Yalançı baş nazirin reallaşmayan vədləri

Yalançı baş nazirin reallaşmayan vədləri

Çəkiclə zindan arasında qalan Paşinyan

Ermənistanın baş naziri Nikol Paşinyan, il yarımdan artıq bir müddət ərzində Ermənistan üçün son dərəcədə ağır və məyusluqla dolu bir il olduğu artıq sadə erməni vətəndaşında belə şübhə yaratmır. Ancaq onlar belə vəziyyətin yaranmasında nə qonşuları, nə onlardan üz döndərmiş havadarları, nə də ki, 2019-cu ili günahkar bilirlər. Artıq erməni xalqı əsl günahkarın kim olduğunu görür və yavaş-yavaş anlayır. Anlayır ki, əvvəlki rəhbərlər kimi, küçə təfəkkürlü "küçə demokratı" Nikol Paşinyan da onlardan geri qalmayıb: eyni vədlər, eyni pafoslu çıxışlar, nəticə isə yox. Və sözsüz ki, bu gün, ən azından, dünya demokratiyadan danışdığı bir vaxtda aqressiv siyasət yeridərək, bu məsuliyyəti öz uydurulmuş tarixi ədalətlərini bərpa etməyə yönəldilmiş fəaliyyətlə maskalamaqla demokratik və ədalətli dövlət imici yaratmaq mümkün deyil. Nə qədər ki, işğalçılıq siyasəti yeridiləcəksə, ölkə hakimiyyəti də dalana dirənəcək. Və nə qədər ki, işğal olunmuş Azərbaycan torpaqları geri qaytarılmayıb, məhz Ermənistan dövlətinin regionun lider dövləti olan Azərbaycan və onun yaxın müttəfiqi Türkiyə tərəfindən regiondakı bütün layihələrdən kənarda qalacaq. Məhz bunun nəticəsidir ki, Ermənistan iqtisadi inkişaf deyilən xəyaldan uzaq düşməkdədir. Belə olan halda isə, uzun müddət Ermənistanı, məhz bu vəziyyətdə saxlamaq istər erməni diasporası, istərsə də Rusiya üçün iqtisadi cəhətdən əlverişli deyil. Bu yardımların kəsilməsinin əsas səbəblərindən biri də erməni hakimiyyətinin ayrılan maliyyəni necə istifadə etməsidir.

Şəxsi ambisiyalar üzərində qurulmuş boş vədlər

Bu, həqiqətən də, belədir. Belə ki, ötən ilin sonuna yaxın "küçə demokratı" Nikol Paşinyan xalqa verdiyi vədlərin bu gün nəticə vermədiyi ölkədə, böyük gərginlik yaradıb. Daha doğrusu, Paşinyanın ambisiyaları xalqın istəyi ilə üst-üstə düşmədiyi üçün, Nikola olan inamı azaldıb.

Politoloqlar da bildirilər ki, Paşinyan hakimiyyətə gələn gündən təxribat dolu bəyanatlar yayır. Onun separatçı Dağlıq Qarabağ rejiminin danışıqlara cəlb edilməsi fikrini səsləndirməsi, vəziyyəti daha da çətinləşdirib. Artıq Ermənistan əhalisi Paşinyanın populist çıxışlarına inanmır, düşdükləri çətin sosial və iqtisadi uçurumdan xilas olmaq istəyir. Görünən isə odur ki, Nikol Paşinyanın şəxsi ambisiyaları xalq və vətən sevgisindən daha üstründür. Bu isə, Ermənistan üçün yeni bir uçurumun başlanğıcı deməkdir.

Levon Ter-Petrosyan: "Çoxlarımızın boş əfsanə sandığı cəhənnəm Paşinyanın hakimiyyət illəridir"

Bu sözləri biz yox, Ermənistan Milli Konqresinin rəhbəri Levon Ter-Petrosyan ölkədəki mövcud vəziyyəti qiymətləndirərkən deyib: "Çoxlarımızın boş əfsanə sandığı cəhənnəm artıq xəyal deyil, əsl həqiqətdir. Bu cəhənnəmi gözlə görmək istəyirsinizsə, buyurub Ermənistana gəlin. Qarşınızda sözlə ifadə edilə bilməyəcək qədər dəhşətli bir mənzərə canlanacaq. Bu, Paşinyanın hakimiyyəti illəridir. Dilənçilərlə dolu küçələr, ağır iqtisadi böhran üzündən gündəlik çörəyinə möhtac qalmış biçarə insanların acı ah-naləsi, ölkəni öz ağuşuna almış işsizlik və səfalət üzündən könüllü surətdə baş verən intiharlar və intihara cəhdlər, sakinləri kütləvi surətdə köçüb getmiş kəndlərdən gecələr eşidilən canavar ulartıları, daha nələr, nələr..." L.Ter-Petrosyanın "Armeniya Today" portalında verdiyi açıqlamasında, onu da bildirib ki, "Ermənistanın şəhər və kəndlərində yaşayan əhalinin 98 faizi aclıq və yoxsulluğun caynaqlarında boğulur. Bu gün Ermənistan büdcəsi 7,5 milyard olmalı idi. Hər il həmin sərvətin 5 milyardını Serj Sarkisyan, Tiqran Sarkisyan, onlara qədər isə Robert Koçaryan oğurlayıb. Ölkədəki ağır iqtisadi böhran üzündən 1998-ci ildən bu günədək Ermənistanı 1 milyondan artıq insan tərk edib. Əksəriyyəti də yüksək ixtisaslı mütəxəssislər, görkəmli yaradıcı ziyalılar və onların ailə üzvləridir. İndi isə Nikol Paşinyan bu yolu davam etdirməkdədir. Və bu ölkə iqtisadi böhran, haqsızlıq və ədalətsizlik bataqlığından qurtula bilməyəcək. Sarkisyan rejiminin davamçısı olan Nikol Paşinyanın dövləti idarəetmə metodları dünyanın ən geridə qalmış, yoxsul dövlətlərindəki idarəetmə sisteminin, sadəcə, kserokopiyasıdır. Ermənistanda əhalinin 65 faizi ağır yoxsulluq səviyyəsində, 26 faizi isə səfil kökündə yaşayır. Xalq tamam unudulub. Əvvəllər olduğu kimi, bu gün də ölkə əhalisi "Ermənistanın gələcəyi varmı?" sualı qarşısında sual işarəsinə dönüb".

Ermənistan mətbuatının verdiyi məlumata görə, ticarət müəssisələrindəki hədsiz bahalıq insanları dəhşətə salıb. 3-4 nəfərlik bir ailəni təkcə ərzaq məhsulları ilə təmin etmək üçün ayda, ən azı, 500 avro tələb olunur. Orta aylıq əməkhaqqı isə cəmi 200 avrodur. Qiymətlərin ilbəil artması fonunda maaşların, təqaüdlərin və sosial yardımların öz yerində ayaq döyməsi və inflyasiyanın ağlasığmaz dərəcədə dərinləşməsi, vəziyyəti ən kritik həddə çatdırıb. Ölkənin əksər bölgələrində, xüsusilə, şimal rayonlarındakı kəndlərdə nə içməli su var, nə də qaz. Hər il yüz minlərlə sadə vətəndaşın canlarını qurtarmaq üçün baş götürüb əcnəvi ölkələrə qaçmalarına da səbəb elə budur. Bəzi ölkələrdən alınan qrantların və diaspor pullarının dayandırılması və azaldılması, Ermənistanın bir dövlət kimi süqutunu daha da sürətləndirib.

Ermənistan "siyasi yumaq" kimi düyünlənə-düyünlənə qalıb

Artıq Ermənistan elə bir oyuna, həm də, elə bir düyünə düşüb ki, nə oyundan çıxa bilir, nə də düyünü aça bilir. Bunun səbəbi və günahı erməni xalqının özündədir. Və bundan istifadə edən N.Paşinyan da, qısa müddətdə, onsuz da dolaşıq olan Ermənistanın siyasi mühitini qatı "dumana bürüməyi" bacardı!

Belə olan halda, vay erməni xalqının halına. O zaman erməni xalqı özü bu gününü düşünməli, düşdükləri dumanlı mühitdən çıxmaq üçün üzdəniraq "küçə demokratının" dərsini verməli və onlardan Azərbaycanla niyə düşmən olmalarının hesabını sormalıdır. Erməni xalqı tələb etməlidir ki, qonşuların torpaqlarını işğal etmək kursundan əl çəkib, insanların həyat şəraitini yaxşılaşdırmaq xəttini götürmək gərəkdir. Bunun üçün də təcavüzkar siyasətdən əl çəkilməlidir.

Təəssüf ki, Ermənistanda xalqın bu cür ayağa qalxmasını indi gözləmək elə də inandırıcı deyil. Çünki cəmiyyət o dərəcədə siyasi dərketmə baxımından öldürülüb ki, sadə erməni nəyin baş verdiyini anlaya bilmir. Buna rəğmən, zaman erməni xalqının əleyhinə işləyir. Sabah gec ola bilər!

Bəs çıxış yolu... Siyasətçilər dəfələrlə vurğulayıblar ki, Qarabağ münaqişəsi nizamlanmadan, heç bir problem həll oluna bilməz. Bunu nə ilə izah edirsən et, heç nə dəyişmir. İstər mücərrəd surətdə erməni xalqının iradəsindən bəhs et, istərsə də Paşinyan hakimiyyətinin siyasi iradəsindən dəm vur və ya başqa tarixi "faktlar" gətir, reallıq budur: təcavüzkar zəbt etdiyi torpaqlardan getməlidir, vəssalam!

A.SƏMƏDOVA

Bütün xəbərlər Facebook səhifəmizdə