Moskvada Azərbaycanın müstəqilliyinin yenidən bərpa etməsinin 20-ci ildönümü qeyd edilib
Moskvada Azərbaycan Respublikasının müstəqilliyini
yenidən bərpa etməsinin 20-ci ildönümünə həsr olunan "Azərbaycan gecəsi" adlı
təntənəli mərasim keçirilib. SİA-nın verdiyi məlumata görə, Heydər Əliyev
Fondunun təşəbbüsü, ölkəmizin Rusiyadakı səfirliyinin dəstəyi ilə baş tutan və
Dövlət Kreml Sarayında keçirilən mərasimdə Azərbaycanın birinci xanımı, Heydər
Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli
Məclisin deputatı Mehriban Əliyeva və Rusiyanın birinci xanımı Svetlana
Medvedeva iştirak ediblər.
Kremlin Uspensk kilsəsinin önündə Azərbaycanın birinci xanımı Mehriban
Əliyevanı Rusiyanın birinci xanımı Svetlana Medvedeva qarşılayıb.
Sonra birinci xanımlar arasında görüş olub.
Görüşdə S.Medvedeva Mehriban xanım Əliyevanı "Eurovision-2011" müsabiqəsində
Azərbaycanın inamlı qələbəsi münasibətilə təbrik edib. Rusiyanın birinci xanımı
deyib ki, Azərbaycan duetinin qələbəsi bu ölkədə musiqi mədəniyyətinin yüksək
səviyyəsindən, Azərbaycana beynəlxalq marağın artmasından xəbər verir.
RF Prezidentinin xanımı Azərbaycanda sayı təxminən 130 min nəfərə çatan
həmvətəninin yaşaması üçün əlverişli şəraitin yaradılması istiqamətində
respublika rəhbərliyinin səylərini vurğulayıb. O, bu ölkədə rus dilində təhsil
almaq imkanlarına görə Azərbaycan tərəfinə minnətdarlığını bildirib.
Birinci xanımlar azərbaycanlı tələbələrin Rusiyada təhsili məsələlərini də
müzakirə ediblər. Bildirilib ki, Azərbaycan tolerant ölkədir, burada müxtəlif
dinlərin nümayəndələri əmin-amanlıq şəraitində yaşayırlar. Azərbaycanda Rus
Pravoslav Kilsəsinin uğurla fəaliyyət göstərdiyi də vurğulanıb.
Sonra Azərbaycanın və Rusiyanın birinci xanımları Uspensk kilsəsinin sərgi salonunda
"Karl Faberje və daşoyma ustaları. Rusiyanın əlvan dəfinəsi" adlı ekspozisiyaya
baxıblar. Ekspozisiyada görkəmli rus zərgəri Karl Faberjenin şah əsərləri
nümayiş etdirilir. Bütün dünyada tanınan zərgər Karl Faberje 1846-cı ildə
Sankt-Peterburqda zərgər ailəsində dünyaya gəlmişdir. Faberje Zərgərlik Evi rus
çar ailəsi üçün özünəməxsus tərzdə zinət əşyalarının istehsalı sayəsində məşhurlaşmışdır.
Bu zərgərlik məmulatları virtuoz hazırlanma tərzi və ideyanın orijinallığı ilə
seçilir.
Mehriban Əliyeva və Svetlana Medvedeva sərgidə Faberje ilə eyni dövrdə yaşayan
və imperator sarayı üçün zinət əşyaları hazırlayan zərgərlərin, Ural
sənətkarlarının işləri də tanış
olublar. Ekspozisiyada İmperator, Yekaterinburq, Peterqof və Kolıvan
fabriklərində istehsal edilən əsərlər də nümayiş etdirilir.
Azərbaycanın birinci xanımı burada xatirə kitabına ürək sözlərini yazıb.
Dövlət Kreml Sarayında "Azərbaycan gecəsi" çərçivəsində Heydər Əliyev Fondunun ən uğurlu layihələrindən olan "Azərbaycan" nəşrinin rus dilindəki versiyasının təqdimatı olub. Oxuculara odlar yurdu Azərbaycan haqqında müfəssəl məlumat vermək məqsədi ilə ərsəyə gətirilən nəşrdə toplanan 1000-dən çox şəkil xalqımızın qədim tarixini, ənənələrini, mədəniyyətini, etnoqrafik xüsusiyyətlərini əks etdirməklə yanaşı, ölkəmizin keçmişini və bu gününü, müasir simasını da təcəssüm etdirir. Bu kitab oxucuda ölkəmiz haqqında əyani təsəvvür yaratmaq, onu tanımaq və sevmək baxımından çox böyük əhəmiyyətə malikdir. Kitabda paytaxt Bakı ilə bərabər, bütün bölgələr barədə şəkillər və materiallar əksini tapıb. Ölkəmizin qədim tarixinin, memarlığının, mədəniyyətinin bütün tərəfləri ilə əks olunduğu "Azərbaycan" nəşri ilə tanışlıq respublikamız və paytaxt Bakı haqqında dolğun təəssürat yaratmaqla, onun mədəniyyətlər və sivilizasiyaların qovuşuğunda yerləşməsindən xəbər verir.
Bu gecəyə Azərbaycan xalçalarının sərgisi də xüsusi
ovqat gətirib. Coğrafi mövqeyinə, naxış, kompozisiyasına, rəng həlli və texniki
xüsusiyyətlərinə görə Azərbaycan xalçaçılıq məktəbinin bütün istiqamətlərinin təmsil
olunduğu bu sərgidə 80-dən çox xalça nümunələri nümayiş etdirilir. Sərgidə yer
alan Qarabağ xalçaçılıq məktəbinin nümunələri Qarabağın əzəli Azərbaycan
torpağı olduğunu bir daha hamının diqqətinə çatdırır.
Bu gün Azərbaycanda xalçaçılıq məktəbi özünün inkişaf dövrünü yaşayır.
Xalqımızın milli sərvəti olan bu sahənin inkişafı ilə bağlı ölkədə həyata
keçirilən tədbirlər, ilk növbədə bu qədim el sənətinin yaşadılmasına göstərilən
diqqətdən irəli gəlir. Hazırda özünün yeni inkişaf mərhələsinə daxil olan
xalçalarımız Azərbaycan mədəniyyətinin ən böyük hamisi olan Heydər Əliyev
Fondunun həyata keçirdiyi layihələrlə daha da zənginləşir.
Azərbaycan xalçalarının Dövlət Kreml Sarayında nümayişi böyük maraqla qarşılanıb.
Xalqımızın milli kimliyinin, soydaşlarımızın arzu və istəklərinin əks olunduğu
bu xalçalar hər bir azərbaycanlının qəlb döyüntüsünü Moskva auditoriyasına
uğurla çatdırıb.
Sonra Azərbaycan Respublikasının müstəqilliyini yenidən bərpa etməsinin 20-ci
ildönümünə həsr olunan "Azərbaycan gecəsi" adlı təntənəli mərasim başlayıb. Mərasimi
açan Rusiyanın tanınmış teleaparıcısı Vladimir Molçanov bu tədbirin əhəmiyyətini
qeyd edib. O, "Eurovision-2011"
müsabiqəsində Azərbaycan təmsilçiləri Eldar Qasımov və Nigar Camalın möhtəşəm
qələbəsi münasibətilə təbriklərini çatdırıb.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva mərasimdə çıxış edib. Tədbirə
gələnləri salamlayan Mehriban Əliyeva Azərbaycan gecəsində iştirak etdiyinə
görə Rusiya Prezidentinin xanımı Svetlana Medvedevaya xüsusi minnətdarlığını
bildirib. Azərbaycanın birinci xanımı "Eurovision-2011" mahnı yarışmasında
ölkəmizi təmsil edən Eldar Qasımov və Nigar Camal cütlüyünə səs verənlərə
təşəkkürünü çatdırıb. Vurğulayıb ki, bu günlərdə Azərbaycanda hamı bu qələbə
ilə, gənclərimiz və ölkəmiz ilə fəxr edir. Heydər Əliyev Fondunun prezidenti
müsabiqədə səsvermə zamanı Azərbaycana ilk 12 balı verən Rusiyaya təşəkkürünü
bildirərək qeyd edib ki, bu, iki ölkə arasındakı əməkdaşlığı bir daha nümayiş
etdirir. Azərbaycan dövlətçiliyinin qədim tarixindən danışan Mehriban Əliyeva
ölkəmizin həmişə Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirdiyini vurğulayıb.
Bildirib ki, Azərbaycanda həmişə bütün xalqlar sülh şəraitində yaşayıblar.
Tolerantlığın əsasları ölkəmizdə qədim dövrlərdən belə qoyulub.
Mehriban xanım Əliyeva Azərbaycanın müsəlman Şərqində ilk parlament respublikası
olduğunu, burada ilk opera və baletin yarandığını bildirib, qazanılan uğurları
qeyd edib. Sovet dövründə neft sahəsinin inkişafı, faşizm üzərində Qələbənin
qazanılmasında Azərbaycanın rolu barədə danışan Mehriban Əliyeva deyib ki, biz
ölkəmizin əldə etdiyi nailiyyətlərlə fəxr edirik.
Azərbaycanın birinci xanımı Azərbaycan-Rusiya əlaqələrinə toxunub, bu gün ölkəmizdə
orta və ali təhsilin ana dili ilə yanaşı, rus dilində də tədris olunduğunu,
Bakı Slavyan Universitetinin, Lomonosov adına Moskva Dövlət Universitetinin
filialının, Rus Dram Teatrının fəaliyyət göstərdiyini bildirib.
Azərbaycanın birinci xanımı ötən il Bakıda Azərbaycan-Rusiya humanitar forumunun
keçirildiyini, bu il artıq beynəlxalq humanitar forumun təşkil olunacağını
diqqətə çatdırıb.
"Mədəni müxtəliflik qədim mədəniyyət və tarixə malik Azərbaycan xalqı üçün
ənənəvidir", - deyən Mehriban xanım Əliyeva müstəqil dövlət kimi ölkəmizin 20
il mövcud olduğunu və bu qısa vaxtda böyük uğurların qazanıldığını vurğulayıb.
Azərbaycanın iqtisadi sahədə əldə etdiyi nailiyyətlər haqqında danışan Heydər
Əliyev Fondunun prezidenti ölkəmizin irimiqyaslı layihələr həyata keçirdiyini,
dövlət siyasətinin sosialyönümlü olduğunu, 900 min yeni iş yerinin
yaradıldığını, yoxsulluğun səviyyəsinin azaldıldığını, ölkədə yeni təhsil və
səhiyyə ocaqlarının inşa edildiyini, parkların, teatrların yaradıldığını və
yenidən qurulduğunu diqqətə çatdırıb. Bildirib ki, yalnız bu il Bakıda
beşulduzlu altı hotelin açılması planlaşdırılır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verən Azərbaycanın
birinci xanımı vurğulayıb ki, ölkəmiz bu məsələnin beynəlxalq hüquq normaları
çərçivəsində həll olunacağına və ərazi bütövlüyümüzün bərpa ediləcəyinə ümid
edir. "Bu gün bizim vizit kartımız – zəngin mədəni irsimizdir", - deyən
Mehriban Əliyeva hamını Azərbaycana dəvət edib. "Sizi görmək biz azərbaycanlılara
həmişə xoş olacaq", - deyən Azərbaycanın birinci xanımı Rusiya xalqına sülh,
əmin-amanlıq və firavanlıq arzulayıb.
Daha sonra tədbirdə ölkəmizin incəsənət ustaları
maraqlı konsert proqramı ilə çıxış ediblər. Xalq Artisti Rauf Abdullayevin
dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestrinin
ifasında Üzeyir Hacıbəylinin "Koroğlu" operasının uvertürası salona Azərbaycan
ovqatı gətirib.
Mərasimdə Azərbaycan musiqisinin ən gözəl nümunələri səslənib, olduqca tələbkar
auditoriyanı öz sehrinə salıb. Şirzad Fətəliyevin balabanda orkestrin
müşayiətilə ifa etdiyi "Sən gəlməz oldun" mahnısı, xanəndə Təyyar Bayramovun
çıxışı, Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettasından parçalar Azərbaycan
adlı məmləkətin sahib olduğu və xalqımızın min illərdir qoruyub saxladığı
qiymətli xəzinəni rus tamaşaçısına uğurla çatdırıb.
İsfar Sarabskinin ifa etdiyi "Novruz" caz kompozisiyası, xanəndə Mirpaşa Şükürovun
ifasında "Qarabağ şikəstəsi" də mərasimə xüsusi ovqat qatıb.
Son dərəcə maraqlı konsert proqramı bir daha təsdiq edib ki, bu gün Azərbaycan mədəniyyətinin
nadir incilərinin sorağı mötəbər mərasimlərdən gəlir.
Qara Qarayevin "Vals"ı, "Küçələrə su səpmişəm" məşhur xalq mahnısı, Natiq
Şirinovun "Abşeron ritmləri" nağaraçalanlar ansamblının çıxışı və digər
çıxışlar maraqla qarşılanıb.
Bu dəfə Azərbaycan mədəniyyəti Rusiya paytaxtını fəth edirdi. Moskvanın
gündəmində yenə də Azərbaycan var idi. Bu dəfə bir qədər fərqli formada və
təbii ki, fərqli ovqatda. İyirmi ildir öz sürətli inkişafı ilə dünyada lider
olan ölkəmizin öz uğurlarını mədəniyyətin, musiqinin, bir sözlə, hamının başa
düşdüyü dildə təqdim etməsi heç də təsadüfi deyildir. Çünki bu təcrübə
Azərbaycanın timsalında dəfələrlə uğurla sınaqdan çıxarılmışdır və mədəniyyətlərarası
dialoq platformasının yaradılmasında strateji məkan funksiyasını həyata keçirən
ölkəmiz artıq mədəni dəyərləri, zəngin musiqisi ilə dünyanın diqqətini çəkir.
Azərbaycan incəsənətinin məşhur simalarının çıxış etdiyi konsert də əsas diqqət
çəkən məqamlardan biri burada janr müxtəlifliyi, sintez harmoniyasının, zəngin
improvizasiyaların mövcudluğu idi. Elə auditoriyanı ən çox heyrətləndirən də bu
olub.
Bu konsert Moskvada əsl mədəniyyət hadisəsinə çevrildi və diqqəti bir daha
Azərbaycana yönəldib.
Bu son dərəcə maraqlı konsert proqramı bir daha təsdiq edib ki, Azərbaycan mədəniyyətinin
nadir incilərinin sorağı mötəbər mərasimlərdən gəlir. Bu da, ilk növbədə
Azərbaycan dövlətinin milli mədəni irsimizə olan diqqət və qayğısının nəticəsidir.
Təbii ki, Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinin inkişafında oynadığı
rol da əvəzedilməzdir. Elə bu mərasim də Fondun prezidenti Mehriban xanım
Əliyevanın mədəni irsimizin qorunması və təbliği işində böyük xidmətlərinin
göstəricisi olub.
Konsertdən sonra Azərbaycanın və Rusiyanın birinci
xanımları arasında görüş olub.
Rusiyanın birinci xanımı Svetlana Medvedeva möhtəşəm gecəyə görə Mehriban
Əliyevaya minnətdarlığını bildirərək deyib: "Zənnimcə, bu gecə xalqlarımız
arasında dostluğun möhkəmlənməsinə xidmət edəcəkdir. Mədəniyyətinizə həsr
olunmuş gecə, həqiqətən, mənim xoşuma gəldi". O, Üzeyir Hacıbəyli adına
Azərbaycan Dövlət simfonik orkestrinin, gənc ifaçıların çıxışlarını yüksək
qiymətləndirib.
Svetlana Medvedeva səmərəli fəaliyyətə, mədəniyyətə və gənc nəslə göstərilən
diqqət və qayğıya görə Azərbaycanın birinci xanımına minnətdarlığını bildirib.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva tədbirdə iştirakına görə Svetlana
Medvedevaya minnətdarlığını bildirərək deyib: "Rusiya paytaxtında belə bir
tədbirin təşkil edilməsi barədə qərarın qəbul edildiyi ilk gündən biz burada
dəstək və anlayış gördük, özümüzü evimizdəki kimi hiss etdik. Bu xoş münasibətə
görə, mən bütün Rusiya xalqına minnətdarlığımı bildirmək istəyirəm.
Qonaqpərvərliyinizə görə çox sağ olun. Şadam ki, bu gecə alındı. Siz tamamilə
haqlısınız. Bu gecə ölkələrimiz arasında dostluğun və mehriban qonşuluq
münasibətlərinin möhkəmlənməsinə xidmət edəcəkdir. Şəxsi dəstəyinizə görə Sizə
bir daha böyük minnətdarlığımı bildirirəm".
Təntənəli gecədən sonra qonaqlara Azərbaycan milli
mətbəxinin nümunələri təqdim olunub.
Qonaqlar Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ilə görüşdə mərasimin
yüksək səviyyədə təşkil edildiyini və belə gözəl gecənin keçirilməsi ilə bağlı
təşəkkürlərini bildiriblər. Beləliklə, Azərbaycan mədəniyyətinin Rusiya
paytaxtında nümayişi unudulmaz bir bayrama çevrilib. Burada nümayiş etdirilən
mədəniyyət nümunələri mərasimə gələn hər bir kəsi odlar yurdu Azərbaycanla daha
yaxından tanış
edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB