Görkəmli oftalmoloq Zərifə Əliyevanın anım günüdür

Aprelin 15-i görkəmli oftalmoloq, əməkdar elm xadimi, tibb elmləri doktoru, professor Zərifə xanım Əliyevanın anım günüdür. Zərifə Əliyeva görkəmli dövlət xadimi Əziz Əliyevin qızıdır. Zərifə Əziz qızı Əliyeva 1923-cu il 28 aprel tarixində Naxcıvan Muxtar Respublikasında anadan olub.

1947-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib.1948-ci ildə Moskva Mərkəzi Həkimləri Təkmilləşdirmə İstitutunda oftalmologiya ixtisası üzrə kurs keçib. 1977-ci ildən Tibb elmləri doktorudur. 1969-cu ildən isə Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda göz xəstəlikləri kafedrasının dosenti, professor, 1982-1985-ci illərdə görmə orqanlarının peşə patologiyası laboratoriyasının müdiri, oftalmologiya kafedrasının müdiri vəzifələrində çalışıb.

1954-cü ildə Ulu Öndər Heydər Əliyev ilə ailə qurub, iki övladı dünyaya gəlib. Z.Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri vardır. O, vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, dünya təcrübəsində birincilər sırasında peşə, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, o cümlədən "Terapevtik oftalmologiya", "İridodiaqnostikanın əsasları" kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. Z.Əliyeva yüksək ixtisaslı səhiyyə kadrları hazırlanmasına böyük əmək sərf edib.

Yüksək elmi nailiyyətlərinə görə 1981-ci ildə isə SSRİ Tibb Elmlər Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülən ilk qadındır.

1985-ci il aprel ayının 15-də Moskva şəhərində vəfat edən Zərifə xanım Əliyevanın cənazəsi Bakıya gətirilərək Fəxri Xiyabanda, atasının qəbri yanında dəfn olunub.

Tibb elmləri doktoru, professor Zərifə Əliyevanın adına Fəxri xiyabanda məzarı üstündə tuncdan heykəli ucaldılıb. Bakıda Göz xəstəlikləri İnstitutu, Naxçıvan şəhər poliklinikası onun adını daşıyır. Bakının Binəqədi rayonu ərazisində adına istirahət parkı salınıb. Bakı və Naxçıvanda küçə Zərifə Əliyevanın adını daşıyır. Bundan başqa Yasamal rayon ərazisində Zərifə Əliyevanın adını daşıyan lisey fəaliyyət göstərir.

Zərifə Əliyeva Ulu Öndər Heydər Əliyevin həyat yoldaşıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin anasıdır.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə