Reabilitasiya müəssisələri müasir tələblərə uyğun qurulur

Reabilitasiya müəssisələri müasir tələblərə uyğun qurulur

Cari ildə açılacaq və inşasına başlanacaq bərpa mərkəzləri bir ildə əlavə 12,8 min şəxsə reabilitasiya xidməti göstərməyə imkan verəcək

Ölkəmizdə əlilliyi olan şəxslərin sosial təminatının gücləndirilməsi, onların tibbi-sosial reabilitasiya imkanlarının artırılması istiqamətində ardıcıl işlər görülür. Bir sıra reabilitasiya və sosial xidmət müəssisələrində əsaslı təmir və yenidənqurma işləri aparılıb və bu, davam etməkdədir. Ötən dövrdə bir çox bölgələrdə yeni reabilitasiya mərkəzləri, habelə, Heydər Əliyev Fondunun dəstəyi ilə Bakıda Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsi yaradılıb. Reabilitasiya müəssisələrinin müasir tələblərə uyğun qurulması, əlilliyi olan şəxslərə reabilitasiya xidmətlərinin keyfiyyətinin yüksəldilməsi ölkədə aparılan sosial siyasətin bir nümunəsidir.

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqları əsasında reabilitasiya müəssisələrinin müasir tələblərə uyğun qurularaq, istifadəyə verilməsi işləri bu il də davam edəcək. Belə ki, 2020-ci ildə Xaçmaz, Şəki, Lənkəran, Şirvan şəhərlərində hər biri ildə 700 şəxsə xidmət göstərəcək bərpa mərkəzləri və ildə 6500 şəxsə xidmət göstərəcək Şağan Əlilliyi olan şəxslər üçün Müalicə Pansionatı əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə veriləcək.

Həmçinin, Sumqayıt şəhərindəki bərpa mərkəzində də müasir reabilitasiya şəraiti yaradılır və həmin mərkəzin də cari ildə açılışı nəzərdə tutulub. Mərkəz ildə 1500 şəxsi bərpa xidmətləri ilə təmin edəcək. Bu il Şəmkir və Qəbələ rayonlarında da hər biri ildə 1000-dək şəxsə bərpa xidmətləri göstərəcək yeni müəssisələrin tikintisi həyata keçiriləcək.

Beləliklə, 2020-ci ildə açılacaq və inşasına başlanacaq bərpa mərkəzləri ildə əlavə 12,8 min şəxsə reabilitasiya xidməti göstərməyə və bu xidmətlərlə təmin edilənlərin illik sayının iki dəfə artaraq, 26,1 minə çatmasına imkan verəcək.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə