"Belə davam etsə yoluxma sayı üç rəqəmlə ifadə olunacaq" ÖZƏL - AÇIQLAMA
"Nazirlər Kabineti yanında yaradımış Operativ Qərargahın karantin qaydalarını yumşaltmaqla bağlı qərarından sonra insanların qaydalara riayət etmədiyinin, biganəlik nümayiş etdirdiklərinin şahidi olduq. Bizdə olan məlumata görə, həm Bakı şəhərində, həm də rayonlarımızda əhali təhlükəsizlik qaydalarına riayət etmir. Küçələrdə heç kəs qoruyucu maska taxmır, sosial təhlükəsizlik məsafəsini saxlamır, mağazalarda, marketlərdə iki metrlik məsafə qaydaları saxlanılmır və avtobuslarda yenə də sıxlıq müşahidə edilir". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin sədri Anar Xəlilov deyib.
Onun sözlərinə görə, artıq, insanlar əlcək və qoruyucu maskalardan istifadə etmirlər və ictimai nəqliyyatda, eyni zamanda taksilərdə say etibarilə insan sıxlığı olur, heç bir təhlükəsizlik qaydaları gözlənilmir: "Bu da ondan xəbər verir ki, Azərbaycan vətəndaşı artıq bu məsələyə biganə və laqeyd yanaşır. Təbii ki, Azərbaycan koronavirus pandemiyası ilə ən uğurlu şəkildə mübarizə aparan ölkələrdən biridir. Ölkə Prezidenti İlham Əliyev də qeyd etdi ki, koronavirusun birinci dalğası riskindən çıxa bildik və bu görünür, insanlarda arxayınçılıq yaratdı. İnsanlar düşünürlər ki, ölkədə virus deyilən bir şey yoxdur və bundan əlavə sosial şəbəkələrdə bu məsələyə qarşı dırnaqarası baxanlar var. Təbii ki, bəzi qüvvələr bunu qəsdən edirlər. Bəzilərinin "virus yoxur", "bu oyundur" kimi ifadələr səsləndirməsi gülməlidir. Ekspert oldu-olmadı, bu sahənin adamı oldu-olmadı fikir sözləyən və əhalini çaşdırmaqla məşğul olan insanlar var. Bunlar yolverilməzdir. Bu təhlükə hələ də qalmaqdadır. Bütün dünyada hər gün 5-6 min orta hesabla insan həlak olur və 80 minə yaxın insan isə yoluxur.
Azərbaycan hökuməti pandemiyaya qarşı bütün səyərini ortaya qoyub. Ölkə Prezidenti İlham Əliyev Azərbaycan vətəndaşını, onun sosial rifahını və ölkə iqtisadiyyatını düşünür, lakin, çox təəssüflər olsun ki, vətəndaşlarımız bu cür davranacaqlarsa dövlətin çəkdiyi bu əziyyət hədər gedəcək. Bunun qarşısı alınmalıdır".
Anar Xəlilov insanlara hansı yolla çağırış edə biləcəyimizdən də danışaraq bildirib ki, bunu sahənin ekspertləri, ziyalılarımız, vətəndaş cəmiyyətləri, Kütləvi İnformasiya Vasitələri ilə bunu həyata keçirə bilərik, xüsusilə də mediada bu istiqamətdə təbliğatı gücləndirə bilərik: "Bütün bunlarla yanaşı məişət qaydalarına riayət olunmaması ilə bağlı hökmən cərimə sistemi tətbiq olunmalıdır. Sərt karantin qaydalarının tətbiq olunduğu dövrdə şəhərdə insanlar demək olar ki, çox az idi. Eyni zamanda avtomobillərin də sayı tamamilə azalmışdı. Onlar postlar vasitəsilə yoxlanılırdı və qayda pozuntusu aşkar edildikdə cərimə tətbiq edilirdi. Qoruyucu maska taxmayan, əlcək geyinməyən, sosial məsafəni saxlamayan şəxslər cərimə olunmalıdırlar. Ancaq bu yolla və təbliğatla bunun qarşısını almaq olar.
Eyni zamanda koronavirusdan sağalmış şəxslərlə ki, onların sayı kifayət qədər çoxdur, müsahibələr təşkil edilməlidir. Onların keçirdiyi hisləri cəmiyyətə çatdırmaq lazımdır. Çünki, müəyyən bir inamsızlıq hökm sürür. Burada da müəyyən məsələlər var hansı ki, öz rolunu oynayır və vətəndaşlar da bu cür düşünürlər. Bu vəziyyət narahatedicidir. Əgər belə davam edərsə Azərbaycanda yoluxma sayı 3 rəqəmli ifadə olunacaq. Bununla da ölüm halları da artacaq. Azərbaycan vətəndaşlarına bir daha müraciət edərək demək istərdim ki, təhlükəsizlik qaydalarına riayət etsinlər və özlərini, yaxınlarını, ailələrini, bütövlükdə cəmiyyəti düşünsünlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB