Milli mətbuatımız inkişaf yolundadır

Ulu Öndər Heydər Əliyevin Azərbaycan mətbuatı üzərindən dövlət senzurasının ləvğ ediməsi ilə bağlı imzaladığı Fərmandan 22 il ötür

Dünyada informasiya məkanının gündən-günə genişləndiyi, beynəlxalq təbliğat fəaliyyətinin ayrı-ayrı ölkələrin imicinə, daxili həyatına ciddi təsir göstərdiyi müasir dövrdə kütləvi informasiya vasitələrimiz daha peşəkar, obyektiv və prinsipial, yüksək milli şüur və vətənpərvərlik göstərərək Azərbaycanın dövlətçilik maraqlarını hər şeydən uca tutur. Qloballaşma dövründə cəmiyyətin inkişafına ciddi təsir göstərən, dünyada demokratiya və informasiya azadlığının mühüm vasitəsi hesab edilən kütləvi informasiya vasitələri ictimai fikrin formalaşdırılmasında mühüm rol oynayır.

Azərbaycan mətbuatı mürəkkəb, lakin şərəfli inkişaf yolu keçərək bütün zamanlarda xalqımızın şanlı tarixinin güzgüsü olub və bu gün də belədir. Bu ənənə yeni çalarla yaşayır və davam etdirilir. Respublikamızın ictimai-siyasi, sosial-iqtisadi həyatında demokratik dəyərlər daha geniş şəkildə bərqərar olub, müstəqil dövlətçiliyin siyasi, iqtisadi və hüquqi dayaqları möhkəmlənib və Azərbaycan dövləti söz və mətbuat azadlıqlarının qanunvericilik bazasının demokratikləşdirilməsi istiqamətində yeni-yeni addımlar atıb. Ölkəmizdə söz və mətbuat azadlığının təmin olunması istiqamətində dövlətimiz tərəfindən ciddi addımlar atılır, bu sahənin inkişafı ilə bağlı bir sıra uğurlu layihələr həyata keçirilir.

Təbii ki, Azərbaycanda söz azadlığının bərqərar olunması və onun əsas daşıyıcısı olan müstəqil mətbuatın yaradılması Ulu Öndər Heydər Əliyevin adı, siyasi və dövlətçilik fəaliyyəti ilə sıx bağlıdır. Azərbaycan müstəqilliyini qazandıqdan sonra yeni demokratik mətbuatımız azadlıq və müstəqillik dəyərlərinin təbliğatçısına çevrildi. 1993-cü ildən başlayaraq, KİV-in inkişafında əldə olunmuş nailiyyətlər Ümummilli Lider Heydər Əliyevin bu sahəyə müstəsna diqqət və qayğısı nəticəsində gerçəkləşdi. Ulu Öndərin KİV-in maddi-texniki bazasının yeniləşdirilməsi və möhkəmləndirilməsi, sərbəst fəaliyyət üçün əlverişli şərait yaradılması ilə bağlı həyata keçirdiyi ardıcıl və məqsədyönlü tədbirlər milli mətbuatımızın tarixinin mühüm faktlarıdır. 1995-ci ildə qəbul olunan Azərbaycan Respublikasının Konstitusiyasında ölkə vətəndaşlarının təhlükəsiz yaşamaq, söz, fikir və vicdan azadlığı təsbit edildi. Bir il sonra 1996-cı il noyabrın 15-də "Dövlət sirri haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edildikdən sonra Nazirlər Kabineti yanında Dövlət Sirlərini Mühafizə edən Baş İdarənin ("Qlavlit") iş metodlarında müsbətə doğru ciddi dəyişikliklər edildi. Ulu Öndər Heydər Əliyevin 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə təsdiq edilən "İnsan Hüquqlarının Müdafiəsinə dair Dövlət Proqramı" isə vətəndaşların konstitusiyada əksini tapmış söz, mətbuat və fikir azadlıqlarının təminatına əlverişli imkanlar açdı. Ulu Öndərin 1998-ci il 6 avqust tarixli Fərmanı ilə Nazirlər Kabineti nəzdində mətbuatda və digər kütləvi informasiya vasitələrində dövlət sirlərini mühafizə edən baş idarə ləğv edilmiş, bununla da, mətbuata tətbiq edilən senzura aradan qaldırılmış, milli mətbuatın inkişafı yolunda yeni perspektivlər açılmışdır. Həmin Fərmanla Azərbaycanda milli mətbuatın demokratik inkişafına dövlət qayğısı modeli təqdim edilmişdir. Ümummilli Lider Azərbaycana rəhbərlik dövründə, nəinki senzuranı ləğv etmiş, həm də azad mətbuatın qarantı olmuş, milli mətbuatımızın peşəkarlığının artırılmasına təkan vermişdir. Senzuranın ləğvindən sonra kütləvi informasiya vasitələri üzərindən əlavə dəyər vergisi götürülmüş, ölkəyə gətirilən qəzet kağızına tətbiq olunan gömrük rüsumu tamamilə azaldılmışdır. Bu Fərman kütləvi infromasiya vasitələrinin sürətli inkişafına ciddi təkan verdi.

Respublikamızın ictimai-siyasi, sosial-iqtisadi həyatında demokratik dəyərlərin daha geniş şəkildə bərqərar olması, müstəqil dövlətçiliyin siyasi, iqtisadi və hüquqi dayaqlarının möhkəmlənməsi prosesi sürətləndikcə, Azərbaycan dövləti söz və mətbuat azadlıqlarının qanunvericilik bazasının demokratikləşdirilməsi istiqamətində yeni-yeni addımlar atır. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev söz və mətbuat azadlıqlarının inkişafını respublikanın demokratikləşməsi prosesinin vacib amili kimi dəyərləndirir. Söz və mətbuat azadlığını yüksək qiymətləndirən ölkə Prezidenti çıxışlarının birində "Bütövlükdə, söz və informasiya azadlığı hər bir ölkə üçün, ölkənin inkişafı üçün ən vacib olan məsələlərdən biridir" deyərək söz və informasiya azadlığı, demokratiyanın inkişafı, hüquqi dövlətin qurulmasının Azərbaycanda çox vacib olan məsələlər olduğunu qeyd edib: "Mən hesab edirəm ki, bu sahədə ölkəmiz çox böyük və uğurlu yol keçmişdir". Müasir dövrümüzdə cöz və mətbuat azadlığı cəmiyyətdə demokratiyanın meyarı və ölçüsü rolunu oynayır.

Dövlət başçısı İlham Əliyevin səyi ilə qəzet-jurnalların maliyyə-təsərrüfat fəaliyyəti üçün əlverişli şərait yaradılıb, onların borcları ləğv edilib. Ölkəmizdə mətbu nəşrlərin sərbəst fəaliyyətinə və jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etmələrinə bütün imkanların yaradılmasına tam şərait var. 2005-ci il 21 iyul tarixində "Azərbaycan mətbuat işçilərinin təltif edilməsi haqqında", "Azərbaycan mətbuat işçilərinə fəxri adların verilməsi haqqında", habelə, "Kütləvi informasiya vasitələrinə maliyyə yardımı göstərilməsi haqqında" sərəncamların imzalanması jurnalistlərin əməyinə yüksək qiymətin təzahürüdür. Prezident İlham Əliyevin 2008-ci il 31 iyul tarixli "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında", eləcə də, "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyasının təsdiq edilməsi haqqında" sərəncamları isə təsdiqləyib ki, ölkəmizdə mətbuata göstərilən dövlət qayğısı davamlı və sistemli səciyyə daşıyır. Dövlət başçısının 2009-cu il 3 aprel tarixli "Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması haqqında" Sərəncamı da, məhz konsepsiyada əksini tapmış məsələlərin praktik surətdə gerçəkləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Jurnalistlərin mənzil probleminin həlli üçün Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan maliyyə vəsaitlərinin ayrılması da mətbuata yüksək diqqət və qayğının bariz təcəssümüdür. Belə ki, 2010-cu ildə ölkə jurnalistlərinin sosial müdafiəsinin möhkəmləndirilməsi, mətbuat işçilərinin mənzil şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış binasının tikilməsi məqsədilə dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna, ilkin olaraq, 5 milyon manat vəsait ayrıldı. Həmin vəsait hesabına jurnalistlər üçün 156 mənzildən ibarət 17 mərtəbəli bina inşa olunaraq, media nümayəndələrinə verildi. Daha sonra bu qayğı və diqqətin nümunəsi olaraq, dövlət tərəfindən ikinci bina tikilərək, 255 jurnalistə mənzillər verildi. Azərbaycan dünyada bəlkə də yeganə ölkədir ki, kütləvi informasiya vasitələri nümayəndələri üçün dövlət tərəfindən pulsuz olaraq yaşayış binaları inşa olunur və onlara verilir. Bu, bir daha sübut edir ki, ölkəmizdə KİV nümayəndələrinin yüksək səviyyədə fəaliyyət göstərmələri, azad mətbuatın təmin edilməsi ilə yanaşı, dövlətimiz jurnalistlərin mənzil-məişət məsələlərinin həllinə, onların yaşayış şəraitinin yaxşılaşdırılmasına da xüsusi diqqətlə yanaşır. Ölkəmizdə jurnalistlərin məişət problemlərinin həlli üçün bundan sonra da addımlar atılacaq.

Bütün bunlar, həm də təsdiqləyir ki, Azərbaycan hakimiyyəti ölkədə söz və mətbuat azadlığının başlıca təminatçısıdır və bu sahədə həyata keçirilən islahatları demokratikləşmə prosesinin mühüm tərkib hissəsi kimi dəyərləndirilir.

Göründüyü kimi, Azərbaycan dövləti azad söz, azad mətbuat problemlərini, tam mənada, həll etməyi qarşıya məqsəd qoyub və bu istiqamətdə zəruri addımlar atılır. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən, bütün sahələrdə olduğu kimi, milli mətbuat da diqqətdə saxlanılır və ona həssaslıqla yanaşılır. Bu gün artıq mətbuatımızın 145 yaşı var. Məlumdur ki, Azərbaycan Prezidenti milli mətbuatın 145 illik yubileyinin keçirilməsi haqqında 30 iyun tarixində Sərəncam imzalayıb. Milli Mətbuat günün də isə Cənab Prezidentin imzaladığı bir sıra sərəncamları dövlətimizin milli mətbuatımıza olan diqqət və qayğısını bir daha təsdiqləmiş oldu. Dövlət başçısının sərəncamları ilə Azərbaycan Respublikasının kütləvi informasiya vasitələrinin bir sıra əməkdaşlarına fəxri adlar, mükafatlar verildi. Eləcə də, Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə əlavə maliyyə yardımı göstərmək və Azərbaycan milli mətbuatının 145 illik yubileyi ilə əlaqədar tədbirlər təşkil etmək üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 300,0 (üç yüz) min manat ayrılıb. Həmin sərəncamla Azərbaycanda fəaliyyət göstərən özəl ümumölkə teleradio yayımçılarının "Azerspace-1" peyki və digər vasitələrlə yayım həyata keçirməsinə əlavə dəstək verilməsi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurasına 3.0 (üç) milyon manat ayrılıb. Bütün bunlar mətbuatımıza göstərilən diqqəti davamdır.

Təbii ki, respublikamızın tarixi inkişafında əldə olunmuş yüksək nailiyyətlər milli mediamız qarşısında da yeni vəzifələr qoyur. Bu gün belə diqqət və qayğı ilə əhatə olunan Azərbaycan mətbuatı müasir informasiya cəmiyyəti quruculuğunda, sosial ədalət və şəffaflığın təmin edilməsində, milli həmrəyliyin və tolerantlığın möhkəmləndirilməsində, demokratik özünüdərkin, siyasi mədəniyyətin inkişafında, milli-mənəvi və ümumbəşəri dəyərlərin qorunub-saxlanması və təbliğində mühüm rol oynamalıdır. Azərbaycan jurnalistikası obyektivlik, qərəzsizlik və vətənpərvərlik prinsiplərinə əməl etməlidir. Hər bir mətbuat işçisi istənilən vəziyyətdə məsuliyyət hissini unutmamalıdır. Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladğı kimi, bu gün ölkəmizin artan imkanları kütləvi informasiya vasitələrinin, o cümlədən, milli mətbuatımızın inkişafı üçün kompleks tədbirlərin həyata keçirilməsinə şərait yaratmışdır.

Bu gün müharibə şəraitində yaşayan, ərazisinin 20 faizinin hələ də işğal altında olan bir dövlətdə mətbuat işçiləri daha böyük məsuliyyətlə çalışmalıdırlar. Müasir dövrdə ölkə mediasının üzərinə mühüm vəzifələr düşür. İlk növbədə, mətbuatda peşəkarlıq əsas normalardan birinə çevrilməli, KİV-də milli maraqların qorunması hər bir jurnalist üçün vacib mənəvi məsələ olmalıdır. Yeni mərhələnin siyasi reallıqları mətbuatın cəmiyyətdə təkcə rolunu deyil, həm də sosial öhdəliklərini, məsuliyyətini artırır. Ölkənin taleyüklü məsələlərinə münasibətdə mətbuat nümayəndələrindən əsl vətəndaş mövqeyi, milli təəssübkeşlik nümunəsi tələb edir. Bu qədər dövlət qayğısı ilə əhatə olunan mətbuatımız zamanın meyarlarını və tələblərini hər zaman diqqətdə saxlamalıdır.

ZÜMRÜD BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə