Məktəbəqədər təhsilin yalnız orta məktəblərdə keçirilə biləcəyi - FİKİRLƏRİ ABSURDDUR

“Uşaqların cəmiyyətə düzgün inteqrasiyası, ünsiyyət mədəniyyəti, ətraf aləmi dərk etmək və bundan doğan sualların düzgün cavabını almaq baxımından körpələr evi - uşaq bağçasının analoqu yoxdur”.

Bu fikirləri SİA-ya açıqlamasında “BUTA” körpələr evi - uşaq bağçasının rəhbəri Günay Ağamalı deyib.

Onun sözlərinə görə, bağça həm də fidanlarımızın həyata atığı ilk qədəmlərdir: “Daha doğrusu uşaqlar sosial mühitə uşaq bağçalarından başlayırlar və bu onların uğurlu gələcəkləri üçün doğru qərardır. Ümumiyyətlə müqayisə etdikdə məktəbəqədər təhsil müəsissələrində təlim - tərbiyə prosesinə qatılan və qatılmayan uşaqlar arasında çox fərqlərlə qaşılaşırıq. “Təhsil haqqında” qanununda uşaq bağçaları təhsil sisteminin ilk pilləsi kimi təsbit olunub. Son dəyişikliyə görə məktəbəqədər təhsilə uşaqlar 1 yaşından qəbul olunur. Bu dəyişikliyin kifayət qədər ciddi əsasları var. Uşağın nitq mənimsəməsi 1 yaşından başladığı üçün ona həm psixoloji, həm də pedaqoji baxımdan pəşəkar yanaşmağa ciddi ehtiyac duyulur. Təbii ki, bu məsələdə məktəbəqədər təhsil müəssisələrinin bu baxımdan rolu danılmazdır. Bir sözlə uşaqların hərtərəfli və intellektual inkişafının təməli məhz körpələr evi - uşaq bağçalarında qoyulur. Uşaq bağçasının üzərinə düşən sonuncu missiya körpələrimizi məktəbə hazırlamaqdır. Təcrübədən söyləyə bilərəm ki, kiçik yaşlarından məktəbəqədər təhsilə cəlb olunan fidanlarımız 5 yaşında məktəbə hazırlıq proqramını çox asanlıqla və uğurla mənimsəyə bilirlər. Onlar artıq adaptasiya olunmuş, sosiallaşmış olurlar”.

G.Ağamalı təəssüflə qeyd edir ki, uşaqlara orta məktəblərdə məktəbə hazırlıq proqramının ancaq orta məktəblərdə keçirilməsinin vacibliyi haqqında fikirlər səsləndirilir: “Bu fikirlər kökündən yanlış fikirlərdir. Bu cür yanaşmalar valideynləri çaşqın vəziyyətə salmaqla bərabər körpələr evi - uşaq bağçalarının qanunla müəyyən olunmuş hüquqlarını pozmağa xidmət edir. Dəyərli valideynlərin diqqətinə çatdırmağı vacib hesab edirəm ki, bu cür əsası olmayan çağırışlara əhəmiyyət verməsinlər. Ümidvaram ki, Təhsil Nazirliyi də öz növbəsində körpələr evi - uşaq bağçalarının hüquqlarının pozulmasına və fəaliyyətinin məhdudlaşdırılmasına xidmət edən qeyri-qanuni çağırışların qarşısının alınması üçün ciddi addımlar atacaq”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə