"Karantin rejimi havanın təmizlənməsinə səbəb olub" Umayra Tağıyeva

"Karantin rejimi havanın təmizlənməsinə səbəb olub" Umayra Tağıyeva

“Bütün dünyada olduğu kimi Azərbaycanda da tətbiq olunan karantin rejimi dövründə atmosferə atılan tullantıların miqdarında xeyli azalma müşahidə olunur. Bu, faktı təsdiqləyən monitorinq nəticələri də göstərir ki, əgər mart ayının birinci ongünlüyündə nəqliyyatdan atmosferə atılan tullantıların miqdarı yol verilən qatılıq həddindən idisə, martın 22-də həmin nöqtələrdən götürülən nümunələrin analizi görsədir ki, atmosferdə çirkləndirici maddələrin miqdarı 25-30 faizə qədər azalıb”. SİA-nın xəbərinə görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva məlumat verib.

O bildirib ki, növbəti monitorinq aprelin 7-də aparılıb: “Monotorinq zamanı məlum olub ki, həmin zərərli maddələrin miqdarı 45- 50 faizə qədər azalıb. Bunun özü kifayət qədər təmizlənmə deməkdir. Əlbəttə ki bütün bunlar karantin rejimi ilə əlaqədar olaraq bütün dünyada bir çox müəssisələrin öz fəalyyətini mədudlaşdırması, nəqliyyatın sıxlığının azalması ilə bağlıdır”.

Xidmət rəisi söyləyib ki, atmosfer havasına atılan tullantılar sırf insan fəaliyyəti ilə bağlı olan məsələdir: “ Hazırki vəziyyət bir neçə müddət davam edə bilər. Lakin reallıq ondan ibarətdir ki, biz nəhayət gündəlik həyatımıza dönəcəyik və iqtisadiyyat mütləq inkişaf etməlidir. Biz hazırki dövrü dəyərləndirməli, ondan faydalanmalıyıq. Nəticələri görərək anlamalıyıq ki, qısa müddət ərində təbiət özünü bərpa edə bilir. Lazım gələrsə ekologiyanı bu yolla xilas etmək mümkündür”.

U. Tağıyeva qeyd edib ki, ətraf mühitə təzyiqlər azaldılmalıdır: “Bunun müxtəlif yolları var. İqtisadiyyat inkişaf etməlidir. Lakin bu inkişaf yaşıl reyslərlə getməlidir. Yeni texnologiyalar tətbiq edilməlidir. Bizim hər birimiz bu işə töhfə verə bilərik”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə