"Azərbaycanın iqtisadi inkişafı ölkəmizə yönələn xarici işçi qüvvəsinin ildən-ilə artması ilə müşahidə edilir". SİA-nın xəbərinə görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov "Əmək bazarı: islahatlar, çağırışlar və perspektivlər" mövzusunda konfransda çıxış edərkən deyib.
Onun sözlərinə görə, dövlət miqrasiya siyasətinin əsas vəzifələrindən biri də daxili əmək bazarının ixtisassız xarici işçi qüvvəsindən qorunması, yerli işçi qüvvəsinin potensialından maksimum istifadə edilməsidir: " Bu məqsədlə ölkədə 2010-cu ildən etibarən əmək miqrasiyası kvotası tətbiq olunur".
S.Müslümov əmək ehtiyatlarının keyfiyyətini müəyyən edən əsas məsələlərdən birinin də təhsil və ixtisaslaşma səviyyəsi ilə bağlı olduğunu diqqətə çatdırıb: "Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemində qeydə alınmış muzdlu işçilərin 37,5 faizi, o cümlədən kişi işçilərin 36,5 faizi, qadın işçilərin isə 38,6 faizi ali təhsillidir. Muzdla işləyənlərin 37,5 faizi ümumi orta təhsilli, 22,3 faizi orta ixtisas təhsilli, 2,7 faizi ilk peşə-ixtisas təhsilli olanlardır. Ölkə iqtisadiyyatında müasir meyllər peşə təhsili qarşısında yeni tələblər irəli sürür və əmək bazarında rəqabətə davamlı ixtisaslı kadrlara yaranan tələbi ödəmək vəzifəsini ön plana çəkir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilən "Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi" də ölkədə əmək bazarının tələblərinə uyğun təhsil proqramları əsasında ixtisaslı kadrlar hazırlayan peşə təhsili sisteminin inkişaf etdirilməsi məqsədini daşıyır".
Nazir çıxışında bildirib ki, 2016-cı ildə Azərbaycanda adambaşına düşən ÜDM 3926 ABŞ dolları təşkil edib və Azərbaycan dünyada yüksək orta gəlirli ölkə qrupunda qərarlaşıb. Son illər qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən tədbirlər nəticəsində kənd təsərrüfatının, emal sənayesinin və turizm sahəsinin ÜDM-dəki xüsusi çəkisi artıb. Ötən illərdə Azərbaycanda məşğulluq siyasətinin modelini keçid dövrünün xüsusiyyətləri və demoqrafik vəziyyət müəyyən edib. Bunun da başlıca məqsədi işçi qüvvəsinin yüksək təklifi səviyyəsinin operativ qarşılanması olub. Bu əsasda 2003-2017-ci illərdə ölkədə 74 faizi və ya 1,4 milyonu daimi olan 1,9 milyon yeni iş yeri açılıb: "Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsində müəyyən edilmiş hədəf indikatorlarına uyğun olaraq, 2025-ci ilə qədər ÜDM-də 3 faizdən çox orta illik real artım və əlavə olaraq da 450 mindən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur".
Nazir qeyd edib ki, orta təhsil müddətinin başa çatması və bundan sonra müəyyən vaxt lazım olması amilləri nəzərə alınmaqla əmək bazarına faktiki daxil olma yaşını 18 yaş həddində götürmək hesabı ilə şərti müqayisə apardıqda, 2017-2025-ci illərdə 18 yaşda olanların, yəni müvafiq olaraq 1999-2007-ci illərdə anadan olanların (1 yaşadək ölən uşaqlar çıxılmaqla) ümumi sayı, 1 127,2 min nəfər, orta hesabla illik sayı isə 125,2 min nəfər təşkil edir. Hər il əmək bazarına ilk dəfə işaxtaran kimi daxil olan gənc yaşda əhalinin sayının çox olması (orta hesabla il ərzində 100 min nəfər) və bacarıqlarının əmək bazarının tələblərinə cavab verməməsi qarşıdakı illərdə gənclərin məşğulluğunun təmin edilməsi sahəsində tədbirlərin daha da gücləndirilməsini şərtləndirir. Ümumilikdə yaranacaq izafi işçi qüvvəsinin məşğulluğunun təmin edilməsi əsas vəzifələrdən biri kimi qarşıda dayanır. S.Müslümov bu baxımdan qarşıdakı illərdə ayrı-ayrı inkişaf mərhələləri üçün müəyyən edilmiş hədəf strategiyalara uyğun olaraq adekvat məşğulluq modelinin tətbiqinin xüsusi önəm kəsb etdiyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB