Azərbaycanda kütləvi informasiya vasitələrinin dili maarifləndirmə üçün hansı səviyyədədir? - ARAŞDIRMA (LAYİHƏ)
Jurnalistika kütləvi informasiya vasitələri işçilərinin fəaliyyət sahəsi və onların geniş kütləni maarifləndirmək gücünə malik olması deməkdir. Bu, jurnalistikanın izahıdır.
Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin müəllimi Zeynal Məmmədli hesab edir ki, KİV-nin dili qənaətbəxş deyil. O qeyd edir ki, obyektiv olaraq, bəzi sosial-siyasi səbəblərdən dilin gözəlliyi xırda sözlüklərlə ifadə olunur. "Avtoritarizm və totalitarizmin sözlükləri dar olur. Azərbaycan hazırda keçid dövrünü yaşayır. Sözlükləri bir az artıb.Lakin sözlərin işlədilməsi yerləri ilə bağlı bir çox problem mövcuddur". Zeynal Məmmədli hesab edir ki, bu, təbii bir prosesdir.
Mütəxəssisin fikrincə, alınma sözlərin mənasını dəyişərək istifadə edilməsi və ya təhrifi problemi yeni bir məsələ deyil. O, siyasi vəziyyətin dəyişməsi və elmi inkişafların neologizm və terminlərdən istifadəni zəruriləşdirdiyini deyir. Zeynal Məmmədli bu yanlışlıqların dərinləşdirilməməsinin vacibliyini vurğulayıb. O, Azərbaycanda demokratiya ilə bağlı terminlərin ekvivalentlərinin tapılmamasını xüsusi qeyd edib. Cənab Məmmədli bunun dildən istifadə edənlərdən çox media dilinə təsir edən insanlardan asılı olduğunu bildirib. O deyib ki, mətbuatın dilinin inkişafı üçün işlək və normativ lüğətlərə ehtiyac durulur. Zeynal Məmmədli Qulu Məhərrəmlinin "Mediada işlənən alınma sözlər" və İsmayıl Məmmdəovun "Sinonimlər" lüğətini misal gətirsə də, bu lüğətlərin normativ olmadığını deyib. O, menecerlərin məsuliyyətsizliyi və qeyri-peşəkarlığı, redaksiyaların imkansızlığının əsas amillərdən olduğunu önə çəkib. Mütəxəssis hesab edir ki, orta məktəblərdə təhsil səviyyəsinin aşağı düşməsi və internetin ortaya çıxması KİV-nin dilinə təsir edir.
Müasir dövrdə bu və ya digər problemlərin həll olunması üşün dövlətin atdığı addımların da böyük əhəmiyyəti var. Prezident İlham Əliyevin rəhbərliyi sayəsində hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolu ilə gedən müstəqil respublikamızda vətəndaş cəmiyyətinin formalaşması, insanların azad, sərbəst yaşaması, qanunun aliliyinin təmin edilməsi üçün ən yüksək tələblərə cavab verən normativ-hüquqi baza yaradılır. Azərbaycanda Qərb standartlarına cavab verən kütləvi informasiya vasitələrinin mövcudluğu məhz bu reallığın nəticəsi olaraq qiymətləndirilə bilər.
Prezident İlham Əliyevin ötən il imzaladığı Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası media sahəsində olan problemlərin həlli üçün yetərli hüquqi sənəd sayıla bilər. Bu sərəncam mətbuat - dövlət münasibətlərinin tənzimlənməsi istiqamətlərini müəyyənləşdirir və Azərbaycan dövlətinin mətbuat siyasətini tam mənada ifadə edir.
Konsepsiyada kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi 4 prinsip əsasında həyata keçirilir. Bu prinsiplər Qanunçuluq, Şəffaflıq, Əməkdaşlıq və Qarşılıqlı məsuliyyət prinsipləridir. Qeyd olunan prinsiplər mətbuata dövlət dəstəyinin istiqamətini müəyyənləşdirməyə imkan verir. O baxımdan ki, ölkənin hər bir vətəndaşı kimi jurnalistlərin də hüquqları qanunlar vasitəsilə qorunur, o cümlədən, jurnalistlər də qanuna hörmət etməli, qanunazidd hərəkətlərdən yayınmalıdırlar. Bu mənada dövlətin də qanunun tələblərinə uyğun olaraq bir sıra öhdəlikləri nəzərdə tutulur. Bunlar kütləvi informasiya vasitələrinin müstəqilliyinin qorunması, onların fəaliyyətinə hər hansı bir müdaxilənin istisna edilməsi, yayılması qanunla qadağan olunmuş informasiyadan cəmiyyətin qorunması, kütləvi informasiya vasitələrinin inhisarlaşmasının qarşısının alınması və s.dir. Şəffaflıq isə demokratik cəmiyyətlərdə idarəetmənin əsas meyarı sayılır. Bu mənada dövlət strukturlarının, o cümlədən digər sahələrin cəmiyyətə açıq olması, insanlara bu və ya digər formada informasiya ötürülməsi konsepsiyasının özül prinsipində nəzərdə tutulur. Dövlət orqanları ilə mətbuat arasında etimad körpüsünün qurulması, jurnalistlərin informasiya
Ölkə mətbuatının inkişafına dair konsepsiyanın qəbulu həm də kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyinin metodiki, təşkilati-texniki, konsultativ, maliyyə və digər formalarını müəyyənləşdirdi və sənədləşdirdi. Metodiki dəstək kütləvi informasiya vasitələrinin fəaliyyətinin təkmilləşdirilməsi, onların informasiya əldə etmək imkanlarının genişləndirilməsi, kütləvi informasiya vasitələri nümayəndələrinin ixtisas və peşə hazırlığının artırılması baxımından da xüsusi əhəmiyyət daşımış oldu. Sənədə əsasən təşkilati-texniki dəstək müxtəlif tədbirlər zamanı kütləvi informasiya vasitələrinin səmərəli fəaliyyətinə zəruri şəraitin yaradılması, həmçinin fikir, söz və məlumat azadlığı, plüralizm və kütləvi informasiya vasitələrinin inkişafı mövzusunda ictimai maraq doğuran seminarların, konfransların, təlimlərin və digər tədbirlərin təşkilinə dəstək göstərilməsi şəklində həyata keçirilir. Bununla yanaşı kütləvi informasiya vasitələrinin inkişafına konsultativ dəstək qanunvericilik və digər normativ hüquqi aktların şərhi və izahında, iş metodları və istiqamətləri, dövlət dəstəyinin göstərilməsi imkanları və sair məsələlər barədə məlumat verilməsində ifadə olunur. Maliyyə dəstəyi kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, infrastrukturunun modernləşdirilməsi, iqtisadi müstəqilliyinin gücləndirilməsi, dövlət və cəmiyyət üçün əhəmiyyətli problemlərin həllinə yönəlmiş proqramların, layihə və tədbirlərin maliyyələşdirilməsi məqsədi ilə dövlət tərəfindən yardımlar ayrılmasını nəzərdə tutur.
Konsepsiyada kütləvi informasiya vasitələrinə maliyyə yardımının iki formada - müsabiqəli və müsabiqəsiz şəkildə ayrılması nəzərdə tutulur. Dünya praktikasına əsaslanan sənəddə bu şərtlərin yer alması Azərbaycan mətbuatında peşəkarlığın da artmasına şərait yaratmış oldu. Bununla yanaşı, müsabiqəsiz maliyyə dəstəyinə bölgələrdə fəaliyyət göstərən kütləvi informasiya vasitələrinə, sosial, mədəni və uşaqlar üçün xüsusi nəşrlərə ünvanlı yardımlar, dövlət orqanları tərəfindən normativ hüquqi aktların və digər rəsmi sənədlərin nəşrinə sifariş verildikdə məqsədli ayırmalar, müəyyən məqsədlər üçün dövlət büdcəsindən verilən maliyyə vəsaiti, dövlət və yerli özünüidarəetmə orqanlarının ödənişli reklam və elanlarının kütləvi informasiya vasitələrində yerləşdirilməsi də daxildir. Müsabiqəli maliyyə dəstəyinə isə kütləvi informasiya vasitələrinin iqtisadi müstəqilliyinin gücləndirilməsi, onların inkişafına xidmət edən perspektivli proqram və biznes layihələrin həyata keçirilməsi üçün uzunmüddətli və güzəştli kreditlər verilməsi, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən məsələlər üzrə məqsədli proqram və layihələrin həyata keçirilməsi ilə əlaqədar kütləvi informasiya vasitələrinə maliyyə yardımı ayrılması kimi məsələlər şamil olunur.
Azərbaycan cəmiyyətinin inkişafında, o cümlədən mətbuatın inkişaf etdirilməsində müstəsna yerə malik olan bu sənəd nəzərdə tutulan sahənin bütün problemlərinin həllini özündə geniş və əhatəli şəkildə əks etdirir, lazımi və zəruri tədbirləri müəyyənləşdirir. Bu tədbirlərin icrası isə media sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi, kütləvi informasiya vasitələrinin iqtisadi müstəqilliyinin artırılması, Konstitusiyaya və qanunlara, dövlət rəmzlərinə hörmətin dərinləşməsinə, jurnalistikanın keyfiyyətcə yeni texnoloji səviyyəyə yüksəlməsinə, jurnalist peşəkarlığının və məsuliyyətinin artmasına, kütləvi informasiya vasitələrinin xarici təcrübədən faydalanmasına, beynəlxalq əlaqələrinin genişlənməsinə, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihə və proqramlarının həyata keçirilməsinə, dövlət orqanları ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın möhkəmlənməsinə, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsinə və müstəqil mətbuatın inkişafına şərait yaradacaq. Prezident İlham Əliyevin ölkəmizin demokratik prinsiplər əsasında inkişafı istiqamətində atdığı addımlardan biri kimi bu konsepsiyanın qəbulu Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanda vətəndaş cəmiyyətinin sürətli inkişafında xüsusi rola malik olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB