Azərbaycan pandemiya dövründə uğurlu sosial siyasət həyata keçirir - ŞƏRH

Azərbaycan pandemiya dövründə uğurlu sosial siyasət həyata keçirir - ŞƏRH

Prezident İlham Əliyev: “Koronavirusa qarşı mübarizədə müsbət dinamika bizi çox sevindirir”

COVID-19 pandemiyası peyda olarkən dünyanın ən çox inkişaf etmiş ölkələri bu sınaq qarşısında aciz qaldığı bir məqamda Azərbaycan Prezidenti İlham Əliyev elə ilk andan düşünülmüş və uğurlu addımları ilə bu çətin məqamlardan çıxmağı bacardı. Və bu gün artıq Azərbaycan koronavirusa qarşı mübarizədə müsbət nəticələrin əldə olunmasının nəticəsidir ki, artıq ölkəmizdə yumuşalma prosesi gedir. Sözsüz ki, bu ən vacib şərtdir. Çünki xalq-hakimiyyət birliyi istənilən dövlətdə siyasi sabitliyi və təhlükəsizlik mühitini şərtləndirən həlledici amildir. Bu birlik təsadüfən, öz-özünə formalaşmır. Əsas şərt xalqını arxasınca aparmağı bacaran güclü və xarizmalı lider amilinin olmasıdır.

Bu gün Azərbaycan xalqı xoşbəxt olmaqla yanaşı qürur duymaqa haqqı var ki, Ulu Öndərimiz Heydər Əliyevin uğurlu siyasətinin layiqli davamçısı ölkə Prezidenti, Ali Baş Komandanımız İlham Əliyev son 17 il ərzində ölkəmizi uca zirvələrə yüksəltməkdədir. Xüsusilə də, son 4-5 ay ərzində bütün dünyanı ağuşuna alan koronavirusa qarşı mübarizədə dövlət başçımızın düşünülmüş siyasəti nəticəsində müsbət dinamika əldə olunub. Avqustun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda müşavirədə də dövlət başçımız çıxışında da bildirdi.

Bir əsas məqamı da vurğulamaq lazımdır ki, Azərbaycan dünyanı vahiməyə salmış pandemiyaya qarşı savaşı demək olar ki, öz vəsaiti hesabına aparır. Azərbaycan yeni bir nümunə yaradır və artıq bütün dünya ölkəmizin nümunəsini öyrənməyə çalışır. Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən tədbirlər, aparılan mübarizə Azərbaycanın bu sınaqdan da daha az itki ilə çıxacağına əminlik yaradır. Ölkə başçısı bütün çıxışlarında hər bir vətəndaşı koronavirusla mübarizədə birləşməyə səsləyir –«Biz birlikdə güclüyük». Ölkə Liderinin bu çağırışına hər kəs qoşulur. Pandemiyaya qarşı mübarizədə Azərbaycanın əldə etdiyi uğurun başlıca səbəbi də milli birliyin nəticəsidir. Azərbaycan tezliklə bu mübarizədən də qalib çıxacaq. Yetər ki, məsuliyyətli olaq və qaydalara əməl edək.

Sosial rifaha istiqamətlənən uğurlu nəticələr…

Göründüyü kimi, görülən işlər və nəticələr göz önündədir. Ölkə Prezidenti İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq koronavirus pandemiyasının əhaliyə mənfi təsirlərini azaltmaq məqsədilə aparılan genişmiqyaslı tədbirlər öz nəticələrini verir və bu da vətəndaşlar tərəfindən böyük rəğbətlə qarşılanır. Bu tədbirlər sırasında məşğulluğa və sosial rifaha dəstək xüsusi yer tutur. Dövlətimizin başçısının 2020-ci il 19 mart tarixli Sərəncamının icrası ilə bağlı təsdiqlənmiş Tədbirlər Planında məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 10 tədbir əksini tapıb. Aprelin 17-də Azərbaycan Respublikasının Prezidenti tərəfindən elan edilən yeni dəstək tədbirləri ilə 2,5 milyon vətəndaşı əhatə edən məşğulluq və sosial rifah istiqamətinə 600 milyon manat vəsait ayrıldı. Pandemiyadan ən çox zərər çəkən sahələrdə işləyən insanların əməkhaqlarının əhəmiyyətli hissəsi dövlət tərəfindən qarşılanır və bu kateqoriyaya aid olan insanların sayı 300 mindən çoxdur. Eyni zamanda, 300 minə yaxın mikro sahibkarın maliyyə vəziyyətinin təmin edilməsi üçün dövlət böyük maliyyə vəsaiti ayırdı. Beləliklə, yalnız bu kateqoriyaya aid olan 600 minə yaxın insan dövlətdən maddi dəstək alır. Dövlət sektorunda işləyənlərin əməkhaqları tam ödənilir. Bu, dövlətimizin humanist mahiyyətini, Onun siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayandığını bir daha göstərir.

Bir sözlə, dövlət başçısının koronavirusla bağlı ardıcıl addımların atılmasında məqsəd Azərbaycan xalqının sağlamlığı olduğunu bildirib.

“Əgər biz vaxtında bu addımları atmasaydıq, bu gün çox böyük problemlərlə, faciəvi vəziyyətlə üz-üzə qala bilərdik”

Prezident İlham Əliyev avqustun 6-da ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirilən müşavirədə bu sahədə müsbət dinamika müşahidə olunduğunu bildirərək qeyd edib ki, bütün bu nailiyyətlərin əldə olunmasının səbəbi bu virusa qarşı vaxtında görülən tədbirlərin nəticəsidir: "Bu gün 46 xəstəxana ancaq koronavirus xəstələrinə xidmət göstərir. Onu da bildirməliyəm ki, bu 46 xəstəxananın 41-i son 17 il ərzində tikilib və ya əsaslı şəkildə təmir edilib, müasir avadanlıqlarla təchiz olunub. Əgər biz vaxtında bu addımları atmasaydıq, bu gün çox böyük problemlərlə, faciəvi vəziyyətlə üz-üzə qala bilərdik".

Dövlət başçısı adambaşına düşən testlərin sayına görə bu gün Azərbaycanın dünya miqyasında qabaqcıl yerlərdə durduğunu da deyib: "Biz qısa müddət ərzində laboratoriyalarımızın sayını beş dəfə artırdıq. Yaxın gələcəkdə alınacaq yeni laboratoriyalar imkan verəcək ki, daha da böyük sayda testlər keçirilsin. Biz bütövlükdə laboratoriyaların sayını 45-ə çatdırmalıyıq. Bu günə qədər modul tipli doqquz xəstəxana istismara verilmişdir. Onlardan dördü bir gün ərzində - iyulun 29-da fəaliyyətə başlayıb. Qobustan, İsmayıllı, Qəbələ və Şəki şəhərlərində mənim iştirakımla bu xəstəxanaların açılışı olmuşdur. Yaxın gələcəkdə modul tipli xəstəxanaların sayı bütövlükdə 16-ya çatdırılacaq və beləliklə, bizim təkcə bu xəstəxanalarda 3200 koronavirus xəstəsi müalicə ala biləcək".

“Dövlətin bütün resurslarını səfərbər etdiyi indiki şəraitdə dövləti aldatmaq, vergilərdən yayınmaq və öz maddi marağını, öz tamahını təmin etmək xəyanətdir. Bunun başqa adı ola bilməz”

Təəssüf doğuran odur ki, Azərbaycan dövləti məsələnin həll istiqamətində daha böyük nailiyyətlər əldə etmək istədiyi halda bəzi məmurların karantin rejimini pozması xalqımız tərəfindən hiddətlə qarşılanılır. Ölkə rəhbəri çıxışlarında da dəfələrlə vurğulayıb ki, neft gəlirlərimiz azalıb, ancaq insanların sağlamlığı, təhlükəsizliyi, rahatlığı və rifahı bizim üçün hər şeydən üstündür: “Bütün Azərbaycan vətəndaşlarına bir daha çağırış edib demək istəyirəm: Məsuliyyətli olun, nizam-intizamı, qaydaları pozmayın, özünüzü, uşaqlarınızı, yaxınlarınızı qoruyun ki, biz bu ağır vəziyyətdən az itkilərlə çıxa bilək! Biz birlikdə güclüyük!”.

Ancaq bilmək lazımdır ki, biz hüquqt dövlətdə yaşayırıq və ölkəmizdə qanunun aliliyi hər şeydən üstündür, heç kim qanundan üstün ola bilməz. Azərbaycan Prezidenti ölkədə qanunun aliliyinin qarantıdır və hamı qanun qarşısında bərabərdir, heç bir vəzifəli şəxs öz statusundan istifadə edərək qanunları nə poza, nə də qanunun tələblərinə hörmətsiz yanaşa bilməz.

Məhz koronavirusla mübarizə zamanında isə, heç kim şəxsi mənafeyi naminə, tutduğu mövqeyə, vəzifəsinə görə insanların həyatını təhlükəyə ata və onların sağlamlığına zərər gətirə bilməz. Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, əgər kimsə fikirləşir ki, onun yaxınları, tanışları, qohumları, yüksək vəzifəli dostları onlara kömək edəcəklər səhv edirlər: “Azərbaycan hüquqi-demokratik dövlətdir və qanun qarşısında hamı bərabərdir”.

Bir sözlə, bu gün bütün sahələrdə olduğu kimi, qanun sahəsində əldə olunan uğurlar onu deməyə əsas verir ki, kimsə qanundan yan keçmək, gizlənmək, digər vətəndaşlarla müqayisədə daha böyük üstünlüklər əldə etmək istəyində ola bilməz. Ona görə də hər kəs atdığı addımları daha dərindən ölçüb-biçməli, dövlətimizin qanunlarına hörmət nümayiş etdirməlidir. Və qeyri-qanuni addımlarına, fərdi statusuna görə tutduğu vəzifədən asılı olmayaraq hər kəs törətdiyi əməllərin cəzasının qanun çərçivəsində almalıdır və alacaq da! Çünki qanun şahdır, şah qanun deyil. Və hər bir şəxs də mövcud reallığı, qanunun aliliyini, Azərbaycan Prezidentinin mövqeyini və ali iradəsini bilməli və başa düşməlidir ki, qanun pozuntusuna görə mütləq və mütləq şəkildə hər kəs əməlinə görə cavab verəcək, heç kim məsuliyyətdən yayına bilməyəcək. Çünki, Azərbaycan Respublikasında heç kim qanundan üstün ola bilməz!.

Bir sözlə, insanların sağlamlığı və daha az itki ilə çıxmaq üçün hər kəs vətəndaşlıq borcunu yüksək səviyyədə yerinə yetirməli, karantin qaydalarına riayət etməklə dövlət-vətəndaş birliyinə öz töhfəsini verməlidir.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə