SİA sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynovanın müsahibəsini təqdim edir:
- Bildiyimiz kimi yay aylarında insanlar ən çox dieta haqqında düşünür. Yayda qida rejimimizi necə təmin etməliyik və daha çox hansı qidalara üstünlük verməliyik?
- Yay mövsümü gələn kimi əsas diqqət çəki atmaqdır. Çəki atmaq yalnız görünüş üçün deyil, sağlamlığa da xeyirlidir. Yayda daha çox tez həzm olunan daha yüngül yeməklərə üstünlük versinlər. Bunlara da tərəvəzlərlə hazırlanan qidalar daxildir. Ət məhsullarının həftədə 2 dəfə olmaqla müəyyən miqdarda qəbul olunması məsləhət görülür. Xüsusilə, qatıq və süd məhsullarından daha çox istifadə edin. Həmçinin, meyvə-tərəvəz də qida rasionumuzdan əskik olmamalıdır.Su miqdarını da düzgün şəkildə təmin etmək lazımdır.
- Bir çox insanlar qeyd edir ki, yayda ağır yeməklər yemək olmaz. Yayda ət, xəngəl, xaş kimi yağlı yeməklər qəbul etmək nə dərəcədə düzgündür?
- Daha çox yüngül yeməklərə üstünlük verilməlidir. Ət isə həftədə 2 dəfə qırmızı ət olmaqla, balıq və quş ətlərindən istifadə edin. Bir porsiyada maksimum 100 qram ət olsa daha yaxşıdı. Ət zülal tərkibli olduğu üçün, bəzən bu miqdarı keçdikdə zərərlərini göstərir. Çünki, orqanizmdə zülalın parçalanma məhsulları böyrəklə xaric olunduğundan təbii ki bu artıq olduqda böyrəklər yüklənməyə başlayır. Ona görə də ağır yeməkləri az miqdarda və məsafəli vaxtlarda istehlak etməliyik.
- Yay meyvələrindən olan qarpızın may ayında satılması düzgündür?
- Azərbaycan üçün qarpızın yetişmə vaxtları iyul ayının sonu və avqust aylarıdır. Sağlam qarpız yemək istəyiriksə, onu zamanında yeyək. Bazar və marketlərdə bəzəkli qarpızlar diqqət çəkir. Lakin bu heç də belə deyil. Dəfələrlə AQTA tərəfindən aparılan yoxlamalarda bu qarpızların tərkibində həddindən artıq nitrat olduğu aşkar olunub. Bu nitrat qarpızın süni yolla tez yetişməsi üçündür. Bununla da orqanizmimizdə zəhərlənmə və digər mənfi əlamətlər özünü göstərir. Eyni zamanda bu nitrat bağırsaqlarda zəhərli olan nitrit maddəsinə çevrilir ki, bu da konserogen maddə hesab olunur. Təbii ki, bu miqdarından asılı olaraq, dərhal reaksiya göstərməyə bilər. Ürəkbulanma, başgicəllənmə və ishal kimi xüsusiyyətlər özünü dərhal göstərə bilər.
- Deyilir ki, bu qarpızların 30 faizi sudan, 70 faizi isə insan orqanizmi üçün faydalı olmayan elementlərdən ibarətdir. Bu doğrudur?
- Bəli, doğrudur. Çünki, nəinki qarpız, süni şəkildə yetişdirilən bir çox meyvə-tərəvəz sadəcə kütlədən ibarətdir. Bu kimyəvi qatqı maddələri ilə dolu dərman bombasıdır. Yəni, orada heç bir qida dəyərindən söhbət gedə bilməz. Sadəcə o forma və rəngi almaq üçün istiafə olunan maddələrdir. Bəzən biz özümüz də qarpızı kəsib günlərlə saxlayaraq, zəhərli hala gətiririk. Yaxşı olar ki, çox böyük qarpızlar alınmasın.
- Market və bazarlarda tez-tez geni dəyişdirilmiş tərəvəzlərlə qarşılaşırıq. Bu nədən irəli gəlir?
- Hal-hazırda ümumiyyətlə gənclər və insanlar arasında “gəncləşən ölümlər” yaranıb. Bunun səbəbi geni dəyişdirilmiş orqanizmlərdir. Baxmayaraq ki, bunların Azərbaycanda satılması və istehlakı qadağandır, ancaq qeyri-qanuni yolla bazarlara yol açır. İstehlakçılara onu tövsiyə edərdim ki, ənənəvi meyvə-tərəvəz seçsinlər.
- Marketlərdə uşaqların sevdiyi məhsullar hansı yağlardan hazırlanır? Yəni, bunların tərkibində nə var ki, xarab olmur?
- Qatqı maddələri həddindən artıq çoxdur. Çünki, hal-hazırda bazar iqtisadiyyatı elə bir vəziyyətə gəlib çatıb ki, marketdən məhsul almaq istəyiriksə, saatlarla qalıb məhsulun tərkibini oxuyub ən yaxşısını seçməliyik. Ümumiyyətlə, paketlənmiş qidaların əksəriyyətindən uzaq durmaq lazımdır. Xüsusilə də, uşaqların çox sevdiyi və mənşəyi bilinməyən ucuz məhsullardan. Bunların hər birinin tərkibində asılılıq yaradan maddələrlə yanaşı, yüksək şəkər var ki, şəkər də ən təhlükəli xəstəliklərin mənbəyidir.
- Nəyə görə yerli məhsullara inam azdır?
- Bu məqamı vurğulamaq istəyirəm ki, əgər biz sağlamlığımızı düşünürüksə, öz torpağımızda yetişən meyvə-tərəvəzləri yeməliyik. Çünki, genetik olaraq, onların həzmi daha rahat olacaq. Bir məsələ də var ki, insanlar görüntüyə çox önəm verirlər. Buna görə də, yerli meyvə tərəvəzlər əvəzinə, süni bəzəkli məhsullara üstünlük verilir.
- İnsanlar daha çox hansı qidalardan zəhərlənir? Qida seçərkən başlıca olaraq nəyə diqqət edilməlidir?
- Çox vacib məqamdır. Qida zəhərlənməsinə həm keyfiyyətsiz, həm də vaxtı keçmiş qidalar səbəb ola bilər. Buna ət və süd məhsulları, yumurta və s. aiddir. Bu məhsulların bişirilmə qaydalarına riayət etsinlər və soyuq şəraitdə saxlasınlar.
- İnsanların aqressiv olmasında qidaların nə dərəcədə rolu var?
- Qida qatqı maddələri hər orqanizmə fərqli təsir göstərə bilər. Ancaq, fərqli təsir göstərməklə yanaşı eyni zamanda da, aqressivləşdirir. Biz bunlara xüsusilə də, şirin şəkər məhsullarını misal göstəririk. Lakin, şəkər heç də yalnız şokaladın və ya hər hansı şirniyyatın tərkibində olmur. Restoranlarda yediyimiz adi mərci şorbasında belə 1 porsiyasında 12 qramdan çox şəkər var. Və yaxud digər qızartma və salat souslarıdır ki, bunların tərkibində də şəkər və qatqı maddələri var. Şəkərin də həddindən çox istehlakı birbaşa aqrressivliyə yol açır. Eyni zamanda, şəkərli təamlar təhlükəli xəstəliklərin başlanğıcıdır.
- Qazlı və rəngli içkilərin nə kimi ziyanı var? Bunlardan uzaq durmaq üçün hansı alternativlər var?
- Bu qidaların tərkibində şəkərlə yanaşı, monopotasyum qülokamat var ki, bu da əgər 25 yaşa qədərki dövrdürsə, orqanizmin inkişafını dayandıraraq ləngidir və yaddaşı zəiflədir. Zaman-zaman çox istifadə etdikdə gözlərdə də zəifləmə yaranır. Reklam vasitəsilə tanınmış idmançılar və dietoloqlar bu içkilərdən istifadə edirlər. Bu gənclərə mənfi örnəkdir. Onlardan xahiş edirəm ki, ucuz reklam vasitəsinə çevrilməsinlər.
- Yayın vazkeçilməz qidalarından biri də dondurmalardır. Bəs keyfiyyətli dondurma necə olmalıdır? Dondurma alarkən ilk hansı amillərə diqqət etməliyik?
-Keyfiyyətli dondurma çox faydalı bir qidadır. Tərkibi kərə yağı, süd və qaymaqdan ibarət olmalıdır. Bəzən o qədər ucuz dondurmalar olur ki, artıq burda onun tərkibində nə kərə yağı, nə də süd olduğu aydın olur. Ucuz dondurmalardakı acılıq tamı tərkibindəki trans yağdan irəli gəlir. Keyfiyyətli dondurma seçərkən paketin zədələnmiş olmamasına diqqət yetirmək lazımdır. Əgər paketin üzərindəki yazılar silinibsə, deməli bu dondurma dondurulub sonra buzu açılıb. Yəni köhnə dondurmadır. Dondurma yeməkdən sonra deyil, hər hansı yeməyi onla əvəz edəcəyimiz vaxt yeyilməlidir. Ümumumilikdə isə dondurma yemə miqdarı 100 milliqramı keçməməlidir. Çünki, dondurma həddindən artıq kolorilidir və artıq çəkiyə səbəb olur. Onu da qeyd edim ki, süd məhsulları və dondurmaların açıq şəkildə günəş şüası altında qalması məsləhət deyil.
- Bəs, ev şəraitində necə dondurma hazırlamaq olar?
- Bunun reseptləri çoxdur. Öz ağız dadımıza uyğun olaraq, şirin meyvə və balla dadlandıra bilərik. Ən maraqlı resept isə xurmadan hazırlanan dondurmadır. 4-5 xurma, 1 stək süd blendrdan keçirilir. Üzərinə 1 yemək qaşığı həcmində kərə yağı əlavə olunur. Hamısı blendirdən keçirildikdən sonra üzərinə təmiz kakao əlavə edib dondururuq.
- Hansı qidalar insanlarımızı koronavirusdan qoruyur?
- Ümumiyyətlə, sağlam qidalanma vərdişləri və sağlam qidaların hamısı immun sistemimizin güclənməsinə kömək edir ki, bu da birbaşa bizi bütün viruslardan qoruyur.
- Göyərtilərin istifadə qaydası necə olmalıdır?
- Ümumiyyətlə, göyərtilər çox faydalıdır. Lakin, düzgün təmizlənmədikdə və gigiyena qaydalarına əməl olunmadıqda təhlükəyə də çevrilə bilər. Ona görə yaxşı olar ki, göyərti aldıqda istehlak edəcəyimiz qədər alaq. Göyərti təmizlənib yuyulduqdan sonra dərhal süfrəyə verilməlidir. Əgər artıq qalıbsa, yuyulmadan saxlanılmalıdır. Sərt yeməklərin yanında(məsələn, ət və digər yağlı qidalar) mütləq şəkildə göyərti olmalıdır. Bu həzm prosesini yüngülləşdirəcək. Digərləri kimi göyərtilər də öz mövsümündə yeyilməlidir. Onlar üçün ən ideal mövsüm yaz və yaydır. Göyərtilər içərisindən turp çox faydalıdır və antioksidant tərkiblidir. Turpun ən faydalı hissəsi atdığımız yaşıllıq bölgəsidir. Onu atmayın, yeyin. Əgər o hissəni çiy şəkildə yeyə bilmirsinizsə, kükü şəklində bişirib istehlak edin.
- Nəfəs darlığı və allergiya üçün hansı qidalar faydalıdır?
- Bunu hər hansı qidaya bağlayaraq problemi həll etmək yanlışdır. İlk olaraq allergiyanın səbəbi müəyyənləşdirilməlidir. Lakin, ən təhlükəli allergiyalar qidalardan qaynaqlanır.
- Şəkər xəstələri üçün hansı qidalar qəbul olunmalıdır?
- Şəkər günümüzdə ən çox yayılmış xəstəliklərdən biri hesab olunur. Uzun illərdir bununla mübarizə aparsaq da, şəkərli qidalar və düzgün qidalanmama stress amili də daxil olmaqla şəkər xəstəliyinə səbəb olur. Lakin, şəkər xəstəliyi deyərdim ki, bir həyat tərzidir. Şəkər xəstələrinin qidalanması bir növ hamilə qadınlara bənzəyir. Az-az, tez-tez, yüngül və tez həzm olunan qidalardan istifadə etsələr, ağ undan tamamilə uzaq qalsalar və meyvə miqdarını aşmamaq şərti ilə (çünki meyvənin də tərkibində şəkər var) qidalansalar daha yaxşı olar.
- Bəs, təzyiqi olanlar daha çox hansı qidalardan istifadə etməlidir?
- Ümumiyyətlə, təzyiq və ya digər xəstəliklərə hər hansı bir əlamətlə dioqnoz qoymaq düzgün deyil. Təzyiq yuxarıdırsa, limonlu su və yaxud digər C vitaminli turş meyvələr kömək ola bilər. Lakin, bu da xəstəlik halı olmayaq təzyiq üçün yaxşıdır.
- Hazır farş əti alarkən nəyə diqqət yetirilməlidir?
- Ət barəsində edilən ən çox hiylə farşda olur. Çünki, ətin ən lazımsız hissələri farş ətə çəkilir. Təbii ki, bu işin birinci tərəfidir. Onun nə qədər müddət saxlanılması da ikinci məsələdir. Həmçinin, ət çəkilən maşınlar ki var, onlar mütəmadi olaraq təmizlənilməlidir. Mən, farş ətin alınmasının tərəfdarı deyiləm. Tikə ət alıb özümüzün evdə çəkməyi daha məsləhətlidir.
- Donmuş soyuq içkilərin nə kimi ziyanı var?
- Soyuq su orqanizm üçün çox zərərlidir. Soyuq du damağ ağrısına, diş emalının çatlamasına səbəb olur, mədədə şok effekti verir. Onu da qeyd edim ki, soyuq su heç də susuzluğu yatırmır. Suyun ən ideal içilmə dərəcəsi otaq tempraturudur.
- “Fast food” qidalar hansı təhlükələrə yol aça bilər?
- Bu qidalarda keyfiyyətdən söhbət gedə bilməz. Bunlar sağlamlığa zərər vurmaqla yanaşı, quru olduğu üçün mədədə xora xəstəliyinə də şərait yaradır. Ona görə gənclərin hər birində mədə problemi olur. Ən təhlükəli vəziyyət isə bu qidaların gündəlik istifadəsidir.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB