Cəzasız qətl cinayəti və milli genefonda qarşı terror - ARAŞDIRMA

Abort öz körpəni öldürmək deməkdir, həyatda bundan ağır cinayət ola bilməz

Tibbi araşdırmalara görə, ana bətnindəki embrionun ürək döyüntüləri 18 gündən sonra başlayır, 40 gün sonra baş beynə impulsların getdiyi müşahidə olunur, 6-7 həftədən sonra müstəqil hərəkətə başlayır. Oğlanlar ana bətnində 3 aydan sonra, qızlar isə 4 aydan sonra hərəkət edirlər...

Dünya üzrə hər 1000 qadına il ərzində 35 abort düşür

BMT-nin araşdırmalarına görə, hər il dünyada 55 milyondan çox qadın abort olunur. Onların 20 milyondan çoxu qeyri-leqal abortlardır ki, bu da ana ölümü hallarının artmasına səbəb olur- ildə təxminən 70 min qadın bu səbəbdən ölür. Ən əsası isə abortların geniş yayılması bəzi ölkələrdə əhalinin artımına mənfi təsir göstərir və demoqrafik problemi kəskinləşdirir.

Abortların 78 faizi inkişaf etmiş ölkələrin, 22 faizi inkişaf etməkdə olan ölkələrin payına düşür.

Bu sahədə ən aşağı göstərici Hollandiya, Belçika, Almaniya və İsveçrədədir - il ərzində 1000 qadına 10 abort. Ən yüksək göstəricilər Vyetnam, Rumıniya və Kubadadır- hər 1000 qadına il ərzində təxminən 80 abort.

Bir çox müsəlman ölkələrində (İran, Misir, Əfqanıstan, BƏƏ, İraq, Suriya, Yəmən və s.) abort qanunla qadağandır. Türkiyədə yalnız Səhiyyə Nazirliyi mütəxəssislərinin rəyindən sonra və hamiləliyin 4-6 həftəsinədək aborta icazə verilir.

Ümumiyyətlə, abortun ziyan və günahı barədə istər tibbi ədəbiyyatda, istərsə də hər hansı bir dində nə qədər danışılsa və müzakirə edilsə də dünyanın bir çox yerində qadınlar aborta üstünlük verməyə davam edirlər. Bu isə gələcək nəslin əvvəlcədən qətl edilməsidir.

Azərbaycanda abort problem getdikcə kəskinləşir

Azərbaycanda qanunvericilik abortları qadağan eləmir. Lakin, Cinayət Məcəlləsinin 116-cı maddəsinə görə, qadını abort etdirməyə məcbur eləmək cinayət məsuliyyəti yaradır.

Cinayət Məcəlləsinin 141.2. maddəsinə əsasən, xüsusi ali tibbi təhsili olmayan şəxs tərəfindən abort etmə 360 saatdan 400 saata qədər ictimai işlər və ya 1 ilədək müddətə islah işləri ilə cəzalandırılır.

Rəsmi məlumatlara görə, hər il ölkəmizdə 30 min civarında abort əməliyyatı aparılır. Nəzərə alsaq ki, bizdə faktiki edilən abortların böyük hissəsi qeydiyyata alınmır, o zaman Azərbaycanda bu sahədə vəziyyət təsəvvür edildiyindən də ağırdır. Qeyri-rəsmi məlumatlara görə, ölkədə abortların sayı 100 mindən yuxarıdır.

Xüsusən də, yeniyetmə və ailə qurmamış gənc qızların abot hallarının çoxalması ciddi problemdir. Ən pisi də odur ki, əksər abortlar tibb müəssisələrində yox, kənar şəxslər tərəfindən evlərdə edilir ki, son dərəcə təhlükəlidir.

Abortun vurduğu ziyanlardan biri də gələcəkdə anormal, fiziki və əqli qüsuru olan uşaqların doğulmasıdır. Çünki, abort zamanı uşaqlığın divarı tibbi alətlərlə o qədər zədələnir ki, bu da öz növbəsində növbəti hamiləlik üçün bir çox problemlər yaradır. Anaların əvvəllər tez-tez abort etməsi ilə əlaqədar ildə 5-6 min vaxtından qabaq uşaq doğulur.

Ümumiyyətlə, abortlar milli genedondumuza vurulan ağır zərbədir, bu səbəbdən də qarışının alnması, bu halların minimuma endirilməsi üçün ciddi tədbirlər görülməlidir.

Sosioloq: “USM-də cinsin açıqlanmasına görə cəzalar artırılmalıdır”

Müxtəlif beynəlxalq təşkilatların hesabatlarına görə, Azərbaycan dünyada ən çox selektiv abort baş verən ölkələrdən biridir. Respublikada son 10 ildə oğlan uşaqlarının sayı sürətlə artır. 10 il əvvəl qızların oğlanlara nisbəti 49:50 idisə, indi 48:52-dir. Buna səbəb qız uşaqlarının doğulmamışdan əvvəl cinsinə görə abort etdirilməsidir.

“Sağlam Cəmiyyət” İctimai Birliyinin sədri Lalə Mehralının fikrincə, Azərbaycanda qız uşaqlarının son illər daha çox abort etdirilməsinə şərait yaradan əsas səbəb odur ki, ölkədə ultrasəs müayinəsi son illərdə keçmiş dövrə nisbətən daha əlçatan olub: “Düzdür, respublikamızda həkimlərə USM müayinəsi zamanı uşağın cinsiyyətini demək qadağan olunub, bu, yalnız abort edilmə vaxtı keçəndən sonra, doğuşa az qalmış mümkündür. Buna baxmayaraq, selektiv abortların sayı azalmaq əvəzinə artır. Demək, valideynlər bunu öyrənməyin yolunu tapıblar. Ya rüşvət qarşısılığında həkimlər deyir, ya da hansısa yolla aydınlaşdırırlar”.

Sosioloq deyir ki, çox əsaslı səbəb olmadan abort faktına görə, həkim, ana və onu buna məcbur edənlər ciddi cəzalandırılmalıdır: “Bu birbaşa və konkret qətl hadisəsidir və milli genefonda qarşı terror aktıdır. Cəzası da ona görə olmalıdır. Əks halda yaxın gələcəkdə cəmiyyətdə çox ciddi cinsi disbalans yaranacaq ki, bu da demoqrafik problemlə yanaşı, həm də sosial-mənəvi problemlərə səbəb olacaq. Bir çox ölkələrdə artıq bu problem çox ciddi səviyyəyə qalxıb. Bu təhlükənin qarşısı indidən alınmalıdır”.

Həkim: “Abort ana olmaq imkanını itirməyə gətirib çıxarır”

Konsultant həkim Aynura Hidayətqızı Abort istəyən xanımlar hər zaman olub, lakin hazırkı dövrdə xanımlar arasında daha çox gənc subay qızlar təşkil edir, sevib aldanır, sonra isə abort olmaq üçün həkim axtarırlar. Bu isə onların səhhətinə ziyandır, abort uşaqlıqda çapıq əmələ gətirir, həmin çapıq istəyə uyğun olaraq yenidən hamilə qalmamağa şərait yaradır və ya hamilə qalanda düşük əmələ gəlir (uşaqlıqda, endometriumda sürüşkənlik yaranır)”.

Mütəxəssis deyir ki, Səhiyyə Nazirliyi dərmanla düşük və abort məsləhət görən həkimləri ciddi nəzarətə alır, ona görə də, həkimlər belə məsləhətlərdən çəkinirlər, baxmayaraq ki, xəstə israr edir, lakin geri çəkilən, qanuna əməl edən həkimlərimiz az deyil. Düşük üçün olan dərmanlar apteklərdə reseptsiz satılmır, satıldığı halda isə yazan həkimin möhürlü reseptinin şəkili çəkilir və Səhiyyə Nazirliyinin müəyyən şöbəsinə ötürülür, belə reseptlərə ciddi nəzarət var. Mənim özümə də müraciətlər az deyil, lakin mən belə məsləhətlərdən uzağam. Bu kimi məsləhətlər yalnız inkşafdan qalmış və ya qüsurlu döllər üçün ola bilər ki, bu da məcburi haldır.

Həkim gənc qızlara nigahdanqabaq cinsi təcrübədən çəkinməyi tövsiyyə edir “Bu həm mənəvi, həm etik, həm bioloji olaraq düzgün deyil: “Evli qadınlara bundan çəkinməyi tövsiyyə edirəm. Çünki, ana bətnində körpəni öldürmək həm ağır günah və cinayətdir, həm də ana sağlamlığına çox ağır zərbədir. Ona görə də, buna gətirib çıxaran şəraitə yol verməmək lazımdır. Profilaktik tədbirlərlə belə halların qarşısı alına bilər”.

Həkim-mamaça: “Məktəbli qızların abortu getdikcə çoxalır”

Öz təcrübəsinə istinad edən həkim-mamaça A.Məmmədovanın sözlərinə görə, abort əksər hallarda qadının öz arzusu ilə reallaşır: “Amma deməliyəm ki, onları bu addıma bəzən ailədə məcbur edirlər. Hətta, bəzi hallarda qadınlar körpəsini dünyaya gətirmək istəyində olsa da, onu zorla gətirirlər”.

Həkim deyir ki, abort etdirənlər arasında başqası ilə cinsi əlaqədə olan və ya zorlanan məktəbyaşlı qızların sayı getdikcə artır: “Belələri, gənc oğlanlarla cinsi münasibətdə olurlar və hamilə qaldıqları məlum olanda ailələrindən xəbərsiz abort etdirirlər. Bəziləri də, cinsi zorakılığa məruz qalır və məcburən aborta məruz qalır. Hətta, mənə 14-15 yaşlı qızlar da müraciət ediblər abort üçün, bəziləri ildə 3-4 dəfə gəlir”.

Mütəxəssis bildirir ki, burda sosial problemlərlə yanaşı, mənəvi psixoloji problemlər də mühüm roy oynayır: “Şəxsən mən hesab edirəm ki, abortların arasında ən çoxu elə mənəvi səbəblərdən yaranan abortlardır ki, burda da cəmiyyətin əxlaqi dəyərlərinin getdikcə daha çox deqradasiya olduğunu görürük. Ona görə də, xüsusən, qız uşaqlarının tərbiyəsinə, onlara nəzarətin artırılmasına ciddi fikir verilməlidir”.

Həkim deyir ki, abort qadın orqanizminə çox ciddi zərər vurur, bəzi hallarda ana olma qabiliyyəti itir və ya növbəti hamiləlikdə qüsurlu uşaq doğulmasına səbəb olur. Ona görə də, bu, təkcə ərə getməmiş qızların problem deyil, evil qadınlar da bu məsələyə qeyri-ciddi yanaşmalı deyillər. Maraqlıdır ki, çoxları hamiləlikdən qorunma üsulları arasında ən çətininə və ən təhlükəlisinə- aborta əl alırlar. Halbuki, arzuolunmaz hamiləlikdən qorunmaq üçün dövrümüzdə lazımı qədər üsullar mövcuddur. Hamilə qalmaq istəmirlərsə, müxtəlif qorucusu vasitələrdən və metodlardan istifadə etməlidirlər, lakin bu mütləq həkin məsləhəti ilə olmalıdır”.

Hüquqşünas: “Abortun qadağan edilməsi insan hüquqlarına zidd deyil”

Qeyd edək ki, təbii halda hər 100 qıza qarşı təxminən 105 oğlan doğulur. Amma bəzi ölkələrdə bu balans selektiv abortlarla oğlanların xeyrinə dəyişdirilir. Hazırda Çində hər 100 qıza 130-140, Gürcüstanda 118, Ermənistanda 120, Azərbaycanda isə 115 oğlan düşür.

Bu göstəricini artıq SOS siqnalı hesab edən hüquqşünas Leyla Məhərrəmova deyir ki, abort qətl hesab olunmalı, buna görə ağır cəza tətbiq edilməlidir: “Abortun qadağan edilməsi təşəbbüslərini alqışlayıram. Bunu çoxdan etmək lazım idi. Çünki, hər il daha çox qız uşağı dünyaya gəlməmiş qətlə yetirilir”.

Hüquqşünasın sözlərinə görə, bu, insan hüquqlarına zidd deyil, tam əksinə- bu, insan hüquqlarını qorumaqdır, elm təsdiq edib ki, doğulmamiş körpə insana xas bütün əlamətlərə malikdir. Belə qadağaya qarşı etirazlar var, lakin belələri unudurlar ki, arzuolunmaz hamiləlikdən qorunma üsüllarının sayı çoxdur. Həm təbii, həm də süni üsullar var. Qanunu bilmədən pozmaq məsuliyyətdən azad etmədiyi kimi, bilmədən hamilə qalmaq da aborta haqq vermir”.

Sonda qısaca onu demək istəyirik ki, abort öz körpəni öldürmək deməkdir. Həyatda bundan ağır cinayət ola bilməz. Abort “mən qatiləm” deməkdir. Qatil olmayaq...

Elçin Bayramlı

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə "Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması" istiqaməti çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə