Ermənistanın ABŞ-dakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib

Fevralın 28-də ABŞ Azərbaycanlıları Şəbəkəsi (USAN) Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar Ermənistanın Vaşinqtondakı səfirliyi qarşısında etiraz aksiyası keçirib. SİA xəbər verir ki, aksiyada Azərbaycan icmasının Vaşinqtonda və onun ətrafında yaşayan üzvləri iştirak ediblər.

Nümayişçilərin əllərindəki plakatlarda Ermənistanın Azərbaycana qarşı təcavüzü və Xocalı soyqırımı haqqında faktlar əks olunub. Həmçinin dünya birliyinə müraciətlə Xocalı soyqırımını dövlət səviyyəsində tanımaq şüarları, bu faciənin ABŞ-ın bir çox ştatı, dünyanın bir sıra ölkələri tərəfindən tanınması və pislənməsi haqqında məlumatlar yer alıb.

Ermənistanın Vaşinqtondakı diplomatik missiyasının rəhbərlərinə müraciətində ABŞ Azərbaycanlıları Şəbəkəsinin həmsədri Bədir Məmmədli 1992-ci ilin fevralın 26-da Xocalıda 613 mülkü şəxsin erməni hərbçiləri tərəfindən amansızcasına qətlə yetirildiyini bildirib.

Aksiya zamanı “Ermənistan - qeyri-müstəqil nökər dövlət”, “Erməni terrorunu pisləyin!”, “Xocalı qırğını bir daha təkrarlanmamalıdır!”, “Ermənistan etnik təmizləmədə təqsirkardır!”, “Ermənistana ar olsun!”, “Ermənistan, Qarabağdan rədd ol!”, “Uşaq qatilləri!”, “Ermənistan vassal dövlətdir!”, “Amerikalı vergi ödəyicilərindən pul diləndiyiniz yetər!”, “Biz Xocalını unutmayacağıq!”, “Azərbaycan torpaqlarından əl çəkin!”, “Ermənistan, beynəlxalq hüquqa riayət et!”, “Paşinyana ar olsun!”, “Köçəryan, Sarkisyan, Ohanyan cinayətkardırlar” və sair şüarlar səsləndirilib.

Etiraz aksiyasının iştirakçıları Ermənistan hökumətini Xocalı soyqırımını tanımağa çağırıb. Həmçinin erməni silahlı qüvvələrinin Azərbaycandan dərhal çıxarılmasını, girovların azad olunmasını və azərbaycanlı məcburi köçkünlərin doğma yurdlarına qayıtması üçün şəraitin yaradılmasını tələb ediblər. İcma üzvləri Ermənistan hökumətini Azərbaycanın Dağlıq Qarabağ regionunun digər yaşayış məntəqələrində, o cümlədən Malıbəyli, Quşçular, Ağdaban və Qaradağlıda da dinc azərbaycanlı əhalinin kütləvi şəkildə qətlə yetirilməsi faktlarını tanımağa çağırıblar. Aksiya iştirakçıları Ermənistanın BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 nömrəli qətnamələrinin tələblərini yerinə yetirməsinə çağırışlar ediblər.

Ermənistan səfirliyinin qarşısındakı etiraz aksiyasına Nyu-York və digər ştatlardakı Azərbaycan icmasının üzvləri də qatılıb.

Sonra aksiya iştirakçıları Türkiyənin Vaşinqtondakı səfirliyin qarşısında toplaşaraq son günlərdə Suriyada şəhid olmuş əsgərlərlə əlaqədar qardaş ölkəyə başsağlığı verib, Azərbaycan icması adından öz dəstəklərini bildiriblər.

Qeyd edək ki, ABŞ Azərbaycanlıları Şəbəkəsi Xocalı qətliamı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq bu kütləvi qırğının tanınması tələbləri ilə bağlı hər il etiraz aksiyası keçirir. Bununla yanaşı, şəbəkə artıq 13 ildir ki, Amerika ictimaiyyətini Xocalı soyqırımı və ermənilərin digər hərbi cinayətləri barədə məlumatlandırmaq üçün müxtəlif kampaniyalar həyata keçirir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...