"Metroda sıxlıq yaranmaması üçün sərnişinlər..." - QURUM RƏSMİSİ AÇIQLADI

"Metroda sıxlıq yaranmaması üçün sərnişinlər..." - QURUM RƏSMİSİ AÇIQLADI

“Bakı Metropolitenində eskalatorlarla bağlı məsələ apardığımız gündəlik monitorinqlərin tərkib hissəsidir. Tək metronun "Sahil" stansiyasında deyil, ümumiyyətlə bütün stansiyalarda eskalatorların iş rejimi və fəaliyyəti müntəzəm olaraq araşdırılıb təhlil olunur. Sərnişin axını öyrənilir və ona uyğun qərar verilir. Həmin stansiyada indiyə qədər xüsusi bir sıxlıq müşahidə olunmayıb. Bu məsələlərin hər biri nəzərə alınır və alınacaq. Güclü narahatlıq yarada biləcək hər hansısa bir hal hələ ki, müşahidə olunmayıb. Sadəcə olaraq, mövcud vəziyyətdə hər birimiz bilirik ki, sosial məsafənin qorunması üçün bizdən asılı olan vacib işləri yerinə yetirməliyik. Bu da eyni zamanda sərnişinlərin platforma boyunca bərabər paylanaraq və məsafə saxlayaraq eskalatora çıxmasını tələb edir. Buna həm Bakı Metropoliteni, həm də sərnişinlər öz tərəfindən bir qədər diqqətli olmalıdır. Bu səbəbdən də biz sərnişinlərə daim müraciət edirik ki, sosial məsafəni saxlayın. Bu müraciətlər bütün stansiyalarda olur. Mövcud vəziyyətdə həmin eskalatorların iş rejimi diqqət altındadır. Əlbəttə ki, sıxlıqla bağlı hər hansı bir dəyişiklik olarsa, eskalatorların iş rejimi də avtomatik olaraq dərhal dəyişdiriləcək”. Bu sözləri SİA-ya açıqlamasında Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov.

Onun sözlərinə görə, eskalatoru uzun müddət səmərəsiz işlətmək elektrik enerjisinə qənaət və digər məsələlər baxımından problem yaradır: “Yəni mövcud dövrdə, pandemiya şəraitində biz ona görə sərnişinlərə müraciət edirik ki, birlikdə güclü olmaq və birlikdə qalib gəlmək məhz bu prinsiplərə söykənir. Bir-birimizi anlayışla qarşılamalıyıq”.

Qurum rəsmisi fikirlərini belə davam etdirib: “Sərnişinlər də maksimum dərəcədə sıxlıq yaratmamağa çalışmalıdır. Bu eyni zamanda Bakı Metropolitenindən istifadə qaydalarında da nəzərdə tutulmuş bir məsələdir. Yəni, sərnişinlər də istər platforma, istər stansiya girişində, istər kassa zalında bərabər paylanma qaydalarına riayət etməlidirlər”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə