98 yaşlı azərbaycanlı veteran Qələbənin sirrini danışdı - VİDEO

98 yaşlı azərbaycanlı veteran Qələbənin sirrini danışdı  - VİDEO

"Moskva-Bakı" informasiya portalı və Azərbaycandakı Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi "Salam, Bakı!" birgə layihəsini davam etdirir. Böyük Vətən Müharibəsindəki qələbənin 76-cı ildönümü ərəfəsində “Moskva-Bakı”nın jurnalisti Samira Kazımova müharibə veteranını ziyarət edib. 98 yaşlı Əsgər Ağayev müharibədən danışmağı sevmir. Bu, çox acı xatirələr və ağrılar oyadır onda. 70 ildən çox bir müddətdən sonra da veteran bütün silahdaşlarını xatırlayır. “Müharibə qorxuncdur. Silah yoldaşlarımın necə məhv olduğunu, insanların ən yaxınlarını və əzizlərini necə itirdiyini gördüm. Və bunun bir daha təkrarlanmaması üçün mümkün olan hər şeyi etməliyik”-veteran deyir.

Əsgər Ağayev Bakıda anadan olub. Gənc yaşlarında valideynlərini itirib. Qardaş və bacıları yox idi. Nənəsi tərəfindən böyüdülmüşdür. Əsgər 1940-cı ildə orduya çağırılıb. Rus dilini bilmirdi, ancaq fiziki göstəricilərinə görə donanmada xidmət üçün uyğun idi və Sevastopola göndərilib. Bir sualtı qayıqda siqnal operatoru olub. Müharibə başlayanda 19 yaşlı dənizçi Kerçə göndərilib. Şəhər uğrunda gedən şiddətli döyüşlərdə iştirak etmiş və bir neçə dəfə yaralanmışdır. “Heç birimiz ölüm haqqında düşünmədik. Vətənimizi qorumağın müqəddəs borcumuz olduğunu bilirdik. Hər birimiz döyüşdə ölməyə hazır idik”-azərbaycanlı veteran deyir.

İki il sonra Əsgər Sevastopola xüsusi tapşırıqla çağırılıb. Komandir tapşırığı elan edir, əsgərlər bütün əmrləri ciddi şəkildə yerinə yetirməlidirlər. Beləliklə, Qara dənizdən Aralıq dənizi, Cəbəllütariq Boğazını keçərək Atlantik Okeanından Amerikaya üzürlər.

Geri qayıdanda qayıqları batdığı üçün Fransayadək 4 kilometr üzməli olurlar. Dənizçilər sahilə çatmalı və yemək axtarmalı idilər. Əsgər Ağayev dənizçilərin aclıqdan şişməyə başladıqları üçün sahil meşəsində tapdıqları jmıxı necə gəmirdiyini xatırladır. Gəminin heyəti möcüzəvi şəkildə xilas olur və Əsgər Ağayev Tbilisidə xəstəxanaya yerləşdirilir. Xəstəxanada müalicə edildikdən sonra Konstansa limanına (Rumıniya) göndərilir və 6 aydan sonra xidmətini qələbə ilə başa vurur.

“Qələbə Günü həyatımdakı ən xoşbəxt gün idi. Xatırlayıram ki, Almaniyanın təslim olduğunu öyrəndikdə, uşaqlar kimi sevindik. 1945-ci il mayın 9-da Qələbəni Rumıniyanın Konstansa şəhərində qarşıladım. Sovet ordusunun faşistlər üzərində qazandığı zəfər şərəfinə dostum Slaviklə şəkil çəkdirdim və bu şəkli hələ də hər yerdə özümlə gəzdirirəm. On illərdir ki, Slava və mən dostluq münasibətlərini qoruduq, telefonla və internetlə ünsiyyət qurduq. Ancaq bir neçə il əvvəl o, bu dünyanı tərk etdi, amma mən tez-tez onu düşünürəm. Yaxşı və etibarlı bir dost idi”- Əsgər Ağayev deyir.

Veteran əmindir ki, Sovet əsgərlərinin faşistləri məğlub etməsinə kömək edən əsas faktor dostluq, qardaşlıq və qarşılıqlı yardımdır.

“Müharibədə hamımız bərabər idik: azərbaycanlılar, ruslar, belaruslar, özbəklər, tatarlar, gürcülər… Orada heç kim bizi təcrübəli və təcrübəsiz olaraq bölmədi: sənə nə əmr verilibsə, onu da yerinə yetirirsən. Haraya göndərilirsənsə, ora da gedirsən. Bu müharibənin nəticəsinin hər birimizdən asılı olduğunu başa düşdük. Məndən tez-tez soruşurlar ki, Sovet xalqı Böyük Vətən müharibəsinə necə tab gətirə bildi? Güc dostluqda, birlikdədir. Qazandıq, çünki bir-birimizlə müharibə edən fərqli millətlər yox, vahid bir xalq olduq. Hər kəsin tək bir əsas hədəfi olduğu üçün qazandıq: nasistləri torpaqlarından qovmaq, vətənimizi, övladlarımızı qorumaq - bu, ümumi gələcək üçün mübarizə aparmaq deməkdir. Xalqa qələbədə kömək edən əsas amil budur”- veteran deyir.

Ağayev baş leytenant kimi ordudan tərxis olunaraq Moskvaya gedir və burada Kauçuk zavodunda işləyir. Sonra Bakıya qayıdır və 1948-ci ildə Politexnik İnstitutunun İnşaat fakültəsinin axşam şöbəsinə daxil olur. Uzun müddət Qlavbakstroyda inşaatçı işləmişdir. Sualtı gəmiçi Əsgər Ağayevin sinəsi orden və medallarla bəzədilib. Dörd övladı, 12 nəvəsi və 10 nəticəsi var.

Tərcümə - Elçin Bayramlı

https://www.youtube.com/watch?v=cgxSyUdv-7g

Bütün xəbərlər Facebook səhifəmizdə