Bələdiyyə seçkilərində qadınların və gənclərin iştirakı olduqca əhəmiyyətlidir

Bələdiyyə seçkilərində qadınların və gənclərin iştirakı olduqca əhəmiyyətlidir

Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində namizədlər arasında qadınların və gənclərin çoxluq təşkil etməsi olduqca əhəmiyyətlidir və bu, ölkəmizdə bələdiyyə institutunun inkişafına mühüm töhfə verəcək. Bu fikirləri SİA-ya YAP Səbail rayon təşkilatının sədr müavini, politoloq Mehman İsmayılov deyib.

M.İsmayılov bildirib ki, ulu öndər Heydər Əliyevin siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev gənclərə hər zaman xüsusi diqqət və qayğı ilə yanaşıb. Prezident İlham Əliyevin məqsədyönlü siyasətinin nəticəsidir ki, bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayırlar. Hazırda ölkədəki yüzlərlə qeyri-hökumət və gənclər təşkilatının aktiv fəaliyyəti dövlətin yaratdığı şərait sayəsində mümkün olub. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsi Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına, potensialına inam hissini artırıb. Bu baxımdan gənclərin bələdiyyə seçkilərində iştirak üçün fəallıq nümayiş etdirmələri təsadüfi deyil. Məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə son vaxtlar aparılan islahatlar gəncləri bələdiyyə seçkilərində daha fəal iştiraka ruhlandırır. Gənclərin seçkilərdə daha fəal iştirakı və onların öz innovativ potensiallarından geniş istifadə edə bilmələri üçün ölkəmizdə hərtərəfli şərait yaradılıb.

M.İsmayılov qeyd edib ki, builki seçkilərdə namizədlər arasında gənclərlə yanaşı, qadınların da üstünlük təşkil etməsi olduqca sevindiricidir. Bələdiyyə seçkilərinə Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş namizədlərin tərkibinə baxsaq, bütün seçki məntəqələri üzrə qadınların xüsusi çəkisi demək olar ki, kişilərlə bərabərdir. Bu isə çox təqdir olunası haldır, çünki qadın olan yerdə sevgi, rifah, səliqə və məsuliyyət var.

Politoloq vurğulayıb ki, Şərqdə ilk dəfə seçki hüququ qazanan Azərbaycan qadınlarının bu gün həyatımızın bütün sahələrində əldə etdiyi uğurlar, nümayiş etdirdiyi yüksək göstəricilər ölkəmizdə əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş qadın siyasətinin inkişafının sistemli şəkildə həyata keçirilməsinin məntiqi nəticəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan cəmiyyətində qadınların rolunun yüksəldilməsi üçün hərtərəfli şərait yaradılır. Hər zaman öz müdrikliyi, ləyaqəti ilə seçilən qadınlarımız bu gün müstəqil Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatının inkişafına öz töhfələrini verirlər. Bu gün Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın şəxsində qadınlarımız dünya səviyyəsində öz sözünü deyir. Bir sözlə, bu gün qadınlarımız onlar üçün yaradılmış imkanlardan və şəraitdən səmərəli şəkildə istifadə edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə