23 Aprel - Dünya Kitab və Müəllif Hüquqları Günüdür

23 Aprel - Dünya Kitab və Müəllif Hüquqları Günüdür

Azərbaycan Respublikasında 23 Aprel - "Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü" 1997-cı ildən qeyd olunur.

Bu tədbirin keçirilməsində məqsəd kitabların insan həyatındakı böyük əhəmiyyətini vurğulamaq, müəlliflik hüququnun mədəni irsin yaranmasında və qorunub saxlanmasındakı rolunu göstərmək və davamlı iqtisadi inkişafda və informasiya cəmiyyətinin formalaşmasındakı əhəmiyyətini diqqətə çatdırmaq, əqli mülkiyyətin yaradıcılarına olan hörmət və ehtiramı nümayiş etdirməkdir.

Tarixən xalqımızın maddi və qeyri-maddi mədəni irsi saxtalaşdırılma və özgəninkiləşdirilmə təhlükələri ilə qarşılaşıb. Bu hal xüsusilə qeyri-maddi mədəni irsin başqa xalqlar tərəfindən mənimsənilməsi şəklində həyata keçirilib. Mədəni irsimizə qarşı yönəlmiş təhdidləri ermənilərin timsalında daha çox görmək olar. Əsasən də şifahi xalq ədəbiyyatımızın populyar nümunələri, o cümlədən dastanlar, nağıllar, xalq musiqisi xəzinəsinə daxil olan xalq mahnılarımız, milli musiqi alətlərimiz, o cümlədən balaban, kamança, saz və s. Azərbaycan mətbəxinə daxil olan xörək növləri, Azərbaycan xalçaları mənimsənilir. Adları qeyd olunan mədəniyyət nümunələrinin, o cümlədən "Koroğlu" və "Aşıq Qərib" dastanlarının ermənilər tərəfindən mənimsənilərək özününküləşdirilməsinə həmişə cəhd edilib və hal-hazırda da davam etdirilir. Azərbaycan xalçaları İran xalçaları adı altında beynəlxalq sərgilərdə nümayiş etdirilir. Bundan başqa, Azərbaycanın məşhur xalq mahnısı "Sarı gəlin" beynəlxalq festivallarda erməni xalq mahnısı kimi təqdim edilir. Eyni vəziyyət Azərbaycan mətbəxinə məxsus olan xörəklər və musiqi alətlərinə aiddir. Torpaqlarımızın 20 faizindən çoxunu işğal altında saxlayan ermənilər tərəfindən Azərbaycan mədəniyyət nümunələrinin mənimsənilməsi onların saxtalaşdırma siyasətinin göstəricisidir. Bir sıra hallarda görürsən ki, Azərbaycana aid musiqi nümunələrinin müəlliflərini anonim adı ilə təqdim edirlər. Bu minvalla müəllif hüquqları kobud şəkildə pozulur. Azərbaycanın milli-mənəvi, mədəni dəyərlərinin oğurlanmasında, hər zaman olduğu kimi, ermənilər daha çox canfəşanlıq göstərir. Məsələn, dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun "O olmasın, bu olsun" musiqili komediyası əsasında çəkilmiş eyni adlı filmdəki hamam səhnəsində ifa olunan mahnının eləcə də Azərbaycan klassik musiqi sənətinin görkəmli nümayəndəsi Fikrət Əmirov “Qarabağ Azərbaycanın incisi” kompozisiyası “Artsax” kompozisiyası adı altında ermənilər tərəfindən oğurlanması deyilənlərə əyani sübutdur. Görünən odur ki, bədxah qonşumuz Azərbaycanın mədəni irsini, o cümlədən xalq mahnılarını, rəqslərini, bəstəkarlarımızın əsərlərini həmişə oğurlayıb. Tarixi Azərbaycan torpaqları üzərində yoxdan dövlət yaradan ermənilər indi də mədəni irsimizi mənimsəyib öz adına çıxarmağa çalışır. Ermənilərin bu riakar amallari həm də "Ədəbi və bədii əsərlərin qorunması haqqında" beynəlxalq Bern Konvensiyasının tələblərini pozur.

"Çap edilmiş sözün tarixi - insanlığın tarixidir. Şəxsiyyətin özünü təsdiqində və sosial islahatların həyata keçirilməsində kitabın təsir imkanlarının analoqu yoxdur. Şəxsi təəssuratları əks etdirərək və eyni zamanda dərin sosial təzahür forması olaraq, kitablar insanlar arasında, cəmiyyətlər daxilində, dövrlərin dialoqunun formalarının müxtəlifliyini təmin edir". Bunu YUNESKO-nun Baş direktoru İrina Bokova "Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü" ilə əlaqədar 2014-cü ildəki müraciətində qeyd etmişdir.

İlk dəfə olaraq müəllif hüquqları anlayışı Almaniyada meydana çıxmışdır. Əvvəllər yalnız ədəbiyyat sahəsinə aid edilən bu ifadə 1870-ci il iyunun 11-dən etibarən mülkiyyətin bütün formalarını birləşdirmişdir.

23 Aprel – dünya ədəbiyyatında simvolik tarixdir.

YUNESKO-nun 1996-cı il tarixli qərarı ilə hər il bütün dünyada 23 aprel dünya şöhrətli dramaturqlar Vilyam Şekspir (1564-1616), Migel de Servantes (1547-1616) və yazıçı-tarixçi İnka Qarsilaso de la Veqanın şərəfinə Beynəlxalq Kitab və Müəllif Hüquqları günü kimi qeyd edilir. Hər üç yazıçını onların ölüm günü - 23 aprel 1616-cı il tarixi birləşdirir. Bu tarix kitablara və müəlliflərə dünya miqyasında ehtiram göstərmək, hər kəsi bəşəriyyətin məkan və zaman sərhədlərini aşaraq ideyaları paylaşmaq üçün ən gözəl ixtiradır. Alimlər kitab oxumağın vacibliyinin 5 ən zəruri səbəbini də aydınlaşdırıblar. Birincisi, kitab oxumaq bütün xəstəliklərin 60%-nin, həmçinin insult və ürək-damar xəstəliklərinin səbəbi olan stressi aradan qaldırır. Sözsüz ki, həyatımızı stresslərdən qorumaq bizim əlimizdə deyil. Lakin kitab oxumaq stressin insan orqanizminə neqativ təsirini azaldır. İkincisi, kitab oxumaq beynin koqnitiv funksiyanı və yaddaşı yaxşılaşdırır. Üçüncüsü, kitab oxumaq yuxunun keyfiyyətini artırır. Yəni yuxululuqla yuxusuzluq arasındakı keçidi yüngülləşdirir ki, bunu da smartfonlar haqqında demək olmaz. Dördüncüsü, kitab oxumaq sosial bacarıqları təkmilləşdirir. Mütaliəli insanlar yaxşı dərk edə və başqa insanların nə fikirləşdiklərini hiss edə bilirlər. Sonuncu və ən vacib səbəb isə odur ki, kitab oxumaq hər kəsin intellektual səviyyəsini artırır. Həftə ərzində 3,5 saatdan çox mütaliə ilə məşğul olan insanların erkən ölüm riski heç kitab oxumayanlara nisbətən 23% aşağı düşür.

Kitablara və müəlliflərə ehtiram məqsədi ilə təsis olunan Beynəlxalq Kitab və Müəllif Hüquqları günü həm də hamını, xüsusilə də gəncləri mütaliədən zövq almağa, bəşəriyyətin sosial və mədəni inkişafında əməyi olmuş sənətkarların əvəzsiz irsinə hörmətlə yanaşmağa çağırış günüdür.

Hər şeyin başlanğıcı insanın tükənməz təbii resurslarından irəli gələn yaradıcılığıdır, əqli fəaliyyətidir. Bu fəaliyyətin nəticələri obyektivləşərək, maddi daşıyıcıda əksini taparaq, yazıya, kitaba çevrilir. "Kitab", "Müəllif" və "Müəlliflik hüququ" anlayışları yaranan andan bir-biri ilə qırılmaz təmasda olub. "Yaradıcıdan, müəllifdən - əlyazmaya, kitaba", "əlyazmadan, kitabdan - müəlliflik hüququna" - bu üzvi əlaqələr bir tərəfdən tarixi ardıcıllığı, digər tərəfdən isə müəlliflik hüququnun yaradıcılıqdakı əhəmiyyətini göstərir. Bugünkü rəqəmli dünyanın köklü dəyişikliklərinə baxmayaraq, kitab öz əhəmiyyətini qoruyub saxlamışdır. Dahi Nizaminin "tükənməz mənəvi qida", Şekspirin "tacdan qiymətli", böyük Sabirin "ilk dostum", maarifçi-alim Zərdabinin "qiymətli dəfinə" adlandırdıqları kitab bilik mənbəyi olaraq qalmaqdadır. Dünya mədəniyyətinin inciləri sırasında Azərbaycanın "Kitabi-Dədə Qorqud"unu xüsusi qeyd etmək lazımdır. N.Tusi, Q.Təbrizi, Həbibulla Gəncəvi, Ə.Marağayi, Xaqani, M.Beyləqani, Məhsəti Gəncəvi, Nizami, Füzuli, Nəsimi və digər Azərbaycan alimləri və şairlərinin əlyazmaları orta əsrlərdən günümüzə qədər gəlib çatması məhz kitabların çap olunması sayəsində mümkün olmuşdur.

Hər bir yaradıcı insanın öz əsərinə müəllif hüququ vardır. Bu, vətəndaş hüququnun elm, ədəbiyyat, incəsənət əsərlərinin yaradılması və sonrakı fəaliyyəti ilə əlaqədar münasibətlərini tənzimləyən bir bölməsidir və müəllif hüquqlarının qorunması ilə bağlı beynəlxalq konvensiyalarla tənzimlənir.

Əlaqədar beynəlxalq təşilatların yaydığı statistikaya görə hazırda dünyada 900 milyona yaxın insan savadsızdır, 100 milyondan çox uşaq təhsildən kənarda qalır.

"RESURS" Analitik-İnformasiya Mərkəzi

Bütün xəbərlər Facebook səhifəmizdə