Yaponiyada yaşayan azərbaycanlı alim Naxçıvan Dövlət Universitetinin vebinarında çıxış edib

Yaponiyada yaşayan azərbaycanlı alim Xəlil Kələntər Naxçıvan Dövlət Universitetində təşkil olunmuş “LCD İşıqlandırma vahidi üçün optiklər” adlı vebinarda məruzəçi kimi çıxış edib. SİA-nın xəbərinə görə, vebinarı giriş sözü ilə açan Universitetin Tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov X.Kələntəri təqdim edərkən onun diaspor fəaliyyətindən də danışıb, Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri, Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının üzvü olduğunu nəzərə çatdırıb.

Tədbir zamanı Xəlil Kələntər LCD texnologiyaları sahəsində apardığı tədqiqatlara dair təqdimatla çıxış edib. O, LCD televizor, kompüter və mobil telefonların əsas hissələrindən birinin – maye kristal displeyin arxa fon işıqlarının yaradıcısı kimi öz kəşfləri haqqında ətraflı məlumat verib və tədbir iştirakçılarının suallarını cavablandırıb.

Xatırladaq ki, 1995-ci ildən etibarən LCD blokları üçün optik cihazlar və modullar üzərində çalışan azərbaycanlı alim işıqla yönləndirilən mikrostrukturlu funksional optik lövhələrin ilk dizayneri və istehsalçısıdır. X.Kələntər elektronika mühəndisliyi, yeni nəsil ekranların yaradılması sahəsində 100-ə yaxın patentin, 130-dan artıq elmi məqalənin müəllifi və 14 kitabın həmmüəllifidir. Əsərləri ingilis, yapon, Çin və Koreya dillərində dərc olunub. Hazırda “Global Optical Solutions” şirkətinin və CEREBA-nın (Yeni Nəsil Kimyəvi Materialların Araşdırılması Elmi-Tədqiqat İnstitutu) baş tədqiqatçısıdır. Həmyerlimiz araşdırmaları ilə yalnız Yaponiyada deyil, Amerika və Avropada da tanınır.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə