Xalq Azərbaycan Prezidentinin fəaliyyəti barədə nə düşünür? - MƏKTUBLAR

Xalq Azərbaycan Prezidentinin fəaliyyəti barədə nə düşünür? - MƏKTUBLAR

Azərbaycanda koronavirus epidemiyasının qarşısının alınması istiqamətində görülən qabaqıayıcı tədbirlər öz müsbət nəticəsini verməkdədir. Ölkə Prezidenti İlham Əliyevin insanların sağlamlığının qorunması ilə bağlı verdiyi sərəncamlar ölkə əhalisi tərəfindən vətəndaşına göstərinlən diqqət və qayğı kimi qiymətləndirilir. Bunu Prezidentin saytına istinadla yayılan minnətdarlıq məktublarıda təsdiqləyir.

Daşkəsən rayon sakinləri Abbas Tağıyev, Saleh Qurbanov, Oktay Cəfərov və İdris Bağırov Prezidentə ünvanladıqları minnətdarlıq məktublarında koronavirusun ölkəmizdə yayılmasının qarşısının alınması istiqamətində görülən işlərin təqdirəlayiq olduğunu qeyd edirlər. Onlar yazırlar: “Hörmətli Cənab Prezident, koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması istiqamətində Sizin rəhbərliyinizlə görülən işlər təqdirəlayiqdir. Qəbul edilən qərarlara uyğun olaraq rayonumuzda da xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar-epidemioloji normalara şərtsiz əməl olunması üçün zəruri tədbirlərin görülməsi davam etdirilir. Küçə və prospektlərdə, ayrı-ayrı ərazilərdə, yaşayış binalarında və inzibati binalarda dezinfeksiya işləri aparılır. Aztəminatlı ailələrə maddi yardım göstərilir, əhalinin sağlamlığının qorunması üçün mühüm tədbirlər görülür.

Ağcabədi rayonunun sakini Natiq Əlişov yazır: “Möhtərəm cənab Prezident, dünyanı bürümüş yeni koronovirus pandemiyasının respublikamızda yayılmasının qarşısının alınması istiqamətində gördüyünüz bütün tədbirlər bir daha sübut etdi ki, hər zaman olduğu kimi Azərbaycan Prezidenti öz xalqının yanındadır. Əminik ki, bu birlik bizə belə ağır sınaqdan qələbə ilə çıxmağa imkan verəcək. Rəhbərliyinizlə vaxtında görülmüş operativ və təxirəsalınmaz tədbirlər nəticəsində hazırda respublikamızda koronovirus pandemiyasına qarşı səmərəli mübarizə aparılır. Koronavirusa qarşı mübarizə tədbirləri ilə bağlı imzaladığınız sərəncamlar, açılan yeni xəstəxanalar, yeni müəssisələr göstərir ki, Azərbaycan bu çətin sınaqdan alnıaçıq çıxacaq. Dövlətimiz bu gün də öz vətəndaşının sağlamlığını qorumaq və pandemiyanın yayılmasının qarşısını almaq üçün səylərini davam etdirir. Xalqımızın bu bəladan minimum zərərlə xilas olacağına əminliklə inanırıq. Xalqımıza göstərdiyiniz dəstəyə və qayğıya görə Sizə və Mehriban xanıma bütün qarabağlılar adından təşəkkürümü bildirir, Sizə və ailənizə uzun ömür, cansağlığı arzu edirəm.

Avropa Gimnastika İttifaqının prezidenti Fərid Qayıbov İsveçrə Konfederasiyasının Lozanna şəhərindən yazır: “Hörmətli cənab Prezident, hazırda bütün dünyada koronavirus pandemiyası ilə mübarizə aparıldığı bir zamanda ölkəmizdə tərəfinizdən vaxtında lazımi qabaqlayıcı tədbirlərin görülməsi, əhalinin sağlamlığının qorunması istiqamətimdə görülən operativ işlərə görə Sizə dərin təşəkkürümü bildirirəm. Bütün idman növlərində olduğu kimi, Sizin daimi diqqət və qayğınızı hiss edən Azərbaycan gimnastları məşqlərini dayandıraraq xüsusi karantin rejiminin qaydalarına riayət etməkdədirlər. Bu gün dünyadakı çətin vəziyyətə baxmayaraq, ölkəmizdə ailəsinin əhatəsində evdə qalan hər bir şəxsin ruhdan düşməməsi və müsbət düşünməsi sayənizdə gələcəyə inamla baxmasından qaynaqlanır. Azərbaycanda hər bir sahədə olduğu kimi, idman sahəsində də yaradılan şərait paytaxtımızda keçirilən gimnastika növləri üzrə mötəbər beynəlxalq yarışlarda iştirak edən nümayəndə heyətləri tərəfindən də yüksək qiymətləndirilir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Azərbaycan Gimnastika Federasiyası tərəfindən fevral ayında təşkil olunmuş batut gimnastikası üzrə dünya kubokunda artıq ölkəmizin koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına yönəlmiş profilaktik tədbirlər görməsi böyük təqdirlə qarşılanmışdı. Mart ayında isə Operativ Qərargahın kütləvi tədbirlərin təxirə salınması qərarına müvafiq olaraq idman gimnastikası üzrə dünya kubokunun final mərhələləri ləğv olundu. Bir sıra ölkələr tərəfindən sərhədlərin bağlandığı bir vaxtda bütün iştirakçıların müvafiq dövlət strukturlarının dəstəyi sayəsində yola salınmasından sonra nümayəndə heyətlərinin rəhbərləri ölkəmizə xüsusi təşəkkürlərini bildirdilər. Avropanın gimnastika federasiyalarının mövcud olduğu 50 ölkəsində koronavirusa qarşı mübarizə aparılır. Bu ölkələr arasında hələ qlobal pandemiya elan olunmamışdan əvvəl Sizin rəhbərliyinizlə Azərbaycan koronavirusa həssas yanaşması ilə seçilirdi. Hazırkı vəziyyətlə əlaqədar bütün dünyada olduğu kimi, aprel və may aylarında Bakıda keçirilməsi planlaşdırılan bədii gimnastika üzrə dünya kuboku, aerobika gimnastikası üzrə dünya yaş qrupları yarışları və dünya çempionatının, o cümlədən kişi idman gimnastikası üzrə Avropa çempionatının keçirilməsi təxirə salınıb. Əminəm ki, COVID-19-un Azərbaycanda geniş yayılmasının qarşısını alınması üçün gördüyünüz bütün bu tədbirlər nəticəsində ölkəmiz qlobal pandemiya sınağından layiqincə çıxacaq, idmançılarımız məşqlərini bərpa edəcək və təxirə salınmış idman tədbirlərinə ölkəmiz yeni tarixlərdə yüksək səviyyədə ev sahibliyi edəcək”.

Tərtər rayonunun Bəyimsarov kəndinin sakini, 1-ci dərəcəli “Əmək” ordenli fermer Fazil Vəliyev yazır: “Möhtərəm cənab Prezident, bu çətin günlərdə - ölüm kabusunun insanların aldığı hər nəfəsdə dolaşarkən xalqla birlikdə olduğunuza, COVID-19 pandemiyasının ölkəmizdə qarşısının alınması üçün qabaqlayıcı tədbirlər gördüyünüzə görə Sizə minnətdarıq. İnanırıq ki, dünya tezliklə bu bəladan xilas olacaq, həyatımız əvvəlki axarına düşəcək. Çox hörmətli Prezidentimiz, biz fermerlər Sizin yürütdüyünüz siyasəti dəstəkləyirik, ətrafınızda sıx birləşmişik. Çünki Siz dediyiniz kimi, “Biz birlikdə güclüyük!”. Tanrı Sizi qorusun!”.

Bakı şəhəri Yasamal rayonunun sakini Veysəl Vəliyev ölkəmizdə koronavirusun geniş yayılmaması istiqamətində görülən işlərin əhəmiyyətini vurğulayaraq yazır: “Çox hörmətli, qayğıkeş Prezidentimiz, hazırda dünya dəhşətli bir bəla ilə üz-üzədir. Azərbaycan bu qlobal problemdən az itki ilə çıxmaq üçün ciddi addımlar atır. Bütün bunlar Sizin həyata keçirdiyiniz səmərəli tədbirlərin nəticəsidir. Mən O.Kutafin adına Moskva Dövlət Hüquq Universitetində magistr təhsili alıram və Sizin göstərişinizlə martın 27-də xüsusi reyslə Rusiyadan ölkəmizə gətirilən tələbələrdən biriyəm. Bizi Heydər Əliyev Beynəlxalq Aeroportundan birbaşa Atletlər Kəndinə apardılar. Əvvəlcədən burada hər cür şərait yaradılmışdı. Ölkəmizin malik olduğu bu imkanlar məni qürurlandırdı. Çünki böyük dövlətlərin koronavirusa qarşı mübarizədə necə aciz qaldıqlarını hamı görür. Ancaq xaricdən gələn tələbələrimizə burada göstərilən diqqət və qayğı mükəmməl idi. Səliqə-sahman, vaxtında düzgün qidalanma, müayinə, həkimlərin xüsusi diqqəti məni çox sevindirdi. Karantində 14 gün qaldıqdan sonra evimizə göndərildik. Artıq ailəmə qovuşmuşam. Cənab Prezident, karantin müddətində mənə göstərilən diqqət və qayğıya görə həm öz adımdan, həm də valideynlərimin adından Sizə dərin minnətdarlığımı bildirirəm. Nə yaxşı ki, Azərbaycanımızın Sizin kimi lideri var. Siz hər zaman Azərbaycanı böyük bəlalardan qoruyursunuz. Ona görə də mən bir Azərbaycan gənci olaraq Sizinlə fəxr edirəm. Bir hüquqşünas kimi söz verirəm ki, yürütdüyünüz müstəqil siyasətinizin hər zaman dəstəkçisi olacağam. Tanrı Sizi qorusun!”.

Gəncə şəhər sakinləri Rəşad Əliyev, Nurlana Bəşirova, Akif Salmanov və Telman Quliyev görülən işlərin vətəndaşlarımız tərəfindən rəğbətlə qarşılandığını bildirərək yazırlar: “Çox hörmətli cənab Prezident, koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində atdığınız addımlar və verdiyiniz sərəncamlar vətəndaşlar tərəfindən böyük rəğbətlə və alqışla qarşılanır. Bu işlərə görə Sizə dərin minnətdarlığımızı bildiririk. Biz Sizə və dövlətimizə hər zaman güvənmişik. Pandemiya dövründə də belə oldu. Çox sağ olun ki, Sizə bəslənən ümidləri və güvəni hər zaman doğruldur, xalqımıza ruh yüksəkliyi bəxş edirsiniz. Ulu Tanrı hər zaman dayağınız olsun, cənab Prezident!”.

Biləsuvar rayonunun sakini Məhərrəməli Kazımlı yazır: Hörmətli Prezidentimiz, Sizin uzun illərdir ölkəmizin səhiyyə sahəsində həyata keçirdiyiniz əsaslı islahatlar öz bəhrəsini verməkdədir. Yeni səhiyyə ocaqlarının istifadəyə verilməsi, ölkəmizdə yüksək səviyyəli tibbi heyətin formalaşmasına hesablanmış dövlət siyasəti imkan verəcək ki, koronavirus infeksiyasının daha az zərərlə aradan qaldırılmasına nail olaq. Bu çətin günlərdə modul tipli tibb müəssisələrinin yaradılması, tibbi maska istehsalı müəssisəsinin istifadəyə verilməsi Sizin çevik fəaliyyətinizin bariz nümunələridir. Biz - Biləsuvar veteranları Sizin bu fəaliyyətinizi alqışlayırıq. Cənab Prezident, qeyd etmək istəyirik ki, bütün bu tədbirlərin həyata keçirilməsində Sizinləyik. Biz birlikdə güclüyük!”.

Bakı şəhərinin Suraxanı rayonunun sakinləri Sədaqət Manafova, İsmayıl Caniyev, Şahin Qəzənfərov, Rövşən Cabbarov, Zaur Məmmədovxanov və Validə Abdullayeva yazırlar: Hörmətli cənab Prezident, son illər respublikamızda aparılan abadlıq-quruculuq işləri Suraxanı rayonundan da yan keçməyib. Bu işlər Sizin imzaladığınız dövlət proqramlarının, fərman və sərəncamların icrası ilə mümkün olub və insanların rifahının yaxşılaşmasına, işsizliyin aradan qaldırılmasına xidmət edib. İlin əvvəlindən Yeni Suraxanı qəsəbəsində bir neçə küçə və yaşayış məntəqəsində daxili yollara asfalt örtüyün çəkilməsi bütün qəsəbə sakinlərini çox sevindirdi. Bundan sonra insanlar və avtomobillər bu yollarla daha rahat hərəkət edəcək. Bütün hallarda insanların rahatlığını düşünərək onların qayğısına qaldığınıza görə Sizə minnətdarlığımızı bildiririk. Tanrı Sizi qorusun!”.

Bərdə rayonunun Şorəlli kəndində yaşayan Qarabağ müharibəsi veteranı, Ağdərə rayonundan məcburi köçkün Nazim Paşayev: “Möhtərəm cənab Prezident, dünyanı bürüyən pandemiya ilə əlaqədar Sizin vaxtında gördüyünüz tədbirlər və verdiyiniz tapşırıqlar sayəsində ölkəmizdə epidemiyanın qarşısının alınmasına nail olundu. Keçmiş döyüşçü olaraq mən Sizi dövlətimizin həm Prezidenti, həm generalı, həm də sərhəddə, səngərdə məğrur dayanan bir əsgəri adlandırardım. Allah köməyiniz olsun. Sizin Azərbaycan xalqına göstərdiyiniz ata, qardaş qayğısı tarixboyu xatırlanacaq. Var olun, cənab Prezident! Biz döyüşdük, amma torpaqlarımızı, xalqımızı layiqincə qoruya bilmədik. Ancaq Siz xalqımızı böyük bəladan qorudunuz və qoruyursunuz. İnşallah, Allahın köməyi ilə Sizin sayənizdə biz bu bəladan üzüağ və minimum itki ilə çıxacağıq. Sizə uğurlar arzulayıram”. Quba rayonunun sakini Tehran Əmiraslanov: “Hörmətli cənab Prezident, hazırda dünya gözəgörünməz bir virusla böyük mübarizə aparır. Bu pandemiya ölkəmizdən də yan keçmədi. Bu arzuolunmaz “qonaq” əlbəttə ki, bir gün bizləri tərk edəcək. Sizin sözlərinizlə desək, bu çətinlikdən də ən az zərərlə qurtulmaq lazımdır. Sizin təxirəsalınmaz tapşırıqlarınız və ciddi nəzarətiniz ilə ölkəmizdə böyük tədbirlər görüldü və görülməkdədir. Əhaliyə göstərilən diqqət ölkənin hər yerini - bütün şəhər, rayon, kənd və qəsəbələri əhatə edir. Bu proseslər biz vətəndaşların gözü önündə baş verir və buna görə də Sizə təşəkkür edirik. Cənab Prezident, pandemiyadan əziyyət çəkən aztəminatlı ailələrə və sahibkarlara göstərdiyiniz yardım təqdirəlayiqdir. Buna görə rayonumuzun sakinləri adından Sizə təşəkkür edirik. Rayonumuzun sahibkarları, o cümlədən mən Sizlərin sahibkarlara göstərdiyiniz yardımlardan yararlandıq. Sizə bir daha minnətdarlığımı bildirirəm”.

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə