Bütün insanlığı düşünən lider

Dünya böyük gərginlik içərisindədir. Milli sədlərin nə olduğunu bilməyən koronovirus pandemiyası əməlli-başlı xaos yaratmışdır. Bu ciddi təhlükəyə qarşı lokal mübarizələr isə lazımi effekt vermir. Bu ayrıca götürülmüş hər hansı bir yerdə mümkün olsa belə, dünyadan təcrid olunmuş şəkildə yaşamaq mümkünsüz görünür. Belə məqamlarda bəşər həyatına fəal surətdə müdaxilə etməyi bacaran,insanlıq naminə dövrün həyəcanlarından narahat olan liderlərə çox böyük ehtiyac hiss olunur. Bu ehtiyac və gözləntilər fonunda bəşəriyyətin xilası uğrunda mübarizəyə səsləyən çağırış və təşəbbüs Azərbaycan Prezidenti İlham Əliyevdən gəldi.

Dövlətimizin başçısı dünyanın 120 ölkəsini birləşdirən Qoşulmama Hərəkatının sədri kimi Hərəkatın Təmas Qrupu formatında koronovirusla mübarizəyə həsr olummuş "COVİD-19-a qarşı birlikdəyik " mövzusunda Zirvə görüşündə BMT Baş Assambleyasının COVİD-19 pandemiyasına həsr olunmuş xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə çıxış etdi. Tədbirdə Qoşulmama hərəkatı üzv dövlətləri ilə yanaşı BMT-nin Baş Katibi, BMT Baş Assambleyasının Prezidenti, Ümumdünya Səhiyyə Təşkilatının Baş Direktoru, Afrika İttifaqı və Avropa İttifaqı kimi beynəlxalq təşkilatların yüksək çinli nümayəndələri də iştirak etdilər.

Zirvə görüşündəki nitqində Prezident İlham Əliyev koronovirus pandemiyasının bütün dünya dövlətlərinə mənfi təsir göstərdiyini bildirdi,bu bəlanın və onun törətdiyi fəsadların aradan qaldırılması Hərəkata üzv dövlətlərin və bütün bəşəriyyətin qarşısında duran ən vacib problem olduğunu vurğuladı. Dövlət başçısı qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçılarının səviyyəsində videokonfrans formatında xüsusi sesiyasının keçirilməsı təklifini irəli sürdü Təklif Qoşulmama Hərəkatının 120 üzv dövlətləri arasında yekdilliklə razılaşdırılmışdır.

Bundan sonra QH-nin sədri Prezident İlham Əliyev QHölkələri adından BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təklifi ilə BMT Baş Katibi Antonio Quterreşə müraciət ünvanlamışdır. Prosedura görə BMT-yə üzv olan ölkələrin 97-sinin təşəbbüsə dəstək verdiyi təqdirdə xüsusi sessiya təşkil olunmalıdır. Bunun üçün müəyyən olunmuş vaxtın bitməsinə qədər 130-a qədər ölkə təşəbbüsə dəstək verdikləri barədə Baş Katibin ofisini məlumatlandırmışlar. Prezidentin təşəbbüsünə nəinki Qoşulmama Hərəkatına üzv dövlətlər,eləcə də Avropanın əksər dövlətləri,o cümlədən Avropa İttifaqı üzvləri, Asiya, Afrika, Latın Amerikası regionlarının aparıcı dövlətləri dəstək bildiriblər..

BMT-nin 130-dan çox üzv dövləti tərəfindən İlham Əliyevin təşəbbüsünün dəstəklənməsi onun yüksək beynəlxalq nüfuzunun göstəricisidir. Azərbaycanın və onun Prezidentinin uğurlarını mənimsəyə bilməyən Ermənistan bu məsələdə də özünü rüsvay etdi. Dünyanın pandemiya ilə üz-üzə olduğu,bütün ölkələrin bu məsələdə beynəlxalq həmrəyliyə və əməkdaşlığa ehtiyac duyduğu bir vaxtda, Ermənistanın bu mövzuda yüksək səviyyəli iclasın keçirilməsinin əleyhinə olmasının əsas səbəbi təbii ki, təşəbbüsün Azərbaycan tərəfindən irəli sürülməsidir. Ermənistanın ən ali dəyər olan insan sağlamlığı məsələsinin müzakirəsinə bu cür yanaşması onun anti humanist, anti insani və anti bəşəri mövqeyindən xəbər verir. Təcavüzkar Ermənistan növbəti dəfə məhz bu müstəvidə göründü. Ermənistandan fərqli olaraq Azərbaycan koronavirusla mübarizədə həm ölkə daxilində, həm də dünyada fəal rol oynayır. Azərbaycan qlobal səviyyədə bu mübarizəyə 5 milyon ABŞ dolları vəsait ayırıb. ÜST-ün Baş Direktoru Azərbaycanın pandemiyaya qarşı mübarizəyə verdiyi qlobal töhfəni yüksək qiymətləndirib. Möhtərəm Prezident əlbətdə ilk növbədə ölkəmizi böyük bəlalardan qoruyur. Onun vaxtında atdığı uğurlu addımlar,verdiyi müdrik qərarlar sayəsində ölkəmiz koronovirusa qarşı qətiyyətlə mübarizə aparır. Prezidentin atdığı hər bir addım insanlarda nikbinlik yaradır. Hər kəs bilir ki, cənab Prezident birinci növbədə insanları düşünür. Ölkədə insanların həyatı, sağlamlığı yaranmış iqtisadi vəziyyətdən üstün tutulur. Buna görə ölkəmizdə vətəndaş-dövlət etimadı mövcuddur.

Bu gün Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın regionda və dünyada müttəfiqlərinin sayını xeyli artırmışdır. Ölkəmiz yalnız regionda gedən proseslərə deyil,eyni zamanda beynəlxalq aləmdə cərəyan edən proseslərə də təsir göstərmək imkanı qazanmışdır. Ona görə də dünyanı narahat edən və həyati əhəmiyyətli problemlərdə əksər dövlətlərin başçıları Azərbaycan Prezidentinin mövqeyi ilə hesablaşırlar.

Göründüyü kimi İlham Əliyev pandemiya təhdidinin qarşısının alınması üçün beynəlxalq birliyin səylərini səfərbər etmək üçün qlobal təşkilatları məharətlə əlaqələndirir. Bunlar bir daha göstərir ki, Azərbaycan Prezidenti İlham Əliyev kamil dövlət xadimi olmaqla yanaşı, həm də geniş, qlobal dünyagörüşə, analitik təhlil bacarığına, praqmatik baxışlara malik olan mükəmməl siyasi xadimdir. O, mövcud siyasi reallıqları inkişafda olan ictimai proseslərlə böyük məharətlə uzlaşdırır. Biz yeni dünya düzənində Azərbaycana başucalığı gətirən qüdrətli siyasətçi kimi İlham Əliyevlə fəxr etməkdə tam haqlıyıq. Bir də ona görə qürurlanırıq ki, İlham Əliyev siyasəti dünya siyasətinin parlaq simalarından olan Ulu öndər Heydər Əliyevin ideyalarından və Azərbaycan xalqının milli-mənəvi dəyərlərindən güc alır. Xalqımız həmişə həm milli, həm də bəşəri təfəkkürü vəhdətdə götürüb və onu əxz etmiş millət kimi tanınıb. Möhtərəm Prezidentimiz bunu bir daha dünyaya nümayiş etdirdi.

Daha bir tarixi fakt bunun bariz nümunəsi ola bilər: İkinci dünya müharibəsi dövründə Leninqradda böyük Nizaminin Yubileyinin keçirilməsi münasibətilə Nikolay Tixonov yazmışdı: "Nizami zülmət və şər qüvvələrinə qarşı mübarizədə, faşizmə qarşı mübarizədə bizim müttəfiqimizə çevrilmişdir". Bu misalı ona görə gətirdim ki, insanların şər naminə deyil, xeyir naminə birləşdirilməsinin bizim mənəviyyat xəzinəmizdən gəldiyi hər kəsə aydın olsun. O cümlədən Azərbqaycan Prezidentinin təşəbbüsünə qarşı çıxanlara da.

İnanırıq ki, xüsusi sessiya pandemiya ilə mübarizədə dünya dövlətlərinin həmrəyliyinin artmasına , beynəlxalq əməkdaşlığın güclənməsinə öz töhfəsini verəcək, dünya dövlətləri bəşəriyyəti qorxunc koronovirus təhlükəsindən qorumaq üçün Azərbaycan Prezidenti İlham Əliyevin xilaskarlıq missiyasında onunla müttəfiq olacaqlar.

Məzahir Bayramov

YAP Tovuz Rayon Təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...