Aynur Səfərli
polis leytenantı, DİN Polis Akademiyasının əməkdaşı
Cəbhələrdə mətin ol, döyüşlərdən ər qayıt,
Yağılara divan tut, göstər bir hünər qayıt,
Ürəyində məhəbbət, dizində təpər qayıt.
Qoyma ana-bacımız yas donunu geyməyə,
Vətən oğlu, hazır ol düşməni öldürməyə!
(Eldar Həsənli)
Azadlıq və müstəqillik əldə etmiş respublikamız gələcək nəsilləri tarixi həqiqətlər əsasında tərbiyə edir. Əsası qədimdən başlanan tarix üzərində köklənmiş tariximizi öyrənməklə biz həm yaşadığımız illəri, həm də özümüzü öyrənmiş oluruq. Hər qarış torpağı ana nəfəsi, ana südü qədər müqəddəs olan VƏTƏN seçilmədiyi kimi, vətənpərvərlik də xislətimizlə, ruhumuzla, mənliyimizlə doğulur. Ona görə də vətənpərvərlik vətənə sadiq olmaq, vətəni sevmək, torpağa bağlı olmaqdır deyə bilirik.
Torpaqlarımızın qorunması yolunda canlarından keçmiş şəhidlərimizin hünəri gənclərimizə örnək olduğu kimi, bu gün tarix yazan, igid, cəngavər vətən oğullarının keçdiyi həyat yolundan da öyrənməli olduqlarımız çoxdur. Çünki torpaqlarımızın bütövlüyü, ərazilərimizin toxunulmazlığı uğrunda canlarından keçən, anadan igid doğulmuş bu vətən övladları sonsuz ehtirama, sevgi və məhəbbətə layiqdirlər.
Bu gün hər şeydən xəbərsiz dünyaya göz açan körpələrimizin bir anlıq böyüyüb Qafqazın bayquş milləti – Qarabağa qarğa kimi qonmuş erməni öldürməyə başlayıblar.
İnsanı riqqətə gətirən ən ali məqam Qarabağı görməyən oğullarımızın bu torpaq uğrunda canını düşünmədən, fəda etmədən fəda etməsidir.
Müxtəlif məqamlarda bizi düşündürən, narahat edən, ağladan, sevindirən, mənəviyyatımıza yeni çalarlar qatan, bəzən də bizi sərtləşdirən hadisələrlə rastlaşırıq və bu, bizim həyat yolumuzun, ömrümüzün mənasını, mahiyyətini təşkil edir. Sözsüz ki, bu hadisələr içərisində bizi daha çox düşündürən, mübariz edən dərdlərimiz, acı kədərimiz, bir də qəhrəmanlıqlarımız olur. Qəhrəmanlıq xarakterin, tərbiyənin, mənəvi yaddaşın gücü ilə diktə olunan, mahiyyətində təsadüf adlanan bir şeyin olmadığı keyfiyyətdir.
Belə bir keyfiyyətə sahib olan, düşmənə qan udduran, günlərdir ki, yorulmadan, əzmlə mübarizə aparan vətən oğullarından biri də Əliyev Həsən Tofiq oğludur.H.Əliyev DİN Polis Akademiyasının Maliyə-plan şöbəsinin müsahibi Raziyə Nəriman qızı Qurbanovanın oğludur. 2014-cü ildə hərbi xidmət keçmiş Həsən Əliyev bu ilin 28 sentyabrında könüllü olaraq hərbi xidmətə yola düşmüşdür.
Evin tək oğul övladı olan Həsənin anası Raziyə xanımla söhbət etmək istədiyimi bildirəndə, gözü yaşlı ana məmnuniyyətlə qəbul etdi. Danışdıqca ağlayan və dualar edən Raziyə xanım Həsənin vətənə olan sevgisinin hələ bağça yaşlarından başladığını bildirdi: “Bağçada olarkən müəllimlərindən Qarabağ haqqında eşitmişdi. Evə gələndə dedi ki, ana mən böyüyüb əsgər gedəcəm, Qarabağı alacam, şəhid olub gələcəm. Mən də onu qucaqladım, bağrıma basdım, dedim ki, sən böyüyənə qədər Qarabağı alacağıq. Gəldim bu barədə işdə danışdım, iş yoldaşlarım dedi ki, Həsən böyüyüb əsgər gedincə Qarabağı alacağıq, Cəbrayıla qayıdacağıq.
IX sinifdə olarkən dedi ki, ana mən hərbi məktəbə getmək istəyirəm. Dedim bala sən bir uşaqsan, qardaşın olsaydı razı olardım. Razı olmadım, atası da icazə vermədi. Bir gün ev işləri görürdüm, yerində təkcə uzanmışdı, eşitdim deyir ki, necə məni qoymurlar öz arzuma çatam. Bu söz məni tutdu, atasına dedim ki, yox mən uşağı aparacam. Sənəd qəbuluna 2 gün qalmış gedib tələb olunan bütün sənədləri topladıq, hətta bir sənədi qalmışdı hazır edə bilməmişdik, xəbər etdilər ki, sənəd qəbulu 5 gün də uzadılıb. Elə sevindik ki, apardıq bütün sənədləri verdik. Növbəti dəfə Mərkəzi Həkim Komissiyasından keçməli idi. Ordan keçərkən ayağının altında düzlük olduğu müəyyən oldu. Çox pis olmuşduq həkim bu cavabı verəndə. Çünki, mən onun hərbiyə olan sonsuz istəyini görürdüm. Uşağım çox istəyirdi, nəticə nə olursa olsun xidmət etsin. Ancaq alınmadı. 11-ci sinfi bitirdikdən sonra ali məktəbə qəbul ola bilmədi. Binə qəsəbəsindəki Peşə məktəbində oxudu. İxtisası üzrə işləyə bilməsə də, boş qala bilmirdi. İş-güc tapıb məşğul olurdu.
18 yaşı tamam olanda – 24.07.2014-cü il tarixində hərbi xidmətə çağırış gəldi. Bütün komissiyalardan keçdi. Dedilər çağıracağıq. Ancaq aylar keçdi növbəti çağırış gəlmədi. Oğlum özü gedib maraqlananda məlum oldu ki, ayağında promlem olduğu üçün tərəddüt edirlər. Ana-bala əskər getməsi üçün təkid etsək də, qanunun icazə vermədiyini bildirdilər. Ancaq vaxt-vədə çatdı Gəncədə 777 nömrəli hərbi hissəyə düşdü. Əsgərlər orda da komissiyadan keçdilər. O zaman yenə ayağının qızardığını və düzlüyünü görəndə bildirmişdilər ki, bunu bu çasta göndərən voyenkamata cəza verilsin. Oğlum yaxınlaşıb ki, mən qayıtmaq istəmirəm, xidmət etmək istəyirəm. Ordakı polkovnik deyib ki, sənə çətin olacaq bu çəkmələrlə xidmət etmək. 10 manat da pul verib ki, bayıra çıxanlara denə sənə tapıçka alsınlar. Həmin polkovnik mənə zəng elədi ki, ana halal olsun sizə bu tərbiyədə, bu ruhda övlad böyütdüyünüzə görə. Zəng gələndə çox qorxmuşdum. Amma 1 həftə idi ki, əsgər gedən oğluma görə təşəkkür zəngi gəlmişdi. Ayda 2 dəfə yanına gedirdim. Sevdiyi yeməkləri bişirib aparırdım.
28 sentyabr 2020-ci ildə çağırış gəldi. Gecə 12 idi. Yatmışdıq. Çağırışı qəbul etdim. Özü də oyandı. Durduq. Evdə olandan yığdım, çantasını hazırladım. Səhər üzü 4-də hazır idik, qonum-qonşu yığışdıq getdik. Statusda sağollaşıb hamı ilə. Hamı xəbər tutubmuş. Goranboya getdi. Pay göndərmişdim. Çox göndərmişdim, dedi ana nə çox şey göndərmisən. Dedim bala payla digər əsgərlərimizə də. Ən sonuncu dəfə dedi kartofla, kotlet göndər (ağlayır). Mən göndərincə zəng eləmişdi ki, ana daha göndərmə, biz başqa yerə gedirik. Danışdıqca soruşur ki, ana orda vəziyyət necədi, nə danışırlar. Dedim bala qələbə bizimlədir, millətimiz sizin üçün dua edir, sizə arxayınıq, sizə güvənirik. Xeyli ruhlandı bu sözlərimdən. Hər danışdıqca deyir ana biz əlayıq, hər şey yaxşıdı. Bacısına yazıb ki, nə olur olsun anamla atama de ki, başını dik tutsun. Mən heç vaxt onları başı aşağı eləməmişəm. İndi də başı aşağı olmayacaqlar”.
Azərbaycan torpaqları erməni daşnaklarının təcavüzünə məruz qalandan bu günə kimi xalqımızın vətənpərvər övladları, yaşından asılı olmayaraq, ana Vətənin harayına səs verdi – ölümün gözünə dik baxdılar! Zaman ötür, fəsillər dəyişir, illər əsrlərə, əsrlər minilliklərə çevrilir, tarixə dönür. Zamanın gedişində heç vaxt unudulmayan, nəsillər bir-birini əvəz etdikcə xatırlanan, insanların yolunu müqəddəs və şərəfli QƏHRƏMANLIQ zirvəsinə aparan, vətənin, millətin yolunda şüurlu surətdə canlarını fəda edən insanlar qalır.
Bu dəfə də bizim öladlarımız anasız-atasız qalmasın deyə, analar oğulsuz, övladlar atasız, gəlinlər ərsiz, qardaş-bacılar qardaşsız qaldı. Bunları gözə alan İGİD QARDAŞLARIM RUHUNUZ QARŞISINDA BAŞ ƏYİRƏM. Yorulmadan, tükənmədən bu haqq savaşında döyüşən əsgərlərimizə Ulu Tanrıdan güc-qüvvət, bitib-tükənməyən əzm diləyirəm.
Cənab ali Baş Komandanın dediyi kimi: “Biz haqq-ədalət tərəfindəyik. Biz tarixin ən şərəfli anlarını yaşayırıq. Bizim tariximizdə bir çox şərəfli anlar, hadisələr, qələbələr olub. Onların sırasında bugünkü hadisələr xüsusi yerdədir. Biz ədaləti bərpa edirik, ərazi bütövlüyümüzü bərpa edirik, Azərbaycan xalqının ümidlərini doğrulduruq və bundan sonra da doğruldacağıq. Biz haqlıyıq, biz zəfər çalacağıq! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB