Həyatını mənəvi-əxlaqi dəyərlərin və milli həmrəyliyin bərqərar olunmasına həsr etmiş Şeyxülislam Allahşükür Paşazadə

Həyatını mənəvi-əxlaqi dəyərlərin və milli həmrəyliyin bərqərar olunmasına həsr etmiş Şeyxülislam Allahşükür Paşazadə

Şeyxülislam Allahşükür Paşazadə bütün həyatı boyu cəmiyyətdə mənəvi-əxlaqi dəyərlərin və milli həmrəyliyin bərqərar olunması yolunda səmərəli fəaliyyət göstərib, yaxın tarixi keçmişdə xalqımızın yaşamış olduğu taleyüklü hadisələr zamanı həm dini rəhbər, həm də ictimai xadim kimi yüksək vətənpərvərlik və əsl vətəndaş mövqeyi nümayiş etdirib. O, ölkəmizdə beynəlxalq hüquq normalarına və mütərəqqi tarixi ənənələrə əsaslanan dövlət-din münasibətlərinin formalaşması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və təbliği sahəsində səmərəli xidmətlər göstərməkdədir. Müxtəlif konfessiyaların dini liderləri arasında böyük nüfuza malik olan Şeyxülislam Allahşükür Paşazadə bir çox beynəlxalq dini qurum və mərkəzlərin rəhbərliyində təmsil olunmaqla, sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun inkişafına, ayrı-ayrı etiqadlar arasında qarşılıqlı etimad mühitinin yaradılmasına sanballı töhfələr verir.

Uzun müddətdir mənəvi-əxlaqi dəyərlərin təbliği işinə mühüm töhfələr verən Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin bu il anadan olmasının 70, şeyxülislamlıq fəaliyyətinin isə 40 illiyi tamam oldu. Təsadüfi deyil ki, aprel ayının 9-da Prezident İlham Əliyev Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70, şeyxülislamlıq fəaliyyətinin 40 illik yubileyinin qeyd olunmasını təmin etmək məqsədilə Sərəncam da imzaladı. Eyni zamanda, avqustun 26-da Şeyxülislam Allahşükür Paşazadəyə təbrik ünvanlayan Prezident İlham Əliyev onu “Heydər Əliyev” ordeni ilə təltif edib.

Qeyd edək ki, 1949-cu ildə Lənkəranın Cil kəndində dünyaya gələn Allahşükür Paşazadə uşaqlıq illərində orta məktəbdə oxumaqla yanaşı, cənub bölgəsinin din xadimlərindən, ilahiyyatçı alimlərindən islam dininin əsaslarını mənimsəyib və ilk dini biliklərə yiyələnib.

Allahşükür Paşazadə 1968-ci ildə Buxarada “Mir-Ərəb” mədrəsəsinə daxil olub, buranı bitirdikdən sonra dini təhsilini Daşkənd İslam Universitetində davam etdirib. 1975-ci ildə həmin universiteti bitirərək Azərbaycana qayıdan Allahşükür Paşazadə Qafqaz Müsəlmanları İdarəsinin məsul katibi təyin olunub. 1978-ci ildə isə Təzəpir məscidinin axundu və Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini seçilib. 1980-ci ildə isə A.Paşazadə Qafqaz Müsəlmanları İdarəsinin sədri seçilib. QMİ sədri 1986-cı ildən İordaniya Kral Akademiyasının üzvüdür. Şeyxülislam A.Paşazadə Qafqaz Xalqları Ali Dini Şurasının sədri, MDB Dinlərarası Şurasının həmsədri, MDB Müsəlmanları Məşvərət Şurasının sədri, QMİ nəzdində Bakı Beynəlxalq Dinlər və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin sədridir. A.Paşazadə dini-ictimai fəaliyyətinə görə çoxsaylı beynəlxalq və yerli dövlət mükafatlarına, orden və medallara layiq görülüb. Elmi fəaliyyətlə də məşğul olan QMİ sədri Bakı Dövlət Universitetinin professoru və tarix elmləri doktorudur. Dünyanın ən nüfuzlu 500 müsəlman şəxsiyyətləri sırasındadır. 1991-ci ildə Bakı İslam Universitetini təsis edən A.Paşazadə, həmçinin, Aşura mərasimləri zamanı ehtiyacı olan insanlar üçün qan verilməsi ənənəsinin əsasını qoyub.

Şeyxülislam Allahşükür Paşazadə görkəmli din xadimi kimi Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunması, dini-tarixi abidələrinin bərpası, ənənəvi adətlərimizin yeni formada inkişafı naminə, irəli sürülən bir çox layihələrin müəllifidir. Dağılmaq təhlükəsi ilə üz-üzə olan yüzlərlə dini abidəmiz, məhz Allahşükür Paşazadənin şeyxülislamlığı dövründə bərpa olunaraq dindarların istifadəsinə verilib. Şeyxülislamın dinlərarası, konfessiyalararası əməkdaşlıq prosesinə dəyərli xidmətləri, Azərbaycanın multikultural həyat modelinin və dövlət-din münasibətlərinin yüksək səviyyəsinin formalaşmasında rolu xüsusi vurğulanır.

Əlbəttə ki, Şeyxülislam Allahşükür Paşazadənin fəaliyyətinin dövlət səviyyəsində yüksək dəyərləndirilməsi təsadüfi deyildir. Çünki Şeyxülislam Allahşükür Paşazadə ömrünü mənəviyyata həsr etmiş insandır. A.Paşazadə Azərbaycanın mənəvi həyatında özünəməxsus nümunələr yaradıb. Azərbaycan müstəqillik əldə etməzdən əvvəl, şeyxülislamlıq müəyyən çərçivəyə alınmışdı. Dövlət müstəqilliyinin bərpasından sonra isə şeyxülislamlıq tamamilə yeni müstəviyə qədəm qoydu. Bu, ilk növbədə, Allahşükür Paşazadənin adı ilə bağlıdır. Azərbaycan müstəqilliyinin ilk illərindən böyük dövlətlərin marağında idi. A.Paşazadə həmin illərdə məsuliyyəti öz üzərinə götürdü və mənəvi birliyin möhkəmləndirilməsində əhəmiyyətli rol oynadı. O, Azərbaycanda milli-mənəvi birlik modelini yaradıb. Onun bu istiqamətdəki xidmətləri Ulu Öndərimiz Heydər Əliyev tərəfindən xüsusi qiymətləndirilib.

QMİ sədri ölkəmizdəki dini konfessiyalar arasında münasibətlərin yüksək səviyyədə qorunub-saxlanılmasında da birbaşa rol oynayıb və sadə insanlar da bu nümunəni görüb, digər dinlərin nümayəndələrinə hörmət və ehtiramla yanaşırlar.

İslam dini müdrik dindir. Onun xurafatdan uzaqlaşdırıb düzgün təqdim edilməsi də Şeyxülislam Allahşükür Paşazadənin xidmətidir. O, çətin zamanda xalqın qarşısına çıxaraq, prinsipial mövqe ortaya qoyub. Bu gün bütün dünyada böyük hörmətə malik olan A.Paşazadə Azərbaycandakı tolerant mühiti beynəlxalq aləmdə tanıdır. Şeyxülislam, eyni zamanda, sülh missiyası həyata keçirən diplomatdır və islam dövlətləri arasında münasibətlərin möhkəmləndirilməsində də böyük rol oynayıb və müsəlman ölkələrinə təcavüzlərə qarşı daim etirazını bildirib. A.Paşazadə Şeyxülislam olaraq, öz missiyasını layiqincə yerinə yetirib və yetirir. 1993-cü ildə, o, bütün insanları Ulu Öndərin ətrafında birləşməyə çağırdı. Bu da, onun vətəndaşlıq missiyasının göstəricisidir. Xalqımızın çətin günlərində Azərbaycanda iki nəfər xalqın qarşısına çıxdı və Qorbaçovu ittiham etdi - Ulu Öndər Heydər Əliyev və Şeyxülislam Allahşükür Paşazadə. Azərbaycan dövləti onun fəaliyyətini layiqincə qiymətləndirib. Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyev çıxışlarında A.Paşazadənin xidmətlərini dəfələrlə qeyd ediblər.

Ölkəmizdə dini münasibətləri çox düzgün tənzimləyən Şeyxülislam A.Paşazadə dünyada böyük hörmətə malikdir. Bütün cərəyanların nümayəndələri Vəhdət namazlarında iştirak edirlər. Bu isə, ölkəmizdəki müxtəlif dini cərəyanlara mənsub insanların vahid mərkəzdə birləşdiyini göstərir.

P.S. “Səs” qəzeti olaraq Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadəni bu il anadan olmasının 70, şeyxülislamlıq fəaliyyətinin 40 illiyi münasibətilə təbrik edirik, ona möhkəm can sağlığı, gələcək işlərində yeni-yeni uğurlar arzulayırıq.

«Səs» Analitik Qrupu

Bütün xəbərlər Facebook səhifəmizdə