“Biz türklərik! Çadırımız göy qübbəsi” kitabının onlayn təqdimatı keçirilib - FOTOLAR

Sentyabrın 15-də Azərbaycan Sahibkarlar Konfederasiyasının layihəsi əsasında işıq üzü görən “Biz türklərik! Çadırımız göy qübbəsi” adlı kitabın onlayn təqdimatı keçirilib. SİA xəbər verir ki, Azərbaycanda Atatürk Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbiri nəşrin elmi redaktoru, Milli Məclisin deputatı, akademik Nizami Cəfərov açaraq, Bakı Dövlət Universitetinin dosenti Nərman Qocatürkün İstanbulda türk dilində çap edilmiş bu kitabının türk xaqanlıq tarixinə həsr edildiyini bildirib. Diqqətə çatdırıb ki, kitab Azərbaycan Prezidenti İlham Əliyevin “Biz çox istəyirik ki, türkdilli xalqlar, ölkələr arasında birlik daha da güclənsin. Bu, bizim tariximizdir, bizim mədəniyyətimizdir, bizim köklərimizdir” və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Türk millətini hələ tanımayıblar! Biz bir ölər, min dirilərik. Bu, bizim xarakterimizdir” fikirləri ilə açılır.

Təqdimat mərasimində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Bağdad Amreyev, Bakı Dövlət Universitetinin professoru Ələmdar Şahverdiyev, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Türkdilli Ölkələrin Parlament Assambleyasının Baş katibinin müavini Əli Yıldız, İstanbuldan tədbirə qoşulan Türkiyə Böyük Millət Məclisinin sabiq deputatı Ələddin Böyükkaya, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov, Türkiyə Xarici İqtisadi Əlaqələr Təşkilatının Türkiyə-Azərbaycan Biznes Şurasının sədri Selçuk Akat, Türk Ticarət və Sənaye Palatasının, İqtisadi Əməkdaşlıq Təşkilatı Ticarət və Sənaye Palatasının Baş katibi Adem Kula, Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti, layihənin rəhbəri Məmməd Musayev, kitabın müəllifi Nərman Qocatürk, SOCAR-ın vitse-prezidenti Süleyman Qasımov çıxış ediblər.

Qeyd edək ki, onlayn təqdimatda SƏS Media Qrupun rəhbəri, siyasi ekspert Bəhruz Quliyev də iştirak edib.

Çıxışlarda kitabın təqdimatının əlamətdar bir gündə - Qafqaz İslam Ordusu tərəfindən Bakının daşnak-bolşevik işğalından azad edilməsinin 102-ci ildönümündə keçirildiyi vurğulanıb.

Qeyd olunub ki, tədqiqatçı Nərman Qocatürk kitabında türk dövlətçilik tarixinin əsas prinsiplərini əks etdirib. Əsərdə türk tarixinin keşməkeşli və şanlı səhifələrinə nəzər salınır ki, bu da tariximizə yenidən baxmaq nöqteyi-nəzərindən əhəmiyyətlidir. Mustafa Kamal Atatürkün “Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir”, ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamları xalqlarımızın və ölkələrimizin əbədi birliyindən soraq verir. Son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan transmilli energetika və nəqliyyat layihələrində Türkiyə önəmli yer tutur. Kitabda türk birliyinə xidmət edən bu və digər tarixi anlara geniş yer verilib. Maraqla oxunan bu əsər gənc nəslin tərbiyəsi baxımından da önəmlidir.

Çıxışlarda türk tarixinə işıq salan belə layihələrin davam etdiriləcəyinə əminlik ifadə olunub.

Kitab Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının, Türkdilli Dövlətlərin Parlament Assambleyasının, Azərbaycan Sahibkarlar Konfederasiyasının, Türkiyə Odalar və Borsalar Birliyinin rəyi ilə çap edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə