Bu döyüşdə qələbə bizim olacaqdır!

Qarabağ Müharibəsi Əlilləri, Veteranları, Şəhid Ailələri İctimai Birliyinin Nizami Rayon Filialının üzvləri ölkə başçısı İlham Əliyevin bu kateqoriyadan olan insanlara göstərdikləri diqqət və qayğı barədə fikirlərini oxucularla bölüşüblər. SİA həmin yazını təqdim edir:

Ölkə Prezidenti 22 iyul 2020-ci ildə Xətai rayonunda müharibə əlilləri, şəhid ailələri və rayon ictimaiyyəti ilə görüşü zamanı çıxışında bildirmişdir ki, şəhid ailələrinin, müharibə əlillərinin problemləri daim dövlətimizin diqqət mərkəzindədir. Son illər ərzində bu sahədə dövlətimiz tərəfindən mühüm işlər görülmüşdür və görülməkdədir. Bu kateqoriyadan olan 8000 ailə mənzillərlə təmin edilmişdir, 7000 nəfər isə, minik avtomobilləri ilə təmin edilmişdir. Cari ildə 1500 şəhid ailəsi və müharibə əlili mənzillərlə təmin edilir və bu işimiz davamlı olacacaqdır.

Bundan əlavə, Azərbaycan hökuməti qaçqın və köçkün ailələrinin problemlərini həll edir və həll etmək əzmindədir. Təkcə bu il yeddi mindən artıq bu kateqoruyadan olan ailələr mənzillə təmin ediləcəkdir. Sevindirici haldır ki, özəl sektorumuz da, bu sahədə mühüm işlər görməyə meyillidir. Belə təşəbbüslə çıxış edən “Kapital Bank” 68 mənzil tikərək bu kateqoriyadan olan insanlara təhvil vermişdir. Özəl şirkət olan “Paşa Holdinq” tərəfindən Qobu qəsəbəsində üç şəhərcik tikilərək istifadəyə verilmişdir. 4000 köçkün ailəsi burada mənzillə təmin edilmişdir. Bundan əlavə bu şəhərciklərdə məktəb komplekləri, tibb müəssisələri, mədəni-maarif, məişət, ticarət obyektləri də tikilib, bu əhalinin istifadəsinə verilmişdir. Görülən bu işlər ölkə başçısının apardığı düzgün siyasətin və vətəndaş həmrəyliyinin bariz nümunəsidir.

Ölkə başçısı Xətai rayonu ictimaiyyəti qarşısındakı çıxışı zamanı bildirmişdir ki, bu gün onun göstərişinə uyğun olaraq pensiyalar orta hesabla 27 faiz, işlək təbəqənin orta əməkhaqqı isə 25 faiz artıb. Bundan əlavə cosial sahədə bir çox daha böyük işlər görülüb. Belə ki, şəhid ailələrinə verilən müavinətlər 250 manatdan 300 manata, köçkünlərimizin müavinətləri 50% artırılıb. Müharibə veteranlarına verilən müavinət də 80 manata çatdırılmışdır və bu son deyil. İlin sonuna kimi bir sıra sosial paketlərin icrası istiqamətində mühüm işlərin görülməsi nəzərdə tutulur.

Prezident bildirmişdir ki, bu gün bizim də ölkəmiz pandemiya dövrünü yaşayır. Açıq deməliyik, bu hal bütün dünyanı az qala böhran vəziyyətinə çatdırmışdır. Bundan başqa digər neft ölkələri kimi bizim ölkəmizin də neftin qiymətinin dünya bazarında aşağı düşməsi nəticəsində gəlirləri azalmışdır. Bunu nəzərə almayaraq, biz respublikamızda sosial layihələrə ayrılan vəsaitlərin azalmasına yol verməmişik və heç vaxt verməyəcəyik.

Prezident son zamanlar baş verən erməni təxribatlarından danışaraq, qeyd etmişdir ki, illərdir ölkəmizi məcburi şəkildə dərin müharibəyə cəlb etməyə çalışan Ermənistan əzəli torpaqlarımız olan Dağlıq Qarabağda, ətraf yeddi rayonlarımızda hərbi təxribatlar törətməkdən usanmayır. Qulaqlarına qədər maddi-iqtisadi çətinliklər bataqlığında üzən Ermənistan öz vətəndaşlarının fikrini müharibə etməklə hakimiyyət çevrilişindən yayındırmağa çalışır. Odur ki, Ermənistan hakimiyyəti və onun başında duran Nikol Paşinyan həyasızcasına öz məkrli hərbi-terrorçuluq siyasətini yürütməyə çalışır. Bu müharıbə terrorçularının 12 iyulda Tovuz rayonu istiqamətində iriçaplı atıcı silahlardan və artileriya qurğularından istifadə edərək, ölkəmizə basqın etməyə çalışması buna bariz misaldır. Məhz bunun nəticəsində şəhidlərimiz olub, qan tökülüb, o cümlədən mülki vətəndaşımız həlak olub. Ermənistan ordusu Tovuz rayonu istiqamətində bizim hərbi mövqelərimizi, torpaqlarımızın bir hissəsini zəbt etmək üçün namərdcəsinə, qəflətən artilleriya hücumu təşkil edib və bunun nəticəsində hərbçilərimiz həlak olub, yaralanıb. Qisas əməliyyatı nəticəsində onlarla düşmən, onların texnikası məhv edilib.

Ermənistanın bu azğınlığının qarşısını almaq naminə paytaxt Bakıda minlərlə insan meydanlara axışdı. Minlərlə insan Prezidentinə, Dövlətinə, Orduysuna dəstək göstərdi. Belə birlik bizi sevindirir. Necə ki, mən dəfələrlə qeyd etmişəm “biz bir olanda güclüyük”. Bir müddətdir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin məntəqələrinə gənclərimiz, Birinci Qarabağ Müharibəsinin veteranları axın edirlər. Mənə verilən məlumata görə artıq əlli mindən çox insanımız könüllü olaraq, düşmənlə döyüşə getmək üçün ərizə ilə müraciər etmişdir. Bizim dövlətimizin siyasəti ədalətli siyasətdir, beynəlxalq hüquqa, tarixi ədalətə söykənir və biz istədiyimizə nail olacağıq. Bu yolda bizim ölkəmiz tək deyildir. Onlarla dost-qardaş ölkələr bizim apardığımız siyasəti bəyənir və yanımızdadırlar. Bu son təxribatı zamanı necə deyərlər, ölümcül zərbə alan düşmən Ermənistanın rəhbəri Nikol Paşinyan KTMT-yə qaçdı, təcili yardım istədi ki, ay aman tez gəlin, Azərbaycan ordusu ölkəmizə hücum edib. Amma buna heç cürə nail ola bilmədi. KTMT-nin 6 üzvündən üçü beynəlxalq təşkilatlar yolu ilə Azərbaycana dəstək göstərdi

İlham Əliyev cənabları Azərbaycanın müstəqilliyi, azadlığı, insanlarının rifahı və ölkəmizin güclənməsinin daim diqqət mərkəzində olacağını ictimaiyyət qarşısında növbəti dəfə bəyan etdi. Prezident qeyd etdi ki, bizim üçün bir nömrəli milli məsələ - Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllidir. Bizə təklif edilən münaqişənin yarımçıq həlli bizə lazım deyil. Azərbaycanın suverenliyi, ərazi bütövlüyü tam təmin edilməlidir. Azərbaycan vətəndaşları işğal edilmiş bütün torpaqlara, o cümlədən Şuşaya qayıtmalıdır. Azərbaycanın ərazi bütövlüyü danışıqlar predmeti olmayıb və heç bir vaxt olmayacaqdır. Qaçqın və köçkünlərimiz öz doğma yurdlarına hökmən qayıdacaqlar.

Biz də Birinci Qarabağ Müharibəsi iştirakçıları kimi vicdanımızın çağırışına səs verərək, bu həssas anda ALİ BAŞ KOMANDANIN ətrafında sıx birləşməyə, onun əmri ilə, Qarabağ uğrunda döyüşə atılacaq avanqard zabit və əsgərlərimizin ilk sırasını bəzəyəcəyimizə söz veririk. Döyüş alnimiza yazılıb. Bu döyüşdə ədalət bizimdir, qələbə də bizim olacaqdır!

Çox hörmətlə:

MƏHİ MEHTİYEV, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları, Şəhid Ailələri İctimai Birliyinin Nizami Rayon Filialının sədri

İdarə Heyətinin üzvləri: Fərhad BAĞIROV, İzzət ŞİRİNOV, Qəhrəman QASIMOV, Mərdan ŞAHIYEV

Bütün xəbərlər Facebook səhifəmizdə