Bütün zamanların dahisi - ULU ÖNDƏR HEYDƏR ƏLİYEV

Hər bir millət, hər bir dövlət yaşam tarixində torpağını, xalqını sevən, onu mübarizə meydanında qələbəyə, çətin anlarda işığa doğru aparan rəhbərə və şəxsiyyətə ehtiyac duyur. Sözün əsl mənasında, hər bir dövlətin, bir dövlət olaraq, formalaşmasında və millətin millətlər sırasında mətin dayanmasında böyük şəxsiyyətlərə daim ehtiyac var. Azərbaycanın adı bu gün dünya müstəvisində öndə gedən dövlətlər sırasında məğrur durur. Daim bu torpaq, bu millət dahilər və onun adını zirvələrə ucaldan şəxsiyyətlər yetirib. "Heç bir millət şəxsiyyətsiz yaşaya bilməz". Bu fikir Azərbaycan adını öndə gedən dünya ölkələri sırasına yazan, öz uzaqgörənliyi ilə dünya siyasətçilərini daim heyrətə gətirməyi bacaran, millətin hər bir nümayəndəsini ürəkdən sevən dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyevə məxsusdur! Əslində, doğru deyiblər ki, zaman hər şeyi yerbəyer edir, hər şeyin, hər kəsin doğru qiymətini verir. İllər keçdikcə, Ümummilli Liderimiz Heydər Əliyevin böyüklüyünü, müdrikliyini, xalqını və vətənini necə bir məhəbbətlə sevdiyini daha çox anlayırıq. Bu siyasət nəhənginin fəaliyyəti bütün bəşəriyyətin xoşbəxt gələcəyi uğrunda mübarizəyə həsr olunmuşdur. Belə ki, tarixin xalqımıza bəxş etdiyi dahi şəxsiyyətin, müasir Azərbaycanın xilaskarı və memarı, Ulu Öndər Heydər Əliyevin bütün fəaliyyətinin məqsədi Azərbaycanı güclü, demokratik dövlətə çevirmək və xalqına firavan həyat bəxş etmək idi. Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü Onun şərəfli adı və möhtəşəm fəaliyyəti ilə bağlıdır. Onun Azərbaycana otuz ildən çox rəhbərliyi dövründə ölkəmiz bütün sahələrdə böyük inkişaf yolu keçib. O, bütün həyatını ölkəmizin yüksəlişinə və insanların xoşbəxtliyinə həsr etmişdir.

Böyük Yaradan Heydər Əliyevi xalqımıza bir xilaskar kimi göndərdi

Böyük Şəxsiyyət Heydər Əliyev bəşər tarixinin bizə bəxş etdiyi ən böyük şəxsiyyətlərdən olmaqla, həm də Azərbaycanını və Azərbaycan xalqının ən çətin və məşəqqətli günlərində Ulu Öndər ikinci dəfə siyasi hakimiyyətə gəldi. Bu Qayıdış Azərbaycanın dərin böhran içərisində çapaladığı və bundan çıxış yolu tapmağın müşkül olduğu bir dövr idi. Həyat iflic vəziyyətə düşmüşdü, işsizlik əhalini acınacaqlı vəziyyətə gətirib çıxarmışdı. Bu vəziyyətin qarşısını almaq üçün respublikada elə bir səriştəli qüvvə yox idi, idarəçilik sistemini bütünlüklə iflic haldan xilas etməkdən ötrü güclü dövlət xadiminin yeri görünürdü. Yaxşı ki, xalqımız o vaxt Naxçıvanda yaşayan Ulu Öndər Heydər Əliyevi təkidlə Bakıya çağırdı. Ulu Öndərimizin xalqın yekdil dəvəti ilə Bakıya qayıdışı Azərbaycanda əsaslı dönüşün təməlini qoydu.

Beləliklə, böyük Yaradan Heydər Əliyevi taleyimizin ən çətin məqamında xalqımıza bir xilaskar kimi göndərdi və Onun gəlişi ilə ana yurdumuzun üzünə günəş doğdu. Labüd vətəndaş müharibəsinin və Azərbaycanı parçalamaq istəyən separatçıların qarşısı, məhz Ümummilli Liderimizin qətiyyətli tədbirləri nəticəsində alındı. Həmin tarixi andan başlayaraq xalqda öz gücünə və müstəqilliyinin dönməzliyinə inam artdı. Dahi Öndər Heydər Əliyevin ətrafında sıx birləşən xalqımız ruh yüksəkliyi ilə ölkənin problemlərini həll etməyə, dövlət və vətəndaş cəmiyyətinin formalaşdırılması prosesinin fəal iştirakçılarına çevrilməyə başladı. Anarxiya və xaos geniş quruculuq mərhələsi ilə əvəz olundu. Elə o vaxt dövlətçilik və müstəqilliyimiz naminə çox cəsarətli addımlar atıldı, eyni zamanda, Avropaya inteqrasiya prosesi sürətləndi.

Bu dövrdə ölkədə ictimai-siyasi sabitlik bərqərar oldu. Qətiyyətlə yürüdülən daxili və xarici siyasət nəticəsində, milli müstəqillik xətti dönmədən həyata keçirildi. Hüquqi-demokratik dövlət quruculuğu, milli ordunun formalaşması Azərbaycanın beynəlxalq aləmdə demokratik imicinin yüksəlməsi istiqamətində önəmli və ardıcıl addımlar atıldı, insan azadlığı və hüquqlarının qorunmasına etibarlı təminat yaradıldı.

Ulu Öndər Heydər Əliyevi özündən əvvəlki rəhbərlərdən fərqləndirən əsas cəhətlərdən biri bu idi ki, o, fəaliyyətinin ilk çağlarından insanlarla mövqeyindən və təmsil etdiyi təbəqədən asılı olmayaraq, yaxın təmas qura bilirdi. Bu dahi şəxsiyyət xalqın böyük oğlu idi, ondan bir an olsun belə ayrı yaşaya birmirdi. Onun məşhur kəlamı dillər əzbəridir: "MƏN FƏXR EDİRƏM Kİ, AZƏRBAYCANLIYAM!"

Bizim borcumuz Heydər Əliyev ideyalarını bundan sonra da yaşatmaq və ləyaqətlə inkişaf etdirməkdən ibarət olmalıdır

Bu gün Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi qətiyyətli və müdrik siyasi kurs Prezident İlham Əliyevin dövlətçilik bacarığı və əvəzedilməz rəhbərlik qabiliyyəti sayəsində daha da inkişaf edir, respublikamızın müstəqilliyi və suverenliyi daha da möhkəmlənir, ölkəmiz gündən-günə varlanır, vətəndaşlarımız daha firavan yaşayırlar.

Cənubi Qafqazın ən nüfuzlu ölkəsinə çevrilmiş Azərbaycan bütün sahələrdə inkişaf edir. İqtisadiyyatı möhkəmlənir, respublikanın investisiya cəlbediciliyi artır və sahibkarlıq inkişaf edir. Bu isə ölkəmizin həyatında daha yeni bir mərhələdir, davamlı və sabit inkişafımızın göstəricisidir. Deməli, regional güc mərkəzi kimi beynəlxalq məkanda aparıcı məkana çevrilən Azərbaycan, postsovet respublikaları arasında keçid dövrünü başa vuran ilk dövlət olduğu kimi, inkişaf etmiş ölkələrin cərgəsinə də ilk qoşulan ölkə olacaq. Deməli, Ulu Öndər Heydər Əliyevin vəsiyyətləri öz bəhrəsini vermişdir, Onun arzuları çiçəklənmiş, növbəti möhtəşəm vəzifələrin yerinə yetirilməsi yolunda nurlu mayaka çevrilmişdir. Bizim borcumuz Heydər Əliyev ideyalarını bundan sonra da yaşatmaq, ləyaqətlə inkişaf etdirməkdən ibarət olmalıdır. Nə qədər ki, Azərbaycan xalqı var, Ulu Öndərimizin parlaq xatirəsi daim qəlbimizdə yaşayacaq, Onun mübariz əməlləri yüz illər bundan sonra da nəsillərə örnək olacaqdır.

FƏRRUX HAQVERDİYEV,

YAP Xızı rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...