Mətbuatda reketçilik nədən yaranır: zəif iqtisadi durum, sosial çətinliklər, yoxsa “jurnalist”in məqsədi? - ANALİZ (LAYİHƏ)

Mətbuatda reketçilik nədən yaranır: zəif iqtisadi durum, sosial çətinliklər, yoxsa “jurnalist”in məqsədi? - ANALİZ (LAYİHƏ)

"Azərbaycan hamı öz fikrini heç bir maneə olmadan ictimaiyyətə açıqlaya bilir". Bu sözləri Mətbuat Şurasının sədri Əflatun Amaşov, Azərbaycan mətbuatının hazırkı vəziyyətini şərh edərkən deyib. O, ANS PRESS-ə müsahibəsində bildirib ki, indi hər kəs Ədliyyə Nazirliyinə müraciət etməklə KİV yarada bilir və bu, son illər ərzində Azərbaycan jurnalistikasının əldə etdiyi ən böyük nailiyyətdir.

Mətbuat Şurasının sədri onu da deyib ki, Azərbaycan mətbuatı hazırda keçid mərhələsini yaşayır və bu mərhələdə olan jurnalistikada uğurlarla yanaşı problemlər də olmalıdır. O, mətbuatın problemlərini üç istiqamətdə ümumiləşdirir. Birincisi, medianın iqtisadi durumunun aşağı olmasıdır. Əflatun Amaşovun fikrincə, mətbuatın digər problemləri də elə medianın aşağı iqtisadi durumu ilə birbaşa bağlıdır. Mətbuatın siyasiləşməsi, reket jurnalistikasının artan tempi, jurnalistlərin peşəkarlıq səviyyəsinin aşağı olması da iqtisadi vəziyyətdən asılıdır.

Əflatun Amaşovun fikrincə, problemlərin ikinci kateqoriyası media-ictimaiyyət münasibətlərinin formalaşması ilə bağlıdır. Mətbuat Şurası arzu edir ki, bu sahədə mövcud olan münaqişələr hüquq-mühafizə orqanlarında yox, birbaşa Mətbuat Şurada araşdırılsın.Üçüncü istiqamət isə jurnalistlərin sosial vəziyyəti ilə bağlıdır: "Bu gün Azərbaycan jurnalistlərinin sosial vəziyyəti ağırdır. Bunu aradan qaldırmaq üçün müəyyən işlərin görülməsi vacibdir".

"Azərbaycan mətbuatının durumunu normal qiymətləndirirəm" deyən "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov da hesab edir ki, ölkədə söz və mətbuat azadlığı üçün heç bir məhdudiyyət yoxdur. İstənilən şəxs qəzet təsis etmək üçün bir ərizə ilə bu işi görə bilər. Baş redaktor deyir ki, Azərbaycanda mətbuat və söz azadlığının inkişafı üçün möhkəm qanun bazası yaradılıb: "Azərbaycan iqtidarı mətbuat azadlığının inkişafına daim qayğı və diqqət göstərir. Bu sahəyə mütəmadi olaraq yardımlar edilir".

Bununla belə, Bəxtiyar Sadıqovun fikrincə, mətbuatın problemləri də var. Qəzet redaktoru bu problemlər sırasında mətbuatın iqtisadi durumunu xüsusi olaraq qeyd edir: "Hazırda qəzetlər özlərini sərbəst şəkildə dolandırmaqda çox böyük çətinliklərlə üzləşiblər. Azərbaycan mətbuatının siyasiləşməsi problеmi mövcuddur. Bu isə oxucuların obyektiv, tərəfsiz və qərəzsiz informasiya ilə təmin olunmasına mane olur. Partiya qəzetləri adətən bütün məsələləri təmsil etdikləri siyasi qurumun nöqteyi-nəzərindən işıqlandırırlar. Mətbuatın peşəkarlıqla bağlı problemləri də var. Bir çox qeyri-peşəkar insanlar öz şəxsi maraqları üçün mətbuat sahəsinə axışırlar. Bu, reket jurnalistikasının yaranmasına səbəb olur. Bu sahədə çox işlər görülməlidir".

Amma Azərbaycan müxalifətinin təsiri altınıda olan mətbu orqanlar nə siyasi qüvvəyə məxsus, nə də müstəqil xarakterli tələblərə riayət etmir. Məxsus olduğu siyasi qüvvədən başqa hər kəsə çamur atmaq, qara yaxmaq onların siyasi təfəkkürü olduğu üçün, əsas təbliğat maşınları sayılan qəzetləri də sağa–sola təhqir, söyüş, küçə sözləri yağdırmaqdadır. Hətta öz düşərgədaşlarına qarşı da qeyri–etik ifadələr seçən, dövlətçiliyə zidd mövqe nümayiş etdirən, əsassız informasiyaları qeyri–peşəkar səviyyədə cəmiyyətə təqdim edən müxalifət qəzetləri, həmçinin, hər zaman əllərində bayraq etdikləri söz azadlığı, insan hüquqlarına hörmət, şərəf və ləyaqət kimi kodeksləri hər an pozan, dünyanın heç bir standartına uyğun gəlməyən tərzə üstünlük verən, özündən başqa hər şeyi qara rəngdə görən düşərgə təmsilçiləri bütün keçirilən monitorinqlərdə normaların pozulmasını görə ən yüksək yerlərdə qərarlaşır.
Müxalifət qəzetləri təhqir və əsassız məlumat yaymaqda peşəkardır
"İnkişaf" Sosial–İqtisadi Araşdırmalar Mərkəzi və "Hüquqi və Demokratik İslahatlar Mərkəzi"nin keçirdiyi monitorinq nəticəsində bəzi faktlar çılpaq şəkildə üzə çıxır. İyun ayı ərzində həm müxalifətyönlü, həm iqtidaryönlü, həm partiya, həm də özünü müstəqil adlandıran qəzetlər arasında bir aylıq monitorinq aparan təşkilatlar maraqlı nəticələrə gəliblər. Öncədən qeyd etmək lazımdır ki, əslində bu göstəriciləri gözlənilməz saymaq olmazdı. Çünki müxalifətin tabeçiliyində olan mətbu orqanlar peşə tələblərini unudaraq yalnız tiraj xatirinə arxasınca qaçdıqları əsassız informasiyaları yaymaqla məşğuldur. Məsələn, hər gün ən azı iki məmuru işdən çıxaran (?!), ikisini "vuran", digər siyasi partiyaların daxili işinə qarışan bu qəzetlər yalan məlumatları tirajlamaqla "KİV haqqında Qanun"un tələblərini də pozmuş olurlar. Monitorinqin nəticələrinə əsasən, peşə etikasının gözlənilməməsi və məlumat mənbəyinə istinad qaydalarının pozulması hallarına görə müxalifətin iki aparıcı qəzeti ilk yerləri bölüşür. Bu təsadüfi deyil. Hətta həmin qəzetlərin son üç nömrəsinə diqqət yetirdikdə düşərgədaxili prosesin necə çirkin bir şəkildə inkişaf etdirildiyinin şahidi oluruq. Sözdə eyni qütbdə yer alan, amma şəxsi maraqlarnın əsirinə çevrilən və bu üzdən həm siyasi, həm də mətbu sahədə qeyri–peşəkarlıq, bəlkə də monopolist siyasəti yeridən müxalifətin etdikləri məhz bu üzdən cəmiyyət üçün maraqsız və məzmunsuz olub. Adi insan hüququna hörmət etməyən, hər addımbaşı bu kodeksi pozan, nə mentalitetə uyğun, nə də Avropa standartları müstəvisində çıxış etməyi bacarmayan müxalifətin məqsədi yalnız dövlətçiliyə qarşı mübarizə aparmaqdır.
Montorinqin digər dəyərləndirmə kriteriyalarında da müxalifət qəzetləri öndədir. Şərəf və ləyaqətin pozulması halları ilə yanaşı plagiatlıq, faktların bilərəkdən təhrif edilməsi, böhtan və əsaslandırılmamış ittihamlar məsələsində də öncüllüyü əldən verməyən bu mətbu orqanlar bir sıra hallarda hətta istintaq rolunu da oynamaq fikrinə düşürlər.

Bütün xəbərlər Facebook səhifəmizdə