Sosial siyasət dövlətin prioritet istiqamətlərindəndir ŞƏRH

Sosial siyasət dövlətin prioritet istiqamətlərindəndir  ŞƏRH

Hər bir cəmiyyətin tərəqqisinin əsas məqsədləri sırasında yer alan sosial rifah və onun daim yüksələn xətt üzrə inkişafına nail olunması müasir dövrdə ən vacib vəzifələrdən biridir. Sosial rifah halının, insanların həyat səviyyəsinin yüksək olmadığı cəmiyyətdə, dövlətdə böyük nailiyyətlərlə müşayiət edilən inkişafdan söhbət açmaq mümkün deyil. Sosial siyasət insanların həyatının bütün sahələrini - əmək və məişət şəraitinin yaxşılaşdırılmasını, sosial ədalət prinsipinin reallaşdırılmasını, əhalinin etibarlı sosial müdafiəsinə nail olunmasını, məşğulluq probleminin həllini, maddi və mənəvi tələblərin təminatını və digər bu qəbildən olan halları əhatə edir. Ölkədə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bu sahədə həyata keçirilən uğurlu siyasət nəticəsində əhalinin, onun müxtəlif təbəqəsinin etibarlı sosial müdafiəsi yaradılıb, insanların həyat səviyyəsi davamlı olaraq yüksəlib.

Prezident İlham Əliyevin verdiyi fərman və sərəncamlar insanın sosial rifah halını yaxşılaşdırmağa yönəlmişdir. İstər şəhid ailələrinə göstərilən qayğı, onlara verilən birdəfəlik ödəmələr, verilən aylıq müavinətlərin artırılması, istərsə də Əfqanıstanda həlak olmuş hərbi qulluqçuların ailələrinə verilən aylıq müavinətin artırılması, minimum əmək haqqının yaşayış minimumuna çatdırılması, pensiyaların artımı, tələbə təqaüdlərinin artımı və insanların həyat şəraitini yaxşılaşdıracaq sərəncamlar ölkə başçısının xalqa qayğısının təzahürüdür.

Son aylarda imzalanan sərəncam və fərmanlar, bir daha təsdiqlədi ki, Azərbaycan sosial dövlətdir və əhalinin sosial rifah halının yaxşılaşdırılması Azərbaycan Prezidentinin siyasətində priotet istiqamətdir.

Cəmiyyətin əmək qabiliyyətini itirmiş üzvləri üçün təxirə salınmadan etibarlı sosial təminatlar sistemi, davamlı olaraq, həyata keçirilir. Prezident İlham Əliyevin 2019-cu il 18 yanvar tarixli Fərmanına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) nəzdindəki üç müəssisə əsasında vahid qurum yaradılır. Fərmanın icrası olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 iyul 2019-cu il tarixli 337 nömrəli Qərarı ilə DSMF-nin nəzdindəki üç sosial xidmət müəssisəsi - "Yetkinlik yaşına çatmamış görmə imkanı məhdud şəxslər üçün Bərpa Mərkəzi", "Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsi" və "Yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacaq" ləğv edilib və onların əsasında DSMF-nin nəzdində olmaqla, həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinin yaradılmasına başlanılıb. Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsi qeyd edilən şəxsləri, o cümlədən, müəyyən yaşayış yeri olmayan şəxsləri, baxımsız, sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanları stasionar şəraitdə sosial xidmətlərlə təmin edəcək. Müəssisə yalnız sığınacaq kimi fəaliyyət göstərməyərək, burada həmin insanların normal həyat tərzinə malik olmaları, əmək qabiliyyətli olanların əmək bazarına dönüşü, sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanların bu vəziyyətdən çıxarılmaları, nəticə etibarilə həssas əhali qruplarından olan şəxslərin sosial reabilitasiyası və cəmiyyətə fəal inteqrasiyası və s. üçün aidiyyəti işlər aparacaq.

Göründüyü kimi, bu gün Azərbaycanda sosial problemlərin həlli ilə bağlı çox böyük işlər həyata keçirilir və bu işlər sistemli və ardıcıl xarakter daşıyır.

Zümrüd BAYRAMOV

Bütün xəbərlər Facebook səhifəmizdə