Vətəndaş cəmiyyətinin inkişafı hüquqi dövlət quruculuğunun əsas istiqamətidir
Hakimiyyətlə QHT-lər arasında yeni dialoqun başlaması bu faktorun göstəricisidir
Məlum olduğu kimi, avqustun 26-da Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ölkənin bir çox fəal qeyri-hökumət təşkilatları rəhbərlərinin daxil olduğu "İctimai Liderlər Platforması"nın üzvləri ilə onlayn görüş keçirib. Görüşü giriş sözü ilə açan Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev Prezidentin köməkçisi Hikmət Hacıyevə QHT-lərlə görüşdüyünə görə təşəkkür edib və bu təşəbbüsün QHT-hökumət münasibətlərində yeni keyfiyyət mərhələsinin başlanğıcı olacağına və QHT sektoru üçün prioritet olan məsələlərin həllinə təkan verəcəyinə əminliyini ifadə edib.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev Prezident İlham Əliyevin cəmiyyətimizdə QHT-lərin fəaliyyətinə və ictimai nəzarət mexanizmlərinin gücləndirilməsinə xüsusi önəm verdiyini qeyd edib. H.Hacıyev QHT sektorunun ölkəmizin ictimai həyatında fəal iştirakını vurğulayıb, hökumətin QHT-lərlə dialoqun genişlənməsində və QHT-lərin diqqətində olan məsələlərin müzakirəsində maraqlı olduğunu bildirib. O, vətəndaş cəmiyyəti institutlarının ölkəmizin dayanıqlı sosial iqtisadi inkişafı, vətənpərvərliyin gücləndirilməsi, milli maraqlarımızın qorunması, həmçinin təhsil, humanitar və ictimai əhəmiyyət daşıyan digər sahələrdə mühüm roluna toxunub, dövlət başçısının qeyd etdiyi kimi, ictimai nəzarət mexanizmlərinin və onun tətbiqinin səmərəliliyinin artırılmasının zəruriliyini diqqətə çatdırıb.
Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı dövlət siyasətidir
Azərbaycan dövləti ölkədə fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutlarının, o cümlədən qeyri-hökumət təşkilatlarının formalaşmasına və inkişafına daim ciddi önəm verir. Azərbaycan müstəqilliyini ikinci dəfə elan etdikdən sonra demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu prosesinin davamı kimi vətəndaş cəmiyyəti təsisatlarının da daha münbit şəraitdə inkişaf etməsi istiqamətində bir sıra işlər görüldü. 1993-cü ildən başlanan proses çərçivəsində vətəndaş cəmiyyəti, eləcə də QHT-lərlə bağlı qanunvericilik sisteminin yaradılması, hökumətlə münasibətlər, bir sıra mühüm QHT hadisələri və s. nəzərə çarpdı. Müstəqilliyin ilk illərində "İctimai birliklər haqqında qanun"un qəbul olunması və 200-ə yaxın qeyri-hökumət təşkilatı dövlət qeydiyyatına alınsa da, demək olar ki, bu sahədə heç bir irəliləyiş hiss olunmamışdı. Ölkədə davam edən qeyri-sabitliyin, vətəndaş müharibəsi təhlükəsinin qarşısını almaq üçün 1993-cü ildə xalqın tələbi ilə Ulu Öndər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıtması ilə 1993-1995-ci illərdə aparılan mühüm tarixi tədbirlər nəticəsində ölkədə siyasi sabitlik və cəbhədə atəşkəs təmin olundu. Ulu Öndər Heydər Əliyevin tarixi mübarizəsi öz məntiqi və hüquqi nəticəsini 1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasında tapdı. Bu konstitusiya dövlətçiliyimiz və həm də vətəndaş cəmiyyətimiz üçün mühüm tarixi sənəd oldu. Məhz QHT-lərin inkişafı istiqmətində Ulu Öndər Heydər Əliyev tərəfindən atılan mühüm addımlar bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Çünki bu gün Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı dövlət siyasətidir və bu sahədə qanunvericilik daim təkmilləşdirilir, vətəndaş cəmiyyəti üzvlərinin fəaliyyətinin dəstəklənməsi ilə bağlı mühüm işlər görülür, onların inkişafı üçün əlverişli mühit yaradılıb. Bunun nəticəsidir ki, ölkəmizdə qeyri-hökumət təşkilatlarının fəaliyyəti ildən-ilə genişlənir. Son 25 il ərzində dövlət qeydiyyatına alınmış təşkilatların sayı 3 dəfə artaraq, hazırda 3 mini ötüb. Bu gün qeyri-hökumət təşkilatları ictimai həyatın müxtəlif sahələrində çox mühüm işlər görərək, uğurlu proqram və layihələr həyata keçirirlər. Bununla da dövlətimizin və cəmiyyətimizin davamlı inkişafında onların rolu getdikcə artır.
Qeyd edək ki, Azərbaycanda demokratik dövlətin əsas göstəricilərindən sayılan vətəndaş cəmiyyəti institutlarının inkişaf səviyyəsi Avropa və ümumilikdə Qərbin hər hansı ölkəsinin müvafiq qurumlarının səviyyəsindən heç də aşağı deyil. Əksinə, bir sıra göstəricilərinə, məsələn, çoxtərəfli və əhatəli dövlət dəstəyinə görə, Azərbaycan bu sahədə bir çox inkişaf etmiş Avropa ölkələrini üstələyib. Bu isə, ilk növbədə, dövlətin ölkədə vətəndaş cəmiyyəti institutlarını yüksək səviyyədə formalaşdırmaq əzmindən irəli gəlib.
Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası - dövlət münasibətlərinin uğurlu modeli
Azərbaycan dövləti ölkədə fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutlarının, o cümlədən qeyri-hökumət təşkilatlarının formalaşmasına və inkişafına daim ciddi önəm verir. Təsadüfi deyil ki, dövlətlə vətəndaş cəmiyyəti institutları arasında münasibətlər modelinin uğurlu nümunəsi kimi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun təsis olunması dövlət ilə QHT-lər arasında əməkdaşlığın inkişafının bir nümunəsinə çevrilib. Hazırda dövlət münasibətlərinin uğurlu modeli vətəndaş cəmiyyəti institutları və dövlətə bərabərhüquqlu tərəfdaşlar kimi bir-birinin fəaliyyətinə mane olmadan, indiyə qədər mövcud olan neqativ faktorları neytrallaşdırmaqla cəmiyyəti narahat edən problemlərin həllində əməkdaşlıq etməyə imkan verir.
Pandemiya ilə mübarizədə QHT-lərin rolu
Bu günün mövcud pandemiya dönəmi vətəndaş və vətəndaş cəmiyyəti institutlarının birgə fəaliyyətini, öz güc və potensialını lazımi istiqamətə, lazımi problemlərə yönəltmək zərurətini ortaya qoyur. Belə bir ərəfədə media və QHT sektorunun vətəndaş cəmiyyətləri olaraq sərgilədiyi mövqe və meydana çıxardığı problemlər və onun həllinə yönəlik ictimai nəzarətin gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Cəmiyyətin, dövlətin pandemiya ərəfəsində inkişafı və tərəqqəsi üçün vacib olan ən mühüm məqamlar müzakirə olunmaqla çözüm yolları araşdırılır.
QHT-lər də bu ağır dönəmdə öz sözlərini deməyə bacardılar. Dünya dövlətlərinin koronavirus (COVİD-19) pandemiyasına qarşı mübarizə apardığı hazırkı dövrdə Azərbaycan qlobal təhlükədən maksimum az itkiylə çıxmaq üçün atdığı çevik və qətiyyətli qərarları ilə seçilir. Eyni zamanda, ölkəmizin vətəndaş cəmiyyəti institutları, xüsusi ilə QHT-lər, mətbuat COVİD-19 pandemiyasına qarşı mübarizə sahəsindəki dövlət siyasətinə yaxından dəstək verərək vətəndaşların maarifləndirilməsində və onlara müxtəlif cür yardımların göstərilməsində fəal iştirak edirlər. Dövlətin koronavirusla mübarizə sahəsində həyata keçirdiyi işlərə QHT-lərin də yaxından dəstək verdiyi göz önündədir.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev bildirib ki, koronavirus pandemiyası ilə mübarizədə dövlət qurumları və özəl sektorla yanaşı ictimai təşkilatlar da ön sıralarda yer alıblar: “Bu qlobal təhlükəyə qalib gəlmək üçün yalnız dövlətin həyata keçirdiyi tədbirlər yetərli deyil. Vətəndaş cəmiyyəti institutları bu məsələdə mühüm rola malikdirlər. Ölkənin aparıcı QHT-ləri bu prosesə qoşularaq istiqamətləniblər. Əsas istiqamət də əhalinin düzgün formada maariflənməsidir. Hər bir QHT ayrı-ayrılıqda koronavirusla mübarizədə öz töhfəsini verə bildi. İstər mediada, istər sosial şəbəkələrdə təbliğatlarını apardılar, hətta sosial roliklər hazırlayanlar da oldu. Mövcud vəziyyətdə QHT-lərin fəaliyyətinin çevik əlaqələndirilməsini və bu istiqamətdə görüləcək işlərin effektivliyinin daha da artırılması məqsədilə onlayn ümumrespublika konfransı keçirilib. Prezident İlham Əliyevin Fərmanı ilə yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna Şura üzvlərinin və Katibliyin əməkdaşları, eləcə də QHT-lər vəsait köçürüblər. Martın 27-dən etibarən Şuranın REAL TV ilə birlikdə “Evdə qal, cəmiyyəti qoru!” adlı ictimai monitorinq və məlumatlandırma kampaniyasına keçiriblər. QHT-lər istər əhalinin nisbətən çox olduğu yerlərdə - küçələrdə, parklarda, istərsə də sosial şəbəkələrdə və mediada vətəndaşları özlərini təcrid etməyə və evdə qalmağa çağırırlar. İndiki həssas dönəmdə QHT-lərin dövlətimiz və cəmiyyətimiz ilə yüksək həmrəylik nümayiş etdirməsi vətəndaşların karantin qaydalarına riayət etmələri, birlik göstərmələri üçün önəmli motivasiyadır. Şura Mətbuat Şurası ilə birlikdə COVİD-19 pandemiyası ilə mübarizədə QHT- Media əməkdaşlığının gücləndirilməsinə həsr olunan onlayn konfrans da keçirib”.
A.Quliyev onu da bildirib ki, bu il QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən maliyyə yardımı ayrılan 423 layihə var və həmin layihələrin 290-nı pandemiya dövrünə həsr olunub. Həmin QHT-lər də həm ərzaq yardımı, həm də tibbi yardımlar göstərirlər.
Şura rəsmisi onu da bildirib ki, pandemiyaya qarşı mübarizədə ilk növbdə görülməli olan iş maarifləndirmə işidir. Əhalinin maarifləndirilməsi məsələsi çox vacibdir: "Birincisi, insanlar bilməlidir ki, pandemiyanın doğurduğu təhlükə nədən ibarətdir? Hər bir kəs təhlükədən qorunmaq üçün karantin qaydalarına əməl etməlidirlər. Ona görə pandemiyanın tezliklə başa çatması yalnız dövlətimiz üçün yox, həm də bizim hər birimiz üçün həyati əhəmiyyət kəsb edir. Bu cəhətdən Şura da mühüm ictimai institut olan QHT-ləri ümumi təhlükəyə qarşı mübarizə məqsədi ilə konsaldasiya edərək həm televiziyaların, həm internet saytlarının, həm də sosial medianın imkanlarından istifadə edərək vətəndaşları maarifləndirməyə çalışır. Vətəndaşlardan yalnız və yalnız məsuliyyət tələb edirik. Xahiş edirik, məsuliyyətli olun, öz yaxınlarınıza arxa olun, dayaq olun, yaşlı nəslin nümayəndələrinə arxa olun, onları qoruyun, özünüzü qoruyun, uşaqlarınızı qoruyun. Mən əminəm ki, həm milli həmrəylik, həm məsuliyyət, həm də milli birliyimiz bizə imkan verəcək ki, bu xəstəliyə qalib gələk. Biz birlikdə güclüyük".
A.Quliyev onu da vurğulayıb ki, ümumiyyətlə, cəmiyyəti QHT-lərsiz təsəvvür etmək olmaz: “QHT-lər bir növ dövlət üzərində arbitr rolunu oynayır, Azərbaycan hakimiyyəti də QHT-lərin cəmiyyət üçün vacibliyini nəzərə alaraq, onların inkişafı üçün hər bir şərait yaradır. Məhz bunun nəticəsidir ki, bu gün dövlətlə QHT-lər arasında əməkdaşlıq yüksək səviyyədədir. zərbaycan hökuməti ilə vətəndaş cəmiyyəti arasında elə bir sahə yoxdur ki, əməkdaşlıq olunmasın. Artıq hökumət QHT-ləri tərəf kimi deyil, partnyor kimi qəbul edir. Eyni zamanda, dövlət qeyri-hökumət təşkilatları ilə ictimai əhəmiyyətli məsələlərlə bağlı yaxından işbirliyi qurur, həmin təşkilatları dəstəkləyir. Və bu gün keçirilən dialoq, bütövlükdə, dövlət-QHT münasibətlərinin, sözün əsl mənasında ən yüksək səviyyədə olduğunun göstəricisidir”.
RƏFİQƏ HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB