Zərif və nəzakətli, alicənab və ziyalı Azərbaycan xanımı - ZƏRİFƏ ƏLİYEVA-98
Bu gün görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın anadan olmasının 98-ci ildönümüdür. Bu ərəfədə respublikada Zərifə xanım Əliyevanın həyat və fəaliyyətinə, zəngin elmi yaradıcılığına həsr olunan tədbirlər, humanitar aksiyalar keçirilir. Hər zaman olduğu kimi, bu il də Zərifə xanım Əliyevanın doğum günü təkcə görkəmli alimimizi yad etmək deyil, həm də insanları elmə, biliyə yiyələnməyə, humanist addımlar atmağa, nümunəvi vətəndaş olmağa çağırış mahiyyəti daşıyır. Azərbaycan xalqı özünün istedadlı şəxsiyyətləri, elm və mədəniyyət adamları, siyasi xadimləri ilə qürur duyur, onların xatirəsini əziz saxlayır. Bu baxımdan, görkəmli alim Zərifə xanım Əliyevanın zəngin həyat yolu hər bir azərbaycanlıya örnəkdir.
HAŞİYƏ: Azərbaycanın oftalmoloqu, Azərbaycan SSR əməkdar elm xadimi, tibb elmləri doktoru (1976), professor (1979), Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü (1983), əməkdar elm xadimi Zərifə Əziz qızı Əliyeva 28 aprel 1923-cü ildə Naxçıvan MR, indiki Şərur rayonunun Şahtaxtı kəndində həkim Əziz Əliyev və Leyla Əliyevanın ailəsində dünyaya göz açmışdır.
Həkimlər Tamerlan Əliyev, Cəmil Əliyevin və musiqiçi Gülarə Əliyevanın bacısı olan Zərifə xanım 1932-1942-ci illərdə orta məktəbdə təhsil almışdır. 1947-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmiş, 1948-ci ildə Moskva Mərkəzi Həkimləri Təkmilləşdirmə İstitutunda oftalmologiya ixtisası üzrə kurs keçmişdir. 1950-1953-cü illərdə aspiranturanı başa vurur. 1960-cı ildən tibb elmləri namizədi, 1977-ci ildən Tibb elmləri doktorudur.
1949-1950-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda elmi işçi, 1969-cu ildən isə Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda göz xəstəlikləri kafedrasının dosenti, professor, 1982-1985-ci illərdə görmə orqanlarının peşə patologiyası laboratoriyasının müdiri, oftalmologiya kafedrasının müdiri vəzifələrində çalışmışdır. Azərbaycan Elmlər Akademiyasının Fiziologiya İnstitutunda görmə orqanının peşə patologiyasının öyrənilməsi üzrə ixtisaslaşdırılmış elmi-tədqiqat laboratoriyasında az intensivli zəhərli istehsal sahələrində görmə orqanına fizioloji, klinik, funksional, histoloji mexanizmlərin təsirinin öyrənilməsi üzrə bir sıra qiymətli tədqiqatlar aparmışdır.
1954-cü ildə Heydər Əliyev ilə ailə qurmuş, 1955-ci il 18 oktyabr Sevil Əliyeva, 1961-ci il 24 dekabr İlham Əliyev dünyaya gəlmişdir.
1985-ci il aprel ayının 15-də Moskva şəhərində vəfat edən Zərifə xanım Əliyevanın cənazəsi 1994-cü ildə Moskvanın Novo-Deviçye qəbiristanlığından Bakıya gətirilərək, Fəxri Xiyabanda, atasının qəbri yanında dəfn olunmuşdur.

Z.Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri vardır. O, vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, dünya təcrübəsində birincilər sırasında peşə, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, o cümlədən "Terapevtik oftalmologiya", "İridodiaqnostikanın əsasları" kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. Z.Əliyeva yüksək ixtisaslı səhiyyə kadrları hazırlanmasına böyük əmək sərf etmişdir.
Akademik Zərifə Əliyeva Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti Rəyasət Heyətinin, Sovet Sülhü Müdafiə Komitəsinin, Azərbaycan Oftalmologiya Cəmiyyəti İdarə Heyətinin, "Vestnik oftalmoloqu" (Moskva) jurnalı redaksiya heyətinin üzvü idi.
Yüksək elmi nailiyyətlərinə görə 1980-ci ildə Azərbaycan əməkdar elm xadimi, 1981-ci ildə isə SSRİ Tibb Elmlər Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülmüşdür ilk qadındır.
Fəxri xiyabanda məzarı üstündə tuncdan heykəli ucaldılmışdır. Bakıda Göz xəstəlikləri İnstitutu, Naxçıvan şəhər poliklinikası onun adını daşıyır. Bakının Binəqədi rayonu ərazisində adına istirahət parkı salınmışdır. Bakı və Naxçıvanda küçə Zərifə Əliyevanın adını daşıyır. Bundan başqa Yasamal rayon ərazisində Zərifə Əliyevanın adını daşıyan lisey fəaliyyət göstərir.

1923-cü ilin ilıq bir bahar günü dünyaya gələn, ürəyində və əməllərində işıqlı amalları, nəcib duyğuları yaşadan, ləyaqətli bir ömür yaşayan Zərifə xanım Əliyevanın olduqca mənalı və zəngin həyat yolu, ailəsi, övladları, xalqı, dövlətinin xoşbəxtliyi uğrunda fədakarlığı nəinki bugünkü, həm də gələcək nəsillər üçün bir örnək və yaşam etalonudur. Zərifə xanım Əliyevanı yaxından tanıyanların, sağlığında onunla birlikdə işləmək, ictimai-mədəni tədbirlərdə birgə iştirak etmək səadətinə nail olanların hamısı bu zərif və nəzakətli, alicənab və ziyalı Azərbaycan xanımını, hər şeydən əvvəl, məhz sadə bir insan, olduqca səmimi, böyük mədəniyyət sahibi kimi səciyyələndirirlər.
Bəli, Zərifə xanım Əliyevanın parlaq səhifələrlə dolu zəngin ömür kitabında insanı özünə ən çox cəlb edən, ilk növbədə, onun analıq fenomenidir. Zərif xanımın, əsl ananın necə böyük qüdrət daşıması məgər möcüzə deyilmi? Dünyaya kamil insanlar bəxş etməyə, xalqların taleyində misilsiz iz qoymağa məgər analardan başqa kimsə qadirdirmi? Analar həm də böyük tale və xoşbəxtlik bəxş edə bilmək qüdrətinə malikdirlər. Zərifə xanım Əliyeva da bu baxımdan nadir, unikal bir qadın idi.
Hər şeydən öncə, Zərifə xanım Əliyevanın zəngin elmi irsi dünya oftalmologiyasına mühüm töhfələr verib. Onun elmi fəaliyyətinin əsas istiqamətini görmə orqanının peşə patologiyası müəyyənləşdirirdi. Bu sahə olduqca ağır idi. Onun araşdırılması təkcə dərin oftalmoloji savad yox, həm də fundamental təcrübi biliklər tələb edirdi. Bu keyfiyyətlər isə Zərifə Əliyevada var idi. Peşə oftalmologiyasının pioneri sayılan Zərifə xanım Əliyeva dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaratmışdı.
Azərbaycan oftalmologiyasını dünya səviyyəsində tanıdan Zərifə Əliyeva təbabətdə öz dəsti xətti olan novator alim idi. Bu istedadlı alimin gözün oftomoloji, histomikroskopik və histokimyəvi tədqiqi, klinik diaqnostika və s. istiqamətlərdə də dərin elmi araşdırmalar aparırdı. Bütün bu axtarışlarının nəticəsi olaraq o 1976-cı ildə vaxtilə ordinator olduğu Helmholts adına Mərkəzi Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda müvəffəqiyyətlə doktorluq disertasiyasını müdafiə etdi. Oftalmologiyada hadisəyə çevrilən bu müdafiədən bir müddət sonra o, kafedra müdiri seçildi.
Zərifə xanım göz xəstəliklərinə dair 140 elmi məqalə, bir neçə monoqrafiya və kitab yazıb, çap etdirdi. Çoxillik elmi axtarışlardan belə qənaətə gəlmişdi ki, xəstə gözlərin müalicəsi çətin və ağrılı prosesdir. Ona görə də o göz xəstəlikləri sahəsində profilaktika metodlarına daha çox əhəmiyyət verməyə başladı. Bu, həmin dövr üçün olduqca uzaqgörən və müasir bir məsələ idi. Zərifə xanım bu zəmində sonralar ona böyük şöhrət gətirmiş göz xəstəliklərinin profilaktikası üçün öz metodikasını hazırladı.

O, artıq elmin zirvəsində idi. 1983-cü ildə Zərifə Əliyevanın Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilməsi bunun təsdiqi oldu. O həm də keçmiş SSRİ-də ilk qadın həkim olaraq Tibb Elmləri Akademiyasının akademik Aberbax mükafatına layiq görüldü. Bunlar həm də onun apardığı çoxillik elmi-tədqiqatların yüksək səviyyəsinə, sosial əhəmiyyətinə, ictimai fəallığına, pedaqoji istedadına verilən yüksək qiymət idi. Onun alim şöhrəti artıq dünyanı dolaşmaqda idi.

Zərifə Əliyeva müxtəlif xəstəliklərin diaqnostikası və müalicəsi problemləri ilə yanaşı, həkim etikası və tibbi deontologiya məsələləri ilə də maraqlanıb. O, gənc həkimlərin tərbiyəsinə, onların peşə fəaliyyəti ilə bağlı problemlərinin öyrənilməsinə və həlli məsələlərinə böyük diqqət göstərib. Onun “Yüksək etimad” kitabı cəmiyyətdə həkimin şəxsiyyət kimi formalaşması prosesinə dəyərli töhfədir. Zərifə Əliyeva səhiyyədə kadr hazırlığına və həkimlərin ixtisasının təkmilləşdirilməsinə gərgin əmək sərf edib. Onun birbaşa rəhbərliyi altında cavan alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli formalaşıb. Diqqətəlayiq xidmətlərinə, çoxillik elmi-tədqiqat işlərinə görə professor Zərifə Əliyeva 1983-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının akademiki seçilib. Tibb sahəsində çoxşaxəli fəaliyyəti ilə bərabər, akademik Zərifə Əliyeva ictimai işlərdə də fəallıq göstərib, keçmiş SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, “Bilik” Cəmiyyəti İdarə Heyətinin və keçmiş İttifaqın Oftalmoloqları Elmi Cəmiyyəti İdarə Heyətinin üzvü olub. Zərifə xanım həm də “Oftalmologiya xəbərləri” jurnalının redaksiya heyətinin üzvü idi.
İnsanlarla mehribanlığı, dərin humanizmi Zərifə xanımın peşəsinə münasibətində də özünü aydın göstərirdi. O, haqlı olaraq hesab edirdi ki, həkimin peşə mövqeyi onun xəstəyə münasibətini müəyyənləşdirən başlıca amildir: “Yalnız o şəxs əsl həkimdir ki, xəstənin ağrılarını məhz özünün ağrıları hesab edir. Belə bir həkim üçün hər dəfə xəstəni qəbul etmək, hər dəfə xəstəliyə düçar olmuş insanla söhbət etmək həm xəstə qarşısında, həm də cəmiyyət qarşısında, ən başlıcası isə öz vicdanı qarşısında əxlaqi məsuliyyət deməkdir”.

Qeyd etdiyim kimi, elmi, ictimai fəaliyyətə paralel olaraq, Zərifə xanım həm də qayğıkeş ana, layiqli ömür-gün yoldaşı olub. Bu keyfiyyətləri o, öz ailəsində gördüyü yüksək mənəvi mühitdən qazanıb. Zərifə xanım və onun həyat yoldaşı, Ümummilli lider Heydər Əliyev sahib olduqları nəcib keyfiyyətləri, ali mənəvi dəyərləri layiqli vətəndaş kimi yetişdirdikləri övladlarına ötürüblər. Həm Zərifə xanım Əliyeva, həm də Ulu Öndər həyatlarının sonunadək gərgin fəaliyyətləri ilə ömürlərini Azərbaycana həsr ediblər. Zərifə xanım vəfalı həyat yoldaşı olmaqla bərabər, həm də Ulu Öndərə mənəvi dayaq olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB