətlə, bəlkə də onlarla bənzər hadisələri yaşayan bu böyük insan sonralar vəzifə borcunu ləyaqətlə yerinə yetirdiyinə görə dövlətimiz tərəfindən mükafatlara layiq görülüb”.

Bax, belə mərd kişi idi Xanoğlan müəllim. Onun sadəcə, bir ildə göstərdiyi fəaliyyət statistikası da çox maraqlıdır - Xanoğlan Şıxəliyev bir illik fəaliyyətində 45 (!) cinayət işinin istintaqını tamamlayaraq məhkəməyə göndərib, 16 qəsdən adamöldürmə hadisəsindən isə 15-nin üstünü açıb. O, cəmi bir ildə on ilin işini icra edən bir peşəkar prokuror idi. Bu bir illik fəaliyyətində maksimum nəticə göstərən prokuror Xanoğlan Şıxəliyevə Baş ədliyyə müşaviri rütbəsi verilib. Bərdədə çalışdığı dönəmdə, Murovda göstərdiyi xidmətə görə "İgidlik ordeni "ilə təltif edilib”. Bu, sadəcə bir ilin statistikasıdır, İndi görün, onun illərlə çalışdığı bu sahədə neçə-neçə saysız-hesabsız uğurları olub!

Ot öz kökü üzərində bitər...

Xanoğlan Şıxəliyev Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyev ideologiyasını ən yüksək şəkildə dəyərləndirən Vətən oğullarımızdan biridir. Onun, Ulu Öndərimiz Heydər Əliyevlə bağlı 2 kitabı - "Heydər Əliyev çörəyi" və "Heydər Əliyev okulu" adlı kitabları işıq üzü görüb. Həm də tükənməz yaradıcılıq potensialına malik olan Xanoğlan müəllim kitab və məqalələrinə görə "Qızıl Qələm" mükafatına layiq görülüb. Ümumiyyətlə, 56 illik ömrü ilə ideal insan ola bilmək düsturunu yazmış Xanoğlan müəllim canlı məktəb idi və bu gün həmin məktəb yaşayır, yaşadılır.

Yeri gəlmişkən, bu gün Xanoğlan Şıxəliyevin əbədiyyətə qovuşduğu gündür. Və nəinki bu gün, hər gün onun övladları Xanoğlan müəllimin barəsində ən gözəl xatirələrini bölüşürlər.

Bu gün Xanoğlan müəllimin qız övladı, Azərbaycanın tanınmış təhsil işçisi, ictimai fəal, Azərbaycan Alpaqut Federasiyasının vitse-prezidenti Nuranə xanım Şıxəliyeva atası haqqında öz fikirlərini bölüşüb: “O, dünyaya övlad kimi gəldi, amma əslində o, artıq bir neçə insan oldu. Gözəl atam, həm oğul oldun, həm qardaş, həm əmi oldun, həm fəxarətli dayı – qohum, əqraba, hər kəsə əl uzadıb can yandırdın, problemlərinə şərik, dərdlərinə qızıl açar oldun. Sədaqətli dost oldun, bir sevgili, bir ər oldun, Vətənini qoruyan bir əsgər oldun, dövlətinə xidmət edən cəsarətli, layiqli bir vətəndaş oldun, ən əsası isə misli, tayı-bərabər olmayan bir ATA, ailə başçısı və bir də BABA oldun! Bu qədər insanı daxilində saxlayan bir varlıq, bu qədər missiyaların hamısını, hünərlə, layiqincə yerinə yetirə bildin. Tərəziyə qoyulan əməllərin içində yaxşılıqlar daha ağır gəldi. Mən, bu qədər şəxsiyyəti içində daşıyan və ən əsası, ATA missiyasını layiqincə yerinə yetirən ATAM haqqında yazıram…”.

Bəli, bu, Nuranə xanımın atası Xanoğlan müəllim barədə dediyi füsunkar, sonsuz sevgi və kədərlə dolu olan hicranlı sözləridir. Ürək dağlayır bu sözlər, amma eyni zamanda qürur doğurur. Qürur doğurur ki, belə bir ATANIN belə də bir ÖVLADI var. Elə atalarımız demişkən, ot öz kökü üzərində bitər. Çünki bu gün Xanoğlan Şıxəliyev həyatını onun qız övladı - dövlətinə, Vətəninə sədaqəti ilə seçilən Nuranə xanım davam etdirir. Zamanında ona verilmiş ATA nəsihəti, ATA dərsi və ATA örnəyi ilə. Allah Xanoğlan müəllimə rəhmət eləsin!

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə