"İnsanların sağlamlığını sual altında qoymaq cinayətə bərabərdir" ÖZƏL - AÇIQLAMA
"Bu infeksiya insanların həyatlarına başa gəlir. Hər hansı bir şəxs bilərəkdən özünə və kütləyə zərər vurursa, onların sağlamlığını sual altında qoyursa bu bir cinayətə bərabərdir". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin üzvü olan deputatı Cavid Osmanov kütləvi toplaşmanın pandemiya dövründə nə dərəcədə təhlükəli ola biləcəyindən danışarkən deyib.
Onun sözlərinə görə, koronavirus pandemiyası dövründə kütləvi tədbirlərin keçirilməsi, insanların bir yerdə toplaşması yolverilməzdir: "Bu virusun yayılması cəhətdən təhlükəlidir. Məhərrəm ayı ilə əlaqədar bu gün nüfuzlu dini alimlər də bütün dini təriqətlərin nümayəndələrinə çağırışlar edirlər. Bəyan edirlər ki, koronavirus pandemiyası dövründə dini ayinləri hər kəs öz evində keçirməklə kifayətlənməlidir. Bunu hər kəs anlayışla qarşılamalı və başa düşməlidir. Bu gün dövlət üzərinə düşən bütün vəzifələri layiqincə və çevik şəkildə həyata keçirir. Bu gün aparılan siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun sağlamlığı dayanır".
Millət vəkili vurğulayıb ki, dini ayinlərin, dini tədbirlərin kütləvi şəkildə həyata keçirilməsinin qadağan olunması indiki dövrdə təbiidir:
"Nazirlər Kabineti yanında Operativ Qərargahın da verdiyi qərara əsasən koronavirus pandemiyası dövründə heç bir kütləvi tədbir həyata keçirilməməlidir. Buna əhalimiz anlayışla yanaşmalıdır. Bir çox ictimai-siyasi xadimlərimiz də bununla bağlı müxtəlif sosial platformalardan və kütləvi informasiya vasitələri üzərindən çağırışlar edirlər. Xüsusilə də, cümə günləri məscidlərdə kütləvi şəkildə ibadətlərin olmasına, Məhərrəm ayında insanların dini ayinləri birgə keçirməsi hallarına yol verilməməlidir. Bunların hər biri qısa müddət ərzində saxlanılmalıdır. Hər kəs bu məsələlərə anlayışla yanaşaraq koronavirusa qarşı aparılan tədbirlərə öz töhfəsini verə bilər".
Cavid Osmanov qeyd edib ki, bu gün bir çox tanınmış din alimlərin də təsdiqlədiyi kimi hər hansı bir şəxs bilərəkdən öz səhhətinə və eləcə də ətrafına, kütləyə zərər vurursa, onların sağlamlığını sual altında qoyursa bu bir cinayətə bərabərdir:
"Bildiyiniz kimi virusa yoluxan şəxslər ölümlə üz-üzə dayanır. Bu infeksiya insanların həyatlarına başa gəlir. Koronavirus pandemiyası dövründə dini tədbirlərin və dini ayinlərin keçirilməsinin qarşısı alınmalıdır. Burada əsas məqam isə ictimai qınaqdır. Xalqın hər bir nümayəndəsi bu məsələdə həmrəylik nümayiş etdirməlidir. Bizim ictimai qınaqdan istifadə etmək hüququmuz var. Bununla da biz cəmiyyətimizə daha çox zərər dəyməsinin qarşısını ala bilərik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB