Ölkəmizdə səfərdə olan israilli jurnalist Larri Luksner dekabrın 18-də Qubada dağ yəhudilərinin yığcam yaşadıqları Qırmızı qəsəbə və Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Yəhudi Teleqraf Agentliyinin müxbiri Larri Luksner ilə Quba Rayon İcra Hakimiyyətində keçirilən görüşdə Qubanın tarixi, son dövrlərdə keçdiyi inkişaf yolu, burada yaşayan azsaylı xalqlar, rayondakı tolerantlıq mühiti haqqında ətraflı məlumat verilib. Bildirilib ki, ölkəmizdə milli və dini azlıqların hüquqlarının qorunmasına xüsusi diqqət yetirilir. Azərbaycan dövləti əhalisinin çoxmillətli olmasını özünün tarixi nailiyyəti hesab edir və milli-mədəni rəngarəngliyi cəmiyyətin zənginliyinə xidmət edən amil kimi dəyərləndirir.
L. Luksner də öz növbəsində dövlətimizin dini konfessiyalar üçün yaratdığı şəraiti yüksək qiymətləndirib.
Görüşdən sonra israilli jurnalist Qırmızı qəsəbədəki sinaqoqlar ilə yaxından tanış olub. Qonağın diqqətinə çatdırılıb ki, buradakı yəhudilər uzun illərdir azərbaycanlılarla birlikdə, sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Dağ yəhudilərinin Quba ərazisində yığcam şəkildə məskunlaşmasının tarixi XVIII əsrin ortalarına təsadüf edir. Quba xanlığına Fətəli xanın rəhbərlik etdiyi dövrlərdə bütün ətraf ərazilərdə yaşayan yəhudilər buraya köçməyə başlayıblar. Həmin vaxt salınan yəhudi məhəllələrində 10-dan artıq sinaqoq inşa olunub. Qırmızı qəsəbədə yəhudilərin dini icması və milli mədəniyyət mərkəzi fəaliyyət göstərir.
Qonaq Quba Soyqırımı Memorial Kompleksini ziyarət zamanı ermənilərin törətdikləri soyqırımı haqqında ətraflı məlumatlandırılıb. Bildirilib ki, Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksi 2013-cü il sentyabrın 18-də açılıb. Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkarlanıb. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib. Sonra Larri Luksner Qubanın digər görməli yerləri ilə də tanış olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB