Yaponiyanın Azərbaycandakı səfirinə Ermənistanın təxribatları barədə məlumat verilib

Ermənistan 30 ilə yaxındır ki, Azərbaycan torpaqlarını işğal altında saxlayır, ölkəmizə qarşı hərbi təxribatlar həyata keçirir, BMT Təhlükəsizlik Şurasının qoşunlarını işğal etdiyi Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması ilə bağlı qətnamələrinə məhəl qoymur. Son günlər Ermənistan silahlı qüvvələri Azərbaycanın cəbhə zonasından kənarda yerləşən, ikinci böyük şəhəri olan Gəncəni dəfələrlə raket atəşinə tutub, raket zərbələri nəticəsində mülki şəxslər və azyaşlı uşaqlar həlak olub, Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binaları dağılıb, mülki obyekrlərə ciddi ziyan dəyib.

Diasporla İş üzrə Dövlət Komitəsindən SİA-ya verilən məlumata görə, bu fikirləri Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Yaponiyanın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Vada Cüniçi ilə görüşündə söyləyib.

Komitə sədri bildirib ki, sentyabrın 27-dən başlayaraq Ermənistan hərbi birləşmələri yaşayış məntəqələrimizi ağır artilleriya atəşinə tutur, mülki şəxsləri, azyaşlıları qətlə yetirir. Ermənistan ərazisindən Azərbaycanın qədim şəhəri Gəncədə çoxmənzilli yaşayış binaları raket zərbəsinə məruz qalıb, mülki şəxslər, uşaqlar qətlə yetirilib. Bu, soyqırım və vandalizm aktıdır.

O, qeyd edib ki, Azərbaycan Ordusu ölkəmizin hüdudları çərçivəsində düşmənə qarşı uğurlu əks-hücumlar həyata keçirərək, işğal altında olan torpaqlarımızın artıq bir hissəsini azad edib. Bu, Azərbaycanın beynəlxalq səviyyəsində tanınan ərazi bütövlüyünü bərpa etmək məqsədi daşıyır.

F.Muradov Azərbaycan rəhbərliyinin Yaponiya ilə əlaqələrin inkişafına hər zaman xüsusi əhəmiyyət verdiyini və əməkdaşlığı genişləndirmək yolunda addımlar atıldığını diqqətə çatdırıb.

Səfir V.Cüniçi Azərbaycanda diplomatik fəaliyyəti dövründə diaspor siyasəti sahəsində əməkdaşlıq və ikitərəfli əlaqələrin geniş müstəvidə təşkili üçün səylərini artırmaq əzmində olduğunu vurğulayıb.

Görüşdə Azərbaycanın diaspor siyasəti, son illər həyata keçirilən uğurlu layihələr, dünya azərbaycanlılarını birləşdirən platformalar barədə danışılıb, Yaponiyada yaşayan, təhsil alan azərbaycanlıların, eləcə də Azərbaycanı sevən yaponiyalıların fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.

Görüşdə Yaponiya səfirinin birinci katibi Sugioka Mani də iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...