Görülmüş işlərə ən böyük qiyməti Azərbaycan xalqı verir

Görülmüş işlərə ən böyük qiyməti Azərbaycan xalqı verir

Hamımızın ümumi evi olan planetimiz hazırda qlobal bir təhlükə ilə üz-üzə qalıb. Artıq bir müddətdir ki, sürətlə yayılan COVID-19 (koronavirus) pandemiyası nəticəsində dünyanın dörd bir yanında xüsusi karantin qaydaları tətbiq edilir, insanlar sosial təcrid şəraitində yaşayırlar. 3 milyondan çox insanın yoluxduğu bu virus 200 mindən çox can alıb. Əfsuslar olsun ki, COVID-19 (koronavirus) pandemiyası ölkəmizdə də yayılmaqdadır. Dünyada olduğu kimi, Azərbaycanda da pandemiyanın qarşısının alınması və vətəndaşların sağlamlığının qorunması istiqamətində ciddi və təxirəsalınmaz işlər görülür. Cənab Prezidentin tapşırığı ilə dövlət qurumları vətəndaşların təhlükəsizliyinin təmin olunması üçün bütün imkanlarını səfərbər edərək bu prosesə qoşulub. Respublikanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da xalqımıza müraciətlərində qeyd etdiyi kimi, respublikada bütün işlər Azərbaycan Prezidentinin xüsusi diqqətindədir, onun qətiyyətli rəhbərliyi və 24 saatlıq tam nəzarəti altında aparılır.

Hazırda dövlətimiz koronavirus pandemiyası ilə mübarizəyə bütün mümkün maddi imkanlarını yönəldib. Ölkəmizin səhiyyə sistemi, güc strukturları, bütövlükdə dövlət idarəçiliyinin bütün strukturları, eyni zamanda, kütləvi informasiya vasitələri bu bəşəri bəlanın aradan qaldırılması istiqamətində bütün səylərini birləşdiriblər.

Respublika ərazisində koronavirus pandemiyasının yayılmağa başladığı ilk dönəmlərdən virusun qarşısının alınması istiqamətində ciddi preventiv tədbirlərə start verilib. Bu tədbirlər sırasında Nazirlər Kabineti yanında Operativ Qərargahın və Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılmasını xüsusilə qeyd etməliyik. Bundan başqa, kütləvi tədbirlərin qadağan edilməsi, xüsusi karantin rejiminin tətbiqi, xaricdəki Azərbaycan vətəndaşlarının təhlükəsiz şəkildə ölkəyə gətirilməsi, ictimai iaşə obyektlərinin fəaliyyətinin məhdudlaşdırılması, sərhədlərin bağlanması, ərzaq təhlükəsizliyinin təmini istiqamətində mühüm addımların atılması, tibb işçilərinin əməyinin qiymətləndirilməsi, sahibkarların, eləcə də aztəminatlı ailələrin sosial müdafiəsi istiqamətində mühüm qərarların qəbul edilməsi və həyata keçirilən digər tədbirlər pandemiya ilə mübarizədə dövlətimizin sistematik şəkildə fəaliyyət göstərdiyinin sübutudur. Biz də cəmiyyət olaraq dövlətin bu sistemli fəaliyyətini dəstəkləməklə pandemiyadan minimum itkilərlə qurtula bilərik. Koronavirusun tezliklə bitməsi üçün hər kəsin öz vətəndaş məsuliyyətini dərk edərək milli həmrəylik göstərməsi mühüm əhəmiyyət kəsb edir. Vəziyyətin nə dərəcədə ciddi olduğunu anlayaraq maksimum şəkildə milli birlik nümayiş etdirməliyik. Ümummilli səfərbərlik tələb edən pandemiya ilə mübarizə prosesində hamımızın öz fərdi və ictimai məsuliyyətimizi dərindən dərk edərək dövlətin yanında yer almağımız vacibdir. Bu günlərdə vətəndaş olaraq hamımızın qarşısında duran əsas vəzifə dövlətin müəyyənləşdirdyi qaydalara və karantin rejiminə ciddi riayət etməkdir. Əlbəttə, gündəlik həyat düzənimizin köklü şəkildə dəyişməsi bizi çətinliklərlə üz-üzə qoyub. Lakin bu halın müvəqqəti olduğunu düşünərək ailəmiz, yaxınlarımız və bütövlükdə Vətənimiz qarşısında məsuliyyətli davranmaq mənəvi borcumuzdur.

Vətəndaş məsuliyyəti və milli həmrəylik tandemi pandemiyanın cəngindən xilas olmaq üçün əsas qurtuluş yolumuzdur. İndi hamımızın ümdə vəzifəsi dövlətin bununla bağlı müəyyənləşdirdiyi vahid yol xəritəsi üzrə hərəkət etməkdir. Azərbaycan Prezidenti cənab İlham Əliyev də xalqa müraciətində qarşımızda duran bütün vəzifələrin həllində milli birlik və həmrəyliyi əsas hərəkətverici, stimullaşdırıcı amil kimi səciyyələndirir.

Nailə Nəsirova, Zabrat Bələdiyyəsinin sədri

Bütün xəbərlər Facebook səhifəmizdə