Azadlıq verilmir, alınır, dayan!
Onun elçisidir ,ölüm, qan-qada
Ölümə ,cəfaya hazır olmayan
Millət hazır deyil azadlığa da.
Yalın əllər ilə tanklar üstünə
Atılan cavanlar, eşq olsun sizə!
(B.Vahabzadə)
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi XX yüzilliyin tarixinə ən faciəli münaqişələrdən biri kimi daxil olub və münaqişənin nəticələri milyonlarla azərbaycanlının taleyinə ciddi təsir göstərib. Bu faciə yalnız azərbaycanlıların deyil, ümumilikdə insanlığın faciəsidir.
1980-ci illərin sonlarında Ermənistanın Azərbaycanın əzəli torpaqlarına göz dikməsi nəticəsində etnik zəmində təxribatlar aparıb. Terror əməlləri ilə başlamış bu münaqişə Azərbaycana qarşı hərbi təcavüzlə nəticələnib. Bu işğal nəticəsində torpaqlarımızın təxminən 20 faizi Ermənistan tərəfindən zəbt edilib. Bir milyondan çox azərbaycanlı öz doğma, əzəli torpağından didərgin düşmüş, qaçqın və məcburi köçkün vəziyyətinə salınıb.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan azərbaycanlı əliyalın əhaliyə qarşı Xocalıda soyqırımı aktı törədib. Nəticədə xeyli hissəsi - 106-sı qadın, 63-ü uşaq olmaqla, 613 nəfər dinc sakin qətlə yetirilib. Xocalı soyqırımı 10-dan çox ölkə tərəfindən rəsmən tanınıb. Xocalı həqiqətlərinin dünyaya çatdırılması və bu soyqırıma obyektiv qiymət verilməsi üçün davamlı olaraq addımlar atılıb.
1993-cü il iyunun 15-də Ümummilli lider Heydər Əliyev xalqın təkidi ilə hakimiyyətə qayıdanda ölkədə mürəkkəb şərait hökm sürürdü. Ümummilli lider belə bir nəticəyə gəldi ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində kompleks yanaşma, mühüm daxili və xarici siyasət amillərinin nəzərə alınması tələb olunur. Bunlar ictimai-siyasi sabitliyin təmin edilməsi, döyüş qabiliyyətli nizami ordunun yaradılması, iqtisadiyyatın bərpası, nəticə olaraq millətin bir amal -azərbaycançılıq ətrafında birləşdirilməsini özündə ehtiva edirdi. Həmin gündən etibarən 30 il ərzində Azərbaycan siyasi, həm də hərbi müstəvidə mübarizə aparırdı. Buna tarixi həqiqətlərin dünyaya çılpaq şəkildə tanıdılması, milli dəyərlərimizin qorunub saxlanması daxil idi. Bu işdə xaricdə yaşayan azərbaycanlı gənclər, tələbələr, şairlər və yazıçılar böyük rol oynayırdı. Yazıçı, şair “xalqın danışan dili”dir. Bu baxımdan şairlərimizin, yazıçılarımızın da əməyi böyükdür. Bəxtiyar Vahabzadə, Anar, Əli Səmədli “Qanlı bənövşə”, Elçin Hüseynbəyli “Firuzə qaşlı xəncər”, Cəlil Məmmədquluzadə “Kamança”, Qılman İlkin “İntiqam” əsərləri, Nurəngiz Günün “Xocalı simfoniyası” erməni həqiqətlərinin çatdırılmasında, şagirdlərimizin milli- vətənpərvərlik ruhunda böyüməsində və intiqam hissi ilə yaşamağımızda çox böyük rol oynayıb. Tomas De Valın Dağlıq Qarabağa həsr etdiyi “Qarabağ Ermənistan və Azərbaycan sülh və savaş yollarında “ münaqişə haqqında dünya ədəbiyyatında ən populyar mənbələrdən biri hesab edilir.
Xocalı faciəsinin dünyaya tanıdılması məqsədilə 2007-ci il fevralın 26-da H.Əliyev fondunun təşəbbüsü ilə Brüsseldə “Təcavüzün qurbanları” adlı foto və uşaq rəsmlərinin sərgisi keçirilib. Həmin il fevralın 19-26-da Türkiyənin İstanbul şəhərində və 25 vilayətində “Xocalı həftəsi” adlı tədbirlər proqramı çərçivəsində anım mərasimləri keçirilib. Göstərilən tədbirlər nəticə verdi və dünyanın 10-dan çox ölkəsi Xocalı faciəsini rəsmən tanıdı. 2 fevral 2012 -ci il tarixində Meksika senatının qəbul etdiyi qərarda Dağlıq Qarabağın Xocalı şərində 1992 -ci il fevralın 25-26-da baş vermiş faciə soyqırımı adlandırıldı.
ATƏT-in Minsk qrupu 1992-ci ildə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə danışıqlar vasitəsi ilə həlli üçün yaradılmış qurumdur. Bu qurum 28 il ərzində fəaliyyət göstərsə də, nəticəsi olmamışdır. Minsk qrupuna həmsədrlik edən ölkələr dünya və nüvə dövlətləri olsa da, Ermənistana qarşı işğalla bağlı ciddi təzyiq göstərilməyib. Buna görə də məsələnin sülh yolu ilə həlli mümkün olmayıb. Bu səbəbdən münaqişənin hərbi yolla həlli qaçılmaz oldu.
Uzun illər ərzində Ermənistan münaqişənin həllində sülh tərəfdarı olmamış, daim Azərbaycan torpaqlarının bir qarışını belə geri qaytarmayacağını bəyan edib. Azərbaycan isə sülh tərəfdarı olub, dəfələrlə Ermənistanı sülh müqaviləsi imzalamağa çağırıb. Çünki bu torpaqlar Azərbaycanın əzəli-tarixi torpaqlarıdır və bu torpaqların geri qaytarılmasını tələb etmək Azərbaycanın haqqıdır. Azərbaycan xalqı isə öz növbəsində torpağı uğrunda savaşmaqdan çəkinmədiyini və lazım gələrsə, döyüşə hazır olduğunu bildirib. B.Vahabzadənin dediyi kimi “azadlıq verilmir, qan hesabına alınır".
Azərbaycan sərhədlərinin daim atəş altında saxlanılması, dinc əhalinin, mülki obyektlərin və yaşayış tikintilərinin hədəfə alınmasının tədricən adi hal alması Azərbaycan xalqının hərbi əhvali-ruhiyyəsini gücləndirir və hakimiyyət orqanlarından ciddi tədbirlərin görülməsi tələb edilirdi. 2020-ci ilin 12 iyul və 27 avqust tarixlərində Ermənistan hərbi hissələrinin Azərbaycan sərhədlərində törətdiyi təxribatlar Ermənistanın yeni müharibə hazırlığından və müharibənin qaçılmaz olduğundan xəbər verirdi. Sonuncu təxribat 2020-ci il sentyabrın 27-də səhər saatlarında baş verdi ki, bu, Azərbaycan xalqını, ordusunu ayağa qaldırdı və “Ya Qarabağ, ya ölüm” şüarı ilə mübarizəsini başlatdı. İllərlə sandıqlarda saxlanılan evlərin açarları artıq öz qıfıllarını açacaqdı. Çünki bu millətin güvəndiyi rəşadətli ordusu və Ali Baş Komandanı İlham Əliyev vardı, hansı ki bu ordu qan bahasına da olsa, torpaqları geri alacağına and içmişdi. Əsrlər boyu tarix belə bir rəşadət, belə bir əzm, düzgün aparılan siyasət və döyüşmək üçün küçələrə axışan bu qədər igidi bir arada görməmişdi. Analar oğullarını sevinərək cəbhəyə yola salırdı. Rəşadətli ordumuz çox böyük ruh yüksəkliyi ilə döyüşlərə davam edirdi. Xudayarın səsi onlara ilham verirdi. Noyabrın 10-a qədər davam edən döyüşlər Azərbaycanın tam qələbəsi ilə başa çatdı. Xocalıdan əliyalın qaçqın düşən körpələr, tank üstündə qələbə ilə geri qayıdırdı. Azərbaycan ordusu xalqımızın son 30 ildə verdiyi şəhidlərin ,günahsız qurbanların intiqamını aldı.
Dövlət müstəqilliyimizin ilk 30 illik dövrünün keşməkeşləri, 44 günlük Vətən müharibəsinin heç vaxt silinməyən izləri əsrlər boyunca gələcək nəsillərimizin fikir və düşüncələrinə hakim kəsiləcək, şairlər, yazıçılar, alimlər ,incəsənət xadimləri ,heykəltəraş nəsillərinin ərsəyə gəlməsində öz sözünü deyəcək.
Qələbə qaçılmaz idi. Çünki bu qələbəni şərtləndirən bir çox səbəblər var idi: Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti, ordumuzun rəşadəti, qardaş Türkiyənin sonsuz dəstəyi, arxa cəbhənin ordumuza dəstəyi, Qarabağdakı evlərinin açarlarını sandıqda saxlayan və bir gün bu açarların öz qıfıllarını açacağına inanan xalqın inancı, Xudayar Yusifzadənin səsi, şəhid olan oğlunu son mənzilə yola salarkən anaların “Oğlumu alqışlar içində ,gülərək yola salın. O, şəhid olub ,ölməyib!” ifadələri bu tarixi qələbənin işarəsi idi.
Qələbədən sonra hər kəsin düşüncəsi, amalı mədəniyyət mərkəzi-Şuşanı abadlaşdırmaq, tarixi gözəlliyini geri qaytarmaq və bu şəhərə ruh vermək idi. Şuşa məscidi öz azanına qovuşdu. Şuşada sanki divarlar belə dil açıb danışır, bizi sevinclə qarşılayırdı. Çox yaxın zamanda Şuşa, ümumilikdə, Qarabağ öz tarixinə qovuşacaq, M.P.Vaqifin, X.Natəvanın, Qasım Bəy Zakirin şeirləri Şuşa məktəblərində yenidən oxunacaq. M.F.Axundzadənin sevərək yaratdığı “Hekayəti Müsyo Jordan və dərviş Məstəli şah” komediyasındakı Müsyo Jordan bir loğman kimi yenidən Qarabağa gələcək buradakı otları ,çiçəkləri əlləri ilə yığıb araşdıracaq, Fransa- Parisdə tanıdacaq.
Könlüm keçir Qarabağdan,
Gah bu dağdan ,gah o dağdan
Axşam üstü qoy uzaqdan
Havalansın Xanın səsi,
Qarabağın şikəstəsi.
Sadizadə Vüsalə İlqar qızı
149 saylı tam orta məktəbin müəllimi
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB