“Digital Youth Hub-20” layihəsi başa çatıb - FOTOLAR

15 sentyabr tarixində “Digital Youth Hub – 2020” layihəsinin bağlanış və mükafatlandırma mərasimi keçirilib. Gənclərin İnkişaf və Karyera Mərkəzi və “Kibrit Tech MMC” tərəfindən təşkil olunan və 3 ay davam edən layihə ərzində IT sahəsi ilə bağlı peşəkarlar tərəfindən təlimlər keçirilib. İştirakçılar bu sahə üzrə özəl və dövlət sektorunun tələblərinə uyğun şəkildə yetişdirilib. SİA-nın məlumatına görə, layihənin yekun tədbirində layihə iştirakçıları, təlimçilər, təşkilat nümayəndələri iştirak edib.

Xatırladaq ki, layihədə iştirak üçün 200-dən artıq müraciət daxil olmuş və onlar arasından 80 potensiallı gənc seçilərək müsahibənin ilkin mərhələsinə dəvət olunmuşdur. İlkin mərkələdən uğurla keçən 48 nəfər gənc layihə iştirakçısına çevrilib və layihə ərzində onlara 20 təlim keçirilib. Təlimlər “Operating systems”, “Proqramlaşdırmaya giriş və alqoritmlər”, “Data structure”, “Databases”, “Java Basics”, “OOP”, “Design Patterns and Solid”, “Java fundamentals”, və s. mövzuları əhatə edib. Daha sonra proqramı tamamlamış 14 gənc dövlət və özəl qurumlarda iki həftə təcrübə prosesində iştirak edərək qazandıqları nəzəri bilikləri real iş mühitində tətbiq edərək prosesin birbaşa iştirakçısına çevriliblər.

Nəzəri və praktiki cəhətdən “Junior Java Developer” sahəsinin bütün sirlərinə yiyələnən iştirakçılar bağlanış mərasimində sertifikat və hədiyyələrlə təltif olunub.

Məlumat üçün qeyd edək ki, gənclər üçün nəzərdə tutulmuş uzunmüddətli təlim və təcrübə proqramı olan “Digital Youth Hub” layihəsi ikinci dəfə keçirilir. Layihənin ilk mövzusu “Digital Marketing”ə həsr olunmuşdur. Bu layihənin əsas məqsədi gənclərə qeyri-formal təhsil forması ilə müasir tələblərə cavab verən kadrlar yetişdirmək, gənclərin rəqəmsal bilik və bacarıqlara yiyələnməsidir.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...