Azərbaycanın enerji strategiyasının növbəti uğurlu nəticəsi

Prezident İlham Əliyev: “Bu gün biz vaxtilə tərk edilmiş “Qarabağ” yatağına qayıdırıq, eyni qaydada biz doğma Qarabağ torpağımıza da qayıdacağıq”

Bu gün respublikamızın enerji asılılığı olmayan və bu sahədə müstəqil siyasət yeridən müstəqil dövlət olduğunu artıq beynəlxalq aləm də təsdiqləyib. Bu, bir faktdır ki, ölkəmizin enerji strategiyasında qazandığı uğurların əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Məhz Ümummilli Lider tərəfindən müəyyənləşdirilmiş enerji strategiyası bu gün Azərbaycanın dünya birliyindəki reytinqini getdikcə yüksəldir. 1993-cü ilin ikinci yarısından başlayaraq görülən işlər sayəsində respublikanın enerji təhlükəsizliyi sistemi, demək olar ki, yenidən qurulmuşdur. Hazırda respublikamız nəinki öz enerji təhlükəsizliyini təmin etmiş, eyni zamanda, digər dövlətlərin də enerji təhlükəsizliyinin təminatçısına çevrilmişdir.

Müstəqil Azərbaycanın çağdaş tarixinin ən parlaq səhifələrindən biri Ulu Öndər Heydər Əliyev tərəfindən böyük uzaqgörənliklə işlənərək hazırlanmış yeni neft strategiyasıdır. Xəzər neftinin Avropa bazarlarına nəqlində müstəsna rol oynayan böyük əhəmiyyətli enerji layihələrinin icra prosesinin uğurla həyata keçirilməsi – Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin istismara verilməsi ölkəmizin iqtisadi qüdrətinə böyük təkan vermişdir. Bununla da Azərbaycan iri layihələrin reallaşdırılmasına qadir olduğunu təsdiqləmişdir.

Prezident İlham Əliyev demişdir ki, Azərbaycanın suveren dövlət kimi, müstəqil siyasət aparması xalqımızın milli maraqlarına tam uyğundur. Eyni zamanda, bu siyasətin məntiqi nəticəsi olaraq bir sıra aparıcı Qərb dövlətləri BTC və BTƏ kəmərləri vasitəsilə Xəzər hövzəsinə çıxış imkanı əldə etmiş və neft idxalında alternativ imkanlar qazanmaqla enerji asılılığından azad olmuşlar.

Məhz düzgün müəyyənləşdirilmiş enerji strategiyasının nəticəsidir ki, Azərbaycanın Cənubi Qafqazdakı reytinqini yüksəltməklə strateji mövqelərini möhkəmləndirmiş, respublikamızın Avratlantik məkana inteqrasiyası üçün geniş imkanlar açmışdır. Şərqlə Qərbi birləşdirən neft, qaz və nəqliyyat-kommunikasiya layihələrinin icrasında əhəmiyyətli rol oynayan Azərbaycan hazırda qonşu ölkələrin enerji təhlükəsizliyində də mühüm addımlar atır. Elə avqustun 10-da «Qarabağ» yatağının dayaq blokunun dənizə yola salınması hadisəsi Azərbaycanın enerji strategiyasının uğurlu nəticəsidir. Prezident İlham Əliyev Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınmasını mühüm tarixi hadisə olduğunu bildirib.

“Qarabağ” yatağı müstəqil Azərbaycan üçün böyük hədiyyə olmuşdur"

“Bu, çox əlamətdar hadisədir. Bu gün “Qarabağ” yatağının dəniz işlərinə start verilir. Bu, yatağın işlənməsində çox önəmli mərhələdir. Bu nəhəng qurğu Azərbaycan mütəxəssisləri tərəfindən ölkəmizdə inşa edilibdir və bu gün artıq dənizə yola salınır. Əminəm ki, özülün üst hissəsi də vaxtında tikiləcək və beləliklə, biz «Qarabağ» yatağının tammiqyaslı işlənməsinə başlayacağıq”.

Dövlət başçısı 1990-cı illərdə Heydər Əliyev neft strategiyasının icrası nəticəsində pay bölgüsü haqqında kontraktın imzalandığını, həmin illərdə bu yataqda 3 quyu qazıldığını, lakin xarici tərəfdaşların bu yatağının səmərəliliyinə inanmayaraq, kontrakta xitam verildiyini bildirdi: “Ancaq bizim mütəxəssislər tam əmin idilər ki, bu yatağın çox böyük potensialı var və həyat bunu təsdiqlədi. Bu il qazılmış dördüncü quyu səmərəli oldu və beləliklə, yataq tam kəşf edilmişdir".

“Əlbəttə ki, bu, bizim uğurlu siyasətimizin nəticəsidir”

Dövlət başçısı onu da bildirib ki, bu, müstəqillik dövründə Azərbaycanda kəşf edilmiş birinci neft yatağıdır: “Çünki “Azəri”, “Çıraq”, “Günəşli” yataqları sovet dövründə kəşf edilmişdir. “Şahdəniz” və “Abşeron” yataqları qaz-kondensat yataqlarıdır. Neft yatağı olaraq bu, birinci yataqdır və bu nəhəng qurğu Xəzər dənizində inşa edilmiş ən böyük qurğudur. Ona görə bu layihənin əhəmiyyəti haqqında çox danışmaq olar. Əlbəttə ki, bu, bizim uğurlu siyasətimizin nəticəsidir. Çünki artıq 1994-cü ildən başlayaraq xarici neft şirkətlərinin Azərbaycanda böyük həcmdə sərmayə qoymalarına baxmayaraq, bu günə qədər Azərbaycanın neft-qaz sənayesinə, neft-qaz potensialına xarici investorlar tərəfindən maraq azalmır, əksinə, artır. Əminəm ki, növbəti illərdə “Qarabağ” və digər yataqlar uğurla istismar ediləcək və ölkəmizə böyük fayda verəcək”.

“Bəli, bu, doğrudan da çox mürəkkəb konstruksiyadır və qurğunun çəkisi 16 min tondan çoxdur, hündürlüyü təqribən 190 metrə yaxındır”,- deyən ölkə Prezidenti İlham Əliyev “Qarabağ” yatağının aşkarlanması və sonra yataqda görülən işlərin müstəqil Azərbaycan üçün böyük hədiyyə olduğunu bildirib: «Məhz bu gün aparılan siyasət nəticəsində biz bu işləri görə bilirik. Odur ki, bu, texnoloji baxımdan, mühəndislik baxımından çox nəhəng və çox mürəkkəb bir konstruksiyadır. Şadam ki, bunu Azərbaycan mütəxəssisləri inşa ediblər. Görülmüş işlərin mütləq əksəriyyəti Azərbaycan mütəxəssisləri, fəhlələri tərəfindən icra olunubdur.

Onu da bildirməliyəm ki, hazırda dərin özüllər zavodunda 5 minə yaxın insan çalışır. Bu nəhəng qurğunun və digər layihələrdə istifadə olunan qurğuların tikintisi burada məşğulluğu tam təmin edir. Mən indi maraqlandım, məlumat verildi ki, burada işləyənlərin orta əməkhaqqı təqribən 1200-1500 manat ətrafındadır və çox böyük peşəkarlıq tələb edən bir müəssisədir. Ona görə bu qurğu bir daha bizim qüdrətimizi göstərir. Bu, sırf Azərbaycan istehsalıdır və Azərbaycan dövlətinə, Azərbaycan xalqına xidmət edəcəkdir”.

“Əgər hər şey plan üzrə getsə, hesab edirəm ki, iki ildən sonra - 2022-ci ilin sonunda ilk qaz və ilk neft çıxarılmalıdır”

Prezident İlham Əliyev “Qarabağ” yatağının hasilatı ilə bağlı onu da bildirib ki, 2022-ci ilin sonunda ilk qaz və ilk neft çıxarılmalıdır: “Əgər hər şey plan üzrə getsə, hesab edirəm ki, iki ildən sonra - 2022-ci ilin sonunda ilk qaz və ilk neft çıxarılmalıdır. “Qarabağ” yatağının neft potensialı 60 milyon ton səviyyəsində qiymətləndirilir. Ancaq mən tam əminəm ki, işlənmə dövründə bu rəqəm artacaq. Bunu deməyə əsas verən odur ki, “Qarabağ” yatağı “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının yanında yerləşir, məsafə o qədər də böyük deyil. Xatırlayıram, “Azəri”, “Çıraq” və “Günəşli” yataqları üzrə kontrakt 1994-cü ildə hazırlanarkən o vaxt xarici tərəfdaşlar bu yataqların potensialını 511 milyon ton neft həcmində dəyərləndirmişdilər. Ancaq həyat onu göstərdi və bu gün bu təsdiq olunub ki, “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının potensialı 1 milyard ton neftdən çoxdur. Ona görə bu və digər geoloji amillər deməyə əsas verir ki, “Qarabağ” neft yatağında daha böyük həcmdə təbii ehtiyatlar var. Hasilata gəldikdə isə, bu yataqdan ildə ən azı 1,5 milyon ton neft və 1,5-1,8 milyard kubmetr qaz hasil ediləcək. Əlbəttə ki, Azərbaycanda neft hasilatının sabit qalması və qaz hasilatının artırılması üçün bunun böyük faydası olacaqdır”.

“Şahdəniz” yatağı ən azı yüz il bundan sonra Azərbaycanı və tərəfdaş ölkələri qazla təchiz edəcəkdir”

Dövlət başçısı Azərbaycanda digər nəhəng neft-qaz layihələri haqda da danınışaraq bildirib ki, “Azəri”, “Çıraq” və “Günəşli” yatağı ilə bağlı bütün işlər plan üzrə gedir və bu yataq bizim əsas gəlir mənbəyimizdir: “Eyni zamanda, “Şahdəniz-2” layihəsi uğurla icra edilir. Bu, dünyanın ən böyük qaz-kondensat yataqlarından biridir. Bildiyiniz kimi, “Şahdəniz-2”nin tam miqyaslı işlənilməsi bizə əlavə 16 milyard kubmetr qaz verəcək. Həm öz tələbatımızı ödəyəcəyik, həm də ki, ixrac üçün böyük həcm yaranacaqdır.

Gələn il “Abşeron” qaz-kondensat yatağından ilk qazın hasilatı gözlənilir. "Abşeron" yatağının işlənilməsinin iki mərhələsi olacaqdır. Birinci mərhələ nəticəsində 1,5 milyard kubmetr qaz hasil ediləcək və bu qaz Azərbaycanda istehlak olunacaq. “Şəfəq-Asiman” yatağı üzrə işlər qrafik üzrə gedir”.

“Əlbəttə, indi bizim əsas diqqətimiz Cənub Qaz Dəhlizinin başa çatmasına yönəldilib. Bu layihə də uğurla icra edilir. Bunun dördüncü və sonuncu layihəsi olan TAP artıq başa çatmaq üzrədir”,- deyən dövlət başçısı bildirib ki, bir neçə aydan sonra Azərbaycan dövlətinin təşəbbüsü ilə və genişmiqyaslı beynəlxalq əməkdaşlıq nəticəsində 3500 kilometr uzunluğunda olan, bir-birinə bağlı üç qaz kəmərinin inşası tam başa çatacaqdır və Azərbaycan qazı artıq Avropa məkanına çatdırılacaq: "Beləliklə, Cənub Qaz Dəhlizi tam istismara veriləcək. Bu, bizim üçün çox önəmli və hesab edirəm ki, tarixi hadisədir. Çünki bu, imkan verir ki, “Şahdəniz” yatağının tam işlənilməsi təmin edilsin”.

Prezident İlham Əliyev bildirib ki, Cənub Qaz Dəhlizinin əhəmiyyəti təkcə “Şahdəniz” layihəsi ilə məhdudlaşmır və bu layihə icra olunmadan bizim enerji siyasətimiz yarımçıq qala bilərdi: "Amma bu gün bizim enerji siyasətimiz ölkəmizin maraqlarını tam təmin edir. “Şahdəniz” yatağı ən azı yüz il bundan sonra Azərbaycanı və tərəfdaş ölkələri qazla təchiz edəcəkdir. Eyni zamanda, biz ixrac coğrafiyamızı genişləndirmək əzmindəyik. “Şahdəniz” qazı Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan və İtaliyaya çatdırılacaq. Əgər Albaniyada qaz şəbəkəsi yaranarsa, Albaniya da bizim təbii tərəfdaşımız olacaqdır, biz oraya da qaz ixrac edə bilərik. Digər qonşu ölkələrə - Balkan bölgəsində yerləşən ölkələrə Azərbaycan qazının verilməsi mümkündür”.

“Cənub Qaz Dəhlizi bizim tarixi nailiyyətimizdir və bunun başa çatmasına az vaxt qalır”

“Cənub Qaz Dəhlizi bizim tarixi nailiyyətimizdir və bunun başa çatmasına az vaxt qalır. Bir daha demək istəyirəm ki, bizim bütün yataqlarımızda görülən işlər məqsədyönlü şəkildə aparılır", -deyən ölkə başçısı onu da vurğulayıb ki, bir layihə o biri layihəni şərtləndirir: “Əgər 1994-cü ildə “Azəri”, “Çıraq” və “Günəşli” üzrə kontrakt imzalanmasaydı, heç bir başqa layihədən söhbət gedə bilməzdi. Əgər “Şahdəniz” üzrə kontrakt imzalanmasaydı, bu gün biz nəinki başqa ölkələrin, öz enerji təhlükəsizliyimizi təmin edə bilməzdik. Çünki “Şahdəniz” bizim üçün əsas mənbədir. Biz bütün bu işləri görməklə Avrasiyanın yeni enerji xəritəsini tərtib edirik və Azərbaycan uzun müddət bundan sonra bir çox ölkələr üçün strateji tərəfdaş olaraq qalacaqdır”.

“1990-cı illərin əvvəllərində Azərbaycanın o vaxtkı rəhbərliyi – AXC-Müsavat cütlüyü torpaqlarımızın işğal altına düşməsinə imkan yaratdı”

“Bu gün Azərbaycan vaxtilə - 1990-cı illərdə tərk edilmiş “Qarabağ” yatağına qayıdır və bu, nəhəng dayaq bloku bunun əyani sübutudur”. –deyən Prezident İlham Əliyev bütün bu hadisələrin səbəbkarları Azərbaycanın o vaxtkı rəhbərliyi – AXC-Müsavt cütlüyü idi: “Yəni, onların xəyanəti, satqınlığı, fərariliyi nəticəsində torpaqlarımız işğal altına düşmüşdür. Azərbaycan, - əgər belə analogiya aparmaq mümkündürsə, - Qarabağı tərk etmişdi. Biz 2016-cı ildə torpaqlarımızın bir hissəsini qaytardıq, işğalçıları o torpaqlardan qovduq və o ərazilərə həyat qayıtdı, vətəndaşlar qayıtdı, Azərbaycan qayıtdı. Əminəm ki, Azərbaycan öz doğma torpağına, Qarabağ torpağına qayıdacaq. Bizim ərazi bütövlüyümüz tam bərpa ediləcək, necə ki, bu gün biz vaxtilə tərk edilmiş “Qarabağ” yatağına qayıdırıq, eyni qaydada biz doğma Qarabağ torpağımıza da qayıdacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!".

Bəli, nə qədər çətin zaman dövründə yaşasaq da, Azərbaycan Prezidenti İlham Əliyevin düşünülmüş və uğurlu iqtisadi, siyasi və xarici siyasəti nəticəsində ölkəmiz tarixi hadisələrə imza atır, bu siyasət isə xalqımızın firavan və yüksək rifahına hesablanmış tarixi nəticələrdir: “Bu yatağın istismara verilməsi Azərbaycanın neft strategiyasının daha uğurla reallaşdırılmasına və ölkəmizin neft gəlirlərinin artmasına böyük töhfə olacaq”

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə