Xocalı soyqırımı insanlığa qarşı cinayətdir

Xocalı soyqırımı Azərbaycan tarixinə ötən əsrdə insanlıq əleyhinə törədilmiş ən dəhşətli və faciəli hadisələrdən biri kimi daxil olmuşdur.

Tarix boyu xalqımıza qarşı terror, kütləvi qırğın, deportasiya və etnik təmizləmə kimi bəşəri cinayətlər törətmiş erməni şovinistlərinin Xocalıda törətdikləri hərbi cinayət, xalqımıza qarşı yürüdülən növbəti düşmənçilik siyasətinin təzahürü idi.

1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə aylarla mühasirədə saxlanılan Xocalı şəhəri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının ağır hərbi texnikası və hərbi heyətinin birbaşa dəstəyi ilə erməni silahlı qüvvələri tərəfindən yerlə-yeksan edildi, əliyalın dinc əhaliyə xüsusi amansızlıqla divan tutuldu. Hücum zamanı 25 tank, 87 zirehli döyüş maşını, 28 piyada döyüş maşını, 45 artilleriya top sistemindən istifadə edildi.

Dörd aydan artıq müddət ərzində mühasirədə saxlanılan 3 minə yaxın mülki əhali erməni zülmündən xilas olmaq üçün öz doğma yurd-yuvalarını tərk etmək məcburiyyətində qaldı. Soyuq və qaranlıq gecədə çöllərə, meşələrə üz tutan Xocalı sakinləri ağlagəlməz müsibətlərlə, dözülməz əzab-əziyyətlərlə qarşılaşdılar.

Çox təəssüflər olsun ki, həmin dövrdə mərkəzi hakimiyyət tərəfindən Xocalıya heç bir yardım olunmaması səbəbindən əhalinin böyük bir hissəsi quduzlaşmış erməni cəlladlarının xain hücumundan xilas ola bilmədi, nəticədə erməni zülmünün qurbanına çevrildilər.

Azğınlaşmış erməni cinayətkarları uşaq, qoca demədən insanları xüsusi amansızlıqla qətlə yetirirdilər. Mühasirədən qurtulmağa müvəffəq olmuş şəxsləri isə meşələrdə, çöllərdə pusqu quraraq girov götürür, onlara tarixdə görünməmiş müxtəlif işgəncələr verərək vəhşicəsinə qətlə yetirirdilər.

Nəticədə bu qanlı faciyə zamanı aralarında 63 nəfər uşaq, 106 nəfər qadın, 70 nəfər ahıl, qoca olmaqla ümumilikdə 613 nəfər qətlə yetirilmiş, 487 nəfər isə aldığı güllə yaralarından əlil olmuşdur. Faciə zamanı Xocalının 1275 dinc sakini girov götürülmüşdür ki, onlardan 197 nəfərinin sonrakı taleyi hələ də məlum deyildir.

Hərbi təcavüz nəticəsində 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir. Soyqırım zamanı qətlə yetirilənlərdən 56 nəfəri xüsusi qəddarlıqla qətlə yetirilmiş, onların başları kəsilmiş, gözləri çıxarılmış, başlarının dəriləri soyulmuş, bədən əzaları kəsilmiş, diri-diri yandırılmış, hamilə qadınların hələ dünyaya göz açmayan məsum körpələri bətinlərindən yarılaraq çıxarılmışdır.

Hesablamalara görə şəhərin işğalı nəticəsində dövlət əmlakına və mülki əhalinin şəxsi əmlakına külli miqdarda maddi ziyan dəymişdir.

Xocalı faciəsinin adı indi tarixə dinc əhalinin soyqırımı olaraq daxil olmuş və hərbi cinayətlər olaraq yaddaşlardan heç vaxt silinməyən Xatın, Ruanda, Srebrenitsa və Holokost kimi faciələrlə birgə çəkilir.

Bütün dünyanın gözü önündə törədilmiş bu dəhşətli soyqırıma ilk siyasi-hüquqi qiymət isə məhz ümummilli lider Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə yenidən qayıdışından sonra verilmişdir. Belə ki, Azərbaycan Respublikası Milli Məclisinin 1994-cü il 24 fevral tarixli 791 nömrəli qərarı ilə fevralın 26-ı Xocalı soyqırımı günü olaraq elan edilmiş və bu qanlı faciə barədə beynəlxalq təşkilatlara müraciət ünvanlanmışdır.

Ulu öndər Heydər Əliyev Xocalı soyqırımı ilə əlaqədar Azərbaycan xalqına müraciətində bu amansız kütləvi qırğının tarixi-siyasi mahiyyətini bu cür göstərmişdir: “Xocalı faciəsi 200 ilə yaxın bir müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir… Bu amansız və qəddar soyqırım aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu…”.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Xocalı soyqırımı ilə əlaqədar xalqa ünvanladığı müraciətində, bu faciənin insanlığa qarşı ən qəddar və amansız kütləvi terror hadisələrindən biri olduğunu qeyd etmişdir.

Bu gün erməni faşistləri tərəfindən Xocalıda törədilən bəşəri cinayətin dünya ictimaiyyətinin diqqətinə çatdırılması, insanlıq əleyhinə cinayət olaraq beynəlxalq siyasi və hüquqi qiymətin verilməsi, onun dünya birliyi tərəfindən soyqırımı aktı kimi tanınması dövlətimizin xarici siyasətinin əsas istiqamətlərindən, əsas strateji hədəflərindən biri kimi müəyyənləşdirilmişdir.

Bu məqsədlə dövlətimiz tərəfindən “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində bir çox beynəlxalq təşkilatlarda və dünya ölkələrinin parlamentlərində Xocalı soyqırımını törədənlərin ifşa olunması və beynəlxalq ictimaiyyətin bu haqqda geniş məlumatlandırılması istiqamətində qətiyyətli addımlar atılmaqdadır. Bunun nəticəsidir ki, hal-hazırda Xocalı soyqırımını dünyanın 10-dan artıq ölkəsi və ABŞ-ın 21 ştatı tam və ya parlament səviyyəsində qətliam kimi tanımışdır.

Eyni zamanda dövlət tərəfindən istər ölkəmizdə, istərsə də ölkəmizin hüdudlarından kənarda Xocalı soyqırımı qurbanlarının xatirəsinin ədəbiləşdirilməsi məqsədilə parkların salınması, abidələrin ucaldılması istiqamətində də mühüm tədbirlər həyata keçirilir.

Xalqımız isə hər il 26 fevral tarixində Xocalı soyqırımı qurbanlarının xatirəsini böyük ehtiramla yad edir, tariximizə qanla yazılmış bu faciəni törədənləri isə qınayır, onların layiqli cəzalarının verilməsini dünya birliyindən tələb edir.

Azərbaycan xalqına qarşı törədilən bu cür bəşəri cinayətlər yaddaşlardan heç zaman silinməyəcəkdir, ağrı-acıları qəlbimizdə daim yaşayacaqdır.

Allah bütün şəhidlərimizə rəhmət etsin...

Coşqun MƏMMƏDOV,

Azərbaycan Respublikasının Milli Məclisi

Elm və Təhsil Komitəsinin eksperti

Bütün xəbərlər Facebook səhifəmizdə