Azərbaycan ədəbiyyatının dünya ədəbi irsi arasında öz yerinin, çəkisinin olması milli-mənəvi dəyərlərimizin məxsusiliyi, fərdi insanların yaradıcılıq imkanlarının genişliyi və manevr etmək cəhdləri, eləcə də, humanimz prinsipləri əsasında yazıb-yaratmaq istedadı ilə bağlıdır. Yaranan hər bir nümunədə Azərbaycanın dövlətçilik prinsipləri, onun coğrafiyası, tarixi, tanınmış simaların portret cizgiləri və s. əsas xətt olaraq təqdim olunur. Nəsrə çevrilən və nəzmə çəkilən nümunələr tariximizin bir parçası, yaşanılan illərin əks-sədasıdır desək, fikrimizdə yanılmarıq. Şair Mövlud Teymurun "Təknur" nəşriyyatı tərəfindən çapdan çıxan "Qəlbimin sazı" kitabının da əsasını məhz ali hisslər, vətənə, torpağa olan məhəbbət, bu torpağın sirli-soraqlı məkanlarının vəsfi, böyük şəxsiyyətlərə, simalara olan sevgi və s. təşkil edir. Bütün bunlarla yanaşı, qardaş, dost ölkə Türkiyəyə, türk xalqına səmimi qardaşlıq, dostluq etirafları da şairin nəzmə çəkdiyi misralarda öz əksini tapıb. Əlbəttə ki, kitabı vərəqlədikcə bu misraların insan ömrünün ən yaddaqalan və unudulmaz səhifələrindən, vətənə olan müqəddəs hisslərdən yoğrulduğunu görürük. Nəzmə çəkdiyi misralarda dövrün ruhunu, ahəngini duyan qələm sahibinin cəmiyyətdə cərəyan edən hadisələrə olan münasibəti ilə tanış oluruq.
"Yaşa, Heydər qurub - yaradan vətən" şeirində M.Teymur Ulu Öndər Heydər Əliyevin "Vətəndə asayiş, yenilik etdi, İnkişaf, yüksəliş dirilik etdi"- deyərək ölkəmizin bugünkü yüksəlişinə, uğurlarına nəzər salır. "Vətən birdir" şeirində "Harda olsam vətən deyə qəlb dinir" deyərək ürəklərdə, duyğularda bəslənən, nəğmə kimi səslən vətənin müqəddəsliyndən söz açır.
Müxtəlif mövzularda yazıb-yaradan və hər zaman vətənin, Azərbaycanın adını yüksəkdə tutan şairin söz dünyası sevgi ilə yoğrulmuşdur. "Bir nəğmə var", "Odlar diyarı", "Azərbaycan dünyamız", "And yeri" kimi şeirlərində vətənlə sevinən, vətənlə gülən şairin fikir yükünün əsasında vətənə xidmət, vətən borcu, vətən sevgisi dayanır. Vətən anlamı dünyanın hansı nöqtəsində insanın yaşamasından asılı olmayaraq, məhz onun üçün ən əziz və əvəzsiz bir məkandır. Bu anlayışın arxasında insanın mənliyi, qüruru, kimliyi, kökü, şəcərəsi dayanır.
"Türk", "Türk oğlu", "Azər oğlu", "Türkün bayrağı" kimi şeirlərində türk dünyasına olan sonsuz sevgisi nəzmə çəkilən misralardan açıq-aydın sezilir. "Türk qardaşlarım" şeirində bir-birində dost, sirdaş olan ölkələrin ayrılmaz olduğunu poetik dillə ifadə edir:
Yorulmaq bilmədi məhəbbətimiz,
Qırılmaz heç zaman ünsiyyətimiz.
Əbədi yaşardı ülviyyətimiz,
Bu mehrə, ülfətə heyrandı dünya,
Oğuz, Odlar yurdu, Turandı dünya!
Kitabda şairin Azərbaycanın tanınmış sənətkarlarına həsr etdiyi şeirlər də daxil edilib. Azərbaycan ədəbiyyatının seçilib-sevilən, öz möhrünü vurmuş simaları xalq yazıçısı Anara həsr etdiyi "Yazarların naxışı", Rəsul Rzaya həsr etdiyi "Rəsul böyük sənətkardı" və digər simalara həsr etdiyi şeirlərində böyük sənətkarlara olan tükəməz sevgisini ifadə edir.
Tanrının yaratdığı varlıqların ən çətin məqamlarında onun köməyinə qəlbinin səsi gəlir. Ən təlatümlü anlarda, hisslərin haray qopardığı bir zamanda insanın düşüncəsinə, əqlinə səs verən onun qəlbi olur. Görünür, elə şair M.Teymur da ən çətin anlarında yaratdığı misralarını bir yerə toplayaraq, qəlbini dilləndirən saz ilə, söz ilə nəzmə çəkib. "Qəlbimin sazı" adı ilə çap etdirməyi qərara almış və çoxsaylı poeziyasevərlərin ixtiyarına vermişdir.
Zümrüd BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB