Azərbaycanın Şanlı Ordusu "status-kvo"nu dəyişdi - Rauf Əliyev

"Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusunun Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının azad olunması uğrunda apardığı zəfər yürüşü davam edir. Şanlı Ordumuz tərəfindən bu günə kimi Cəbrayıl şəhəri, Fizuli şəhəri, Zəngilan şəhəri, Hadrud qəsəbəsi və 95 kənd düşmən işğalından azad edilmişdir. Hər gün qəhrəman Ordumuzun cəbhədə əldə etdiyi yeni-yeni qələbələr haqqında məlumatlar əldə edirik". Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Rauf Əliyev deyib.

Deputat qeyd edib ki, müharibə eyni zamanda informasiya cəbhəsində gedir: "Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müharibə dövrü üçün müəyyənləşdirilən və həyata keçirilən siyasət düşmənə həm döyüş meydanında, həm də informasiya müharibəsində üstünlük qazanmağımıza şərait yaratmışdır. Cənab Prezident Ermənistanın 27 sentyabrdan Azərbaycana qarşı genişmiqyaslı hərbi əməliyyatlara başladığı vaxtan bu günə kimi dünyanın 17 ən məşhur televiziya kanallarına müsahibə vermişdir. 19 oktyabr 2020-ci il tarixdə cənab Prezident növbəti müsahibəni Rusiyanın tanınmış TASS informasiya agentliyinə vermişdir. Müsahibə vaxtı müxbirin Dağlıq Qarabağ ətrafında vəziyyətlə bağlı sualları cavablandıran cənab Prezident bildirmişdir ki, Azərbaycan üzərinə düşən öhdəlikləri yerinə yetirməyə həmişə hazırdır. Azərbaycan öz tərəfdaşları ilə əlaqələr çərçivəsində üzərinə götürdüyü öhdəliklərə sadiqdir. Həm əvvəldən, həm də münaqişənin nizamlanmasına dair danışıqlar prosesində həmişə beynəlxalq hüquqa, münaqişənin dinc yolla həllinə sadiqliyə, o cümlədən Moskva danışıqlarından sonra Azərbaycanın öz üzərinə götürdüyü öhdəliklərə əsaslanıb, həmişə öhdəlikləri yerinə yetirməyə çalışır və buna hazırdır. Ancaq Ermənistan tərəfi humanitar atəşkəsə əməl etmir. Ermənistan atəşkəs rejimini kobud surətdə pozur. Danışıqlardan heç 24 saat keçməmiş Gəncə şəhərinə hücum edildi. Gecə vaxtı yatmış Gəncə şəhərinin yaşayış məhəllələrinə məqsədyönlü şəkildə zərbə endirilib. Birinci hücumdan sonra, iki hücum olub, həlak olanlar və yaralananlar hədsiz çoxdur. Ermənistan növbəti dəfə atəşkəsi nümayişkaranə şəkildə pozdu. Beləliklə o, vasitəçilərə hörmətsizlik etdi. Moskvada belə uzun danışıqlardan sonra öz üzərinə götürdüyü öhdəliklərə hörmətsizlik göstərdi".

R.Əliyev vurğulayıb ki, müxbirin "status-kvo" barəsində sualını cavablandırarkən Prezident bildirmişdir ki, "staus-kvo"nu Azərbaycan Ordusu pozub və bunu Rusiya, ABŞ və Fransa dövlət başçılarının dəfələrlə səsləndidikləri bəyanatları, "status-kvo"nun qəbuledilməz olması barədə dövlət başçılarının səsləndirdikləri bəyanatları çərçivəsində etmişik: "Azərbaycan bu bəyanatları eşidib, lakin onların implementasiyasını görməyib. Buna görə Azərbaycan özü onu implementasiya etdi. Yəni, "status-kvo" yoxdur, təmas xətti yoxdur.
Muzdlular barədə sualı cavabladırarkən cənab Prezident bildirmişdir ki, Azərbaycanda muzdlular yoxdur, sadəcə ordusu var. Bu cür bəyanatlar təkcə Rusiya tərəfindən deyil, Fransa tərəfindən də səslənirdi, lakin indiyə kimi sözlərdən başqa heç bir fakt təqdim edilməyib. Azərbaycan bu yanaşmanı əsla qəbul etmir. Ehtiyatda olanlar sayılmazsa, Azərbaycanın nizami ordusunda 100 min döyüşçüsü var. Azərbaycan Ordusu həm döyüş meydanında, həm də texniki təchizat baxımından düşmən üzərində üstünlüyünü nümayiş etdirir. Ermənistanın işğal edilmiş ərazilərdə yerləşən əsas hərbi-texniki potensialı praktiki olaraq Azərbaycan ordusu tərəfindən məhv edilib. Rəşadətli Ordumuzun gücü hesabına tarixi ədalət bərpa olur. Şanlı Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı geri qaytarır. Demək olar ki, hər gün cənab Prezident, Ali Baş Komandan işğaldan azad olan yaşayış məntəqələrimiz haqqında xalqımıza xoş xəbərlər çatdırır. İnanırıq ki, qəhrəman Azərbaycan Ordusu cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tezliklə işğal altında olan bütün torpaqlarımız işğaldan azad olunacaq və Azərbaycan bayrağı Xankəndində, Şuşada və azad edilmiş digər yaşayış məntəqələrində dalğalanacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...