Toylarda yemək verilməli, yoxsa verilməməlidir? - Paytaxt sakinləri - SORĞU

Toylarda yemək verilməli, yoxsa verilməməlidir? - Paytaxt sakinləri - SORĞU

Bildiyiniz kimi Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən iyul ayının 1-dən toyların keçirilməsinə icazə verilib. Toyların keçirilməsi zamanı sosial məsafə qaydalarının nəzərə alınaraq təşkil olunmasına və qonaqlara 50-150 nəfərə qədər icazə verilməsi nəzərdə tutulur. Son günlər sosial şəbəkələrdə yayılan məlumatlara əsasən isə toylarda yemək verilməyəcəyi barədə yazılar dərc olunmaqdadır. Bəs bu barədə paytaxt sakinləri nə düşünür. Bununla bağlı SİA paytaxt sakinlərinin fikirlərini öyrənib.

Paytaxt sakini Rövşən Abbasov: “Mənim fikrimcə pandemiyadan əvvəl 400- 500 və daha çox qonaq olan toy şənlikləri keçiriliib. Və toylarda israfçılıq halları çox olub. Daha sonra pandemiya səbəbindən bildiyiniz kimi toylara icazə verilmədi. İndi isə yenidən toyların keçirilməsinə icazə verildi, amma artıq çox adamlı toylar yerinə daha az qonaq olan toylar keçiriləcək. Bizim xalqımız keçmişdən toylarını təmtəraqla keçirməyi sevirdi. Bu hal artıq bizim adət-ənənə halını almışdı və israfçılıq halları çox olurdu. Mənim şəxsi fikrimcə, toylarda yeməy verilə bilər amma çeşidlər azalmalı, hər bir qonaqın yeyəcəyi qədər yeməklər hazırlanmalıdır”.

Paytaxt sakini Nicat Məmmədov: “Mən onu deyə bilərəm ki, toylarda qonaqlara yemək verilməlidir amma qədərində yəni ki, toy sahibi özü də anlamalıdır ki, pandemiya dövrüdür, yay ayıdır havalar isti olur və insanlar yay aylarında ağır qidalar qəbul edə bilmir. Bildiyiniz kimi pandemiya səbəbindən toylarda vaxt məhdudiyyəti olacaq. Onun üçün də toy sahibi vaxt məhdudiyyətini nəzərə alaraq, həm çox bəd xərclik etməməsi üçün, həm də israfçılıq hallarının baş verməməsi üçün yemək çeşidlərini az edərək qonaqlara təqdim etməlidir”.

Paytaxt sakini Məlahət Məmmədova: “ Mən onu deyə bilərəm ki, toylarda yemək verilməsi bizim keçmiş adət-ənənələrimizdən biridir. Müqayisə edərsək, Türkiyədə toy şənliklərində sadəcə şirniyyat və limonat verilir amma bizim ölkəmizdə keçirilən toy şənliklərində istər pandemiyadan əvvəl istərsə də pandemiya dövründə keçiriləcək toylarda çoxlu sayda çeşid olan yeməklər verilir və bunun da nəticəsində israfçılıq halları baş verir. İnsanlar toya əylənmək, toy sahibinin sevincinə şərik olmaq, vaxtını gözəl keçirmək üçün gəlir. Buradan toy sahiblərinə deyə bilərəm ki, çeşidləri azaldaraq yeməklər verilə bilər amma çalışmalıdırlar ki, israfçılıq etməsinlər”.

Paytaxt sakini Sadiq Fərhadlı: “Mən onu deyə bilərəm ki, toylarda yeməyin verilib-verilməməsi şərt deyil. Əsas ailə quran gənclər yəni, bəylə gəlin xoşbəxt olsun. Çünki bir ilə yaxındır ki, toyların keçirilməsinə icazə verilmirdi, gənclər xeyir işlərin edə bilmirdilər. İndi isə toylara icazə verilib və yenidən xeyir işlər keçirilir. Əsas odur ora gələn qonaqlar da yeni qurulan ailənin sevincinə şərik olsun".

Paytaxt sakini Əlizamin Yunuszadə: “Mənim fikrimcə toyların açılmasını vətəndaşlar çoxdan gözləyirdilər. toyda yeməklərin verilməsi ənənəvi qaydada yəni pandemiyadan əvvəl necə idisə indidə elə verilməlidir və gələn qonaqlar razı qalıb getməlidirlər. Sadəcə toya gələn qonaqlar sosial məsafəyə diqqət etməlidirlər. Yenidən virusa yoluxma halları çox olmasın və toylar davam etsin. Belə deyə bilərəm ki, toy sahibləri yeməklərin verilməsini problem etməyəcəklər amma çalışmalıdırlar ki israfçılıq etməsinlər. Əsas odur ki, yeni ailə quracaq gənclər xoşbəxt olsunlar”.

Paytaxt sakini Razim Əbdürrəhmanov: “Əlbəttə toylarda yemək verilməlidir. İnsanlar toya yemək yeməyə, əylənməyə gedirlər. Düzdü əvvəl ki, toylarda qonaqlar çox olurdu, yeməklər də çox olurdu. İndi isə pandemiyadı qonaq sayının az olmasını nəzərə alarsaq, toy sahibi yemək çeşidlərini azaldaraq həm öz büdcəsinə uyğun, həm də qonaqlara uyğun yeməklər verə bilər”.

Paytaxt sakini Qönçə Quliyeva: “Ümumiyyətlə toylarda yemək verilməsi mənim üçün çoxda önəmli deyil. Mənim fikrimcə, toylarda yemək verilməsi və digər şeylərin xərcləri azaldılamlıdır və daha sərfəli toyların keçirlməsi vacibdir. Belə deyə bilərəm ki, toy sahibi müxtəlif növ çeşiddə yeməklər verir və sonda artıq qalan yeməklər israfçılıqa gətirib çıxarır”

Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə