Tezliklə ciddi ekoloji böhranla üz-üzə qalacağıq? - ARAŞDIRMA

Ekoloq: “Ona görə də, ekoloji sağlamlaşdırma ilə bağlı komleks proqram həyata keçirilməlidir”

XXI əsrin ən böyük problemlərindən biri də texnogen inkişafın daha böyük miqyasa çatması və bunun nəticəsində təbiətə təzyiqin yüksək templə artmasının doğurduğu problemlərdir. Başqa sözlə, ekoloji böhranın yaşanmasında antropogen təsirlərin rolu ən yüksək həddə çatıb ki, bu da özünü anormal iqlim şəraitində, təbii fəlakətlərin artmasında və ərzaq məhsulları istehsalının aşağı düşməsində göstərir. Artıq əksər dövlətlər bu nəticələrin aradan qaldırılması üçün böyük qüvvə sərf etməyə məcbur olurlar. Azərbaycan hökuməti də uzun illərdən bəri yığılıb qalmış ekoloji problemlərin həll edilməsi üçün müxtəlif tədbirlər həyata keçirir. Buna baxmayaraq, respublikada ekoloji problemlər öz aktuallığını itirmir. Bəs ölkəmizdə ekoloji problemlərin əsas mənbəyi nədir- qlobal ekoloji proseslər, yoxsa lokal təsirlər? Bu yazıda bu suala cavab tapmağa çalışacağıq.

Hazırda Azərbaycanda əsas ekoloji problemlər bunlardır;

  • Su ehtiyatlarının çirkləndirilməsi,
  • Sənaye müəssisələri və avtonəqliyyatın atmosferi çirkləndirməsi;
  • Kənd təsərrüfatı üçün yararlı torpaqların sıradan çıxması;
  • Tullantıların tələb olunan səviyyədə idarə olunmaması;
  • Biomüxtəlifliyin, meşələrin, flora və faunanın lazımi qədər qorunmaması.

Su hövzələrinin çirklənməsi

Respublikanın yerüstü su hövzələrinin isə çirklənmə dərəcəsi son dərəcə yüksəkdir. Əsas təbii su hövzəsi olan Xəzər dənizinə bütün mənbələrdən ildə təxminən 12 mlrd. kub.m çirklənmiş sular axıdılır ki, bunun da 250 mln kub.m-dən çox hissəsi Azərbaycanın payına düşür. Nəticədə Bakı buxtasında 60 mln. kub.m-dən çox çirkləndirici maddələr toplanıb.

Ən böyük çayımız olan Kürün suyunun 74%-i isə Gürcüstan və Ermənistan ərazilərində formalaşır və həddən artıq çirklənməyə məruz qalır. Hesablamalar göstərir ki, Kür çayı hövzəsinə Ermənistandan (Arazla) ildə orta hesabla 300 mln.kub.m, Gürcüstandan 265 mln.kub.m, Azərbaycandan isə 25 mln.kub.m çirklənmiş su atılır və nəticədə Kür çayı suyunun mis, sink, fenol, neft məhsulları və s. zərərli maddələrlə həddən artıq çirklənməsi müşahidə edilir.

Bundan başqa, təmizlənməmiş təsərrüfat-məişət çirkab suları ilə çaya ildə 40 min ton üzvi maddələrin axıdılması oksigenin biokimyəvi istifadəsinin kəskin artmasına səbəb olur. Kür çayında fenolların miqdarı normadan 10 dəfə, karbohidrogen isə 36 dəfə artıqdır.

Kiçik çaylarda da çirklənmə həcmi getdikcə artır. Bəzi kiçik göllər quruyub yoxa çıxır.

Atmosferin çirklənməsi

Ölkəmizin atmosfer havasının vəziyyətinə gəldikdə isə, onu qeyd etmək lazımdır ki, təxmini hesablamalara görə, hər il sənaye müəssisələri və avtomobil nəqliyyatları tərəfindən atmosfer havasına 1 milyon tondan artıq zərərli maddələr atılır. Bunun yarısı sənaye müəssisələrinin, digər yarısı isə avtonəqliyyat vasitələrinin payına düşür.

Bakı şəhərinin atmosfer havasına yarım milyon tondan artıq zərərli maddələr atılır ki, bu tullantıların da təxminən 30 faizi sənaye müəssisələrinin, 70 faizi isə avtonəqliyyat vasitələrinin payına düşür.

Qeyd etmək lazımdır ki, atmosfer havasını çirkləndirən əsas mənbələr neftçıxarma, neft emalı, neft-kimya və energetika müəssisələri və avtonəqliyyatdır. Stasionar və səyyar mənbələrdən atmosferə əsasən bərk toz hissəcikləri, karbon oksidləri, azot oksidləri, kükürd oksidi, karbohidrogenlər və digər uçucu kimyəvi maddələr atılır.

Müəssisələrin çoxunda filtrlər, təmizləyici qurğular ya yoxdur, ya da bərbad vəziyyətdədir. Artıq Bakıda nəfəs almaq olmur. Tikinti sahələrinin həddən artıq çoxalması və sıxlığı, avtomaşınların kütləvi köhnəliyi kimi hallar vəziyyəti daha da kəskinləşdirir.

Torpağın deqradasiyası hansı səbəblərdən yaranır?

Azərbaycanın 8,6 milyon hektar ümumi torpaq fondunun yalnız 4,3 milyon hektarı, yəni, 50 faizi kənd təsərrüfatına yararlıdır. Yararsız torpaqlarda eroziya, şoranlaşma, bataqlıqlaşma, kimyəvi çirklənmə və s. proseslərin təsiri nəticəsində deqradasiya gedib.

Torpaqların bu faktorun təsirinə məruz qalmasının əsas səbəbləri respublikanın təbii iqlim şəraiti ilə yanaşı uzun müddət davam edən təsərrüfatsızlıq, əkinçilik mədəniyyətinin aşağı səviyyədə olması, sistemsiz olaraq mal-qaranın otarılması, meşə və yaşıllıqların məhv edilməsi və s. kimi antropogen amillərdir.

Respublikanın 1,3 mln. ha torpaq sahəsi şoranlaşmaya məruz qalıb və bunun tam yarısı suvarılan sahələrdir. Kolektor-drenaj xətlərinin bərbad vəziyyətdə olması, torpaqların relyefi, meliorativ xüsusiyyətləri, şoranlaşma dərəcəsi, qrunt sularının səviyyəsi və s. faktorlar nəzərə alınmadan sututarların tikilməsi, daşqınlar kimi amillər həmin torpaqların şoranlaşmasına və əkin dövriyyəsindən çıxmasına gətirib çıxarıb.

Dağ-mədən işləri, intensiv şəhərsalma və digər antropogen təsirlər nəticəsində 30 min hektardan artıq torpaq korlanıb sıradan çıxıb. Bunun təxminən 15 min hektarı neftlə çiklənib. Qalan yarısı isə, kimya sənayesi tullantıları, suvarma kanallarının çöküntüləri, faydalı qazıntı yataqlarının istismarı, tikinti və komunal müəssisələrinin və dağ-mədən tullantıları ilə çirklənib sıradan çıxıb.

Tullantıların idarə olunması səviyyəsi qənaətbəxşdirmi?

Dünya miqyasında mövcud problemlərdən biri də ətraf mühitin davamlı üzvi çirkləndiricilər və ağır metallarla çirklənməsinin minimuma endirilməsidir ki, bu respublikamız üçün də olduqca aktual olub, həlli vacib problemlərdəndir. Bu növ çirklənmənin əsas mənbələri neft emalı, neftkimya, kimya, energetika, tikinti materialları istehsalı, avtonəqliyyat, kənd təsərrüfatında pestisidlərin tətbiqi və tullantıların yandırılması kimi proseslərdir ki, bu mənbələrdən ətraf mühitə dioksinlər, furanlar, bifenil və ağır metallar atılır.

Adı çəkilən birləşmələr təbii mühitə, o cümlədən insan sağlamlığına uzunmüddətli neqativ təsir göstərən havada uzun müddət asılı qalan, çətin parçalanan və tərkibində zəhərli birləşmələr olan təhlükəli maddələrdir.

Yeri gəlmişkən, Balaxanıda bərk məişət tullantılarının yandırılması və çeşidlənməsi zavodlarının fəaliyyətə başlamasından sonra tullantıların yığılmasında və emalında vəziyyət xeyli yaxşılaşıb, lakindigər tərəfdən tullantıların yandırılması havanı çirkləndirir.

Bu ildən etibarən plastik qablara və sellofan paketlərərə müəyyən məhdudiyyətlərin tətbiq olunmasını alqışlamaq olar. Təbiətə ən çox zərər verən bu ultrakimyəvi tullantılardır, hansı ki, 5-6 əsr torpaqda, suda qalır və çürümür. Yaxşı olardı ki, bu sahədə qadağalar daha da sərtləşsin, ənənəvi paket və qablardan istifadə təbliğ edilsin.

Əhali tərəfindən meşə ehtiyatlarına təzyiq artıb

Son 25 ildə ölkəmizin meşə təsərrüfatı daha bir ağır problemlə üzləşib. İşğalçı Ermənistan tərəfindən ölkəmizə qarşı edilən təcavüz nəticəsində meşələrimizə sağalmaz yara vurulub. Ermənistanın təcavüzü nəticəsində 251 min ha meşə sahəsi (və ya meşə ilə örtülü sahənin 25%-i) 30 ilə yaxın müddətdə işğal altında qalıb, 11 min ha meşə sahəsi isə təsərrüfat dövriyyəsindən çıxıb. İşğal altında qalmış meşələrimiz vəhşicəsinə qırılıb talan edilib. Bu ərazilərdə bitən qiymətli ağac sortlarının kəsilib aparılması biomüxtəlifliyin pozulmasını kritik həddə çatdırıb.

Qeyd etmək lazımdır ki, son 30 il ərzində əhali tərəfindən meşə ehtiyatlarına təzyiqin arması müşahidə olunur. Bu da əsasən 90-ların əvvəlindən etibarən təbii qazla təminatın kəskin aşağı düşməsi il bağlı idi. Son vaxtlar qazlaşdırma səviyyəsinin artması bu prosesi səngidib.

Nəzarətin zəif olması meşələrin tikinti materialı kimi və ya mebel sənayesində istifadə olunması məqsədilə qırılmasına gətirib çıxarır. Respublikanın mərkəzində sipər rolunu oynayan Kürqırağı Tuqay meşələrinin 75-80 %-i məhv olub; dağ və dağətəyi meşələr sistemsiz qırılıb sıradan çıxır. Təbii bərpa edilmə imkanları ciddi surətdə məhdudlaşır (qanunsuz olaraq mal-qara otarılması, normadan artıq antropogen təsir) və nəticədə Azərbaycanın əvəzedilməz yaşıl örtüyünün itirilmə təhlükəsi güclənir.

“Komleks proqram həyata keçirilməlidir, yoxsa…”

Qeyd etmək lazımdır ki, ölkədə ekoloji problemlərin həllində ictimaiyyət əsasən qeyri-hökumət təşkilatları vasitəsi ilə iştirak edir. Bəs belə təşkilatlar bu sahədə nə işlər görə bilir?

Ekoloq Jurnalistlər Birliyinin sədri Cəmşid Quliyevin fikrincə, dövlətin bu sahədə ciddi işlər görməsi vacibdir, lakin vətəndaşlar özləri də ekoloji problemlərə gətirib çıxaran əməlləri etməməlidir: “Meşələrdə heyvanların otarılmasına son qoyulmalıdır. Heyvanlar yeni pöhrələri yeyir və meşələrin cavanlaşması prosesi dayanır. Artıq bir çox ərazilərdə keçəlləşmə gedir. Üstəlik, mebel fabrikləri meşələri gizlicə qırırlar, bahalı ağacları kəsib mebel düzəldib satırlar”.

Ekoloq deyir ki, ekoloji mühiti sağlamlaşdırmaq üçün ciddi tədbirlər görülməlidir: “Ölkədə maşın parkının təzələşdirilməsi mütləqdir, dövlət bunun üçün stimullaşdırıcı tədbirlər görməlidir. Sənaye müəssisələrinə cidi nəzarət edilməlidir ki, filtrlərdən istifadə etsinlər. Yaşıllıqların qırılmasına görə cəzalar xeyli ağırlaşdırılmalı nə nəzarət artırılmalıdır. GMO əkinlərə və torpaqda zərərli dərmanlardan çox istifadəyə qadağa qoyulmalıdır. Su mənbələrinin çirkləndirilməsinin qarşısı alınmalıdır. Bunların heç biri təklikdə problemi həll etmək gücündə deyil. Ona görə də, komleks proqram həyata keçirilməlidir. Əks halda, tezliklə ciddi ekoloji böhranla üz-üzə qala bilərik”.

Elçin Bayramlı

Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi" istiqaməti çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...