Hüseyn Cavid anıldı

Yasamalda Hüseyn Cavidin anadan olmasının 135 illiyinə həsr olunmuş tədbir keçirildi

Bu gün YAP Yasamal rayon təşkilatının və Yasamal rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə Hüseyn Cavid Parkında böyük dramaturq və şair, mütəffəkkir Hüseyn Cavidin anadan olmasının 135 illiyinə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları ədibin Hüseyn Cavid Parkında ucaldılan heykəlini ziyarət edərək, abidəsi önünə gül çələngləri qoyaraq, xatirəsini yad etdilər.

Tədbiri giriş sözü ilə açan AMEA-ın vitse-prezidenti, akademik İsa Həbibbəyli Hüseyn Cavidin keçdiyi həyat və yaradıcılıq yoluna nəzər salaraq, böyük şairin Azərbaycan ədəbiyyatına böyük töhfələr bəxş etdiyini bildirib. Sənəti janr və forma cəhətdən zəngin olan ədibin yaradıcılığında fəlsəfi və tarixi faciələri Azərbaycan dramaturgiyasında yeni bir mərhələ yaratdığı kimi, milli teatr mədəniyyətinin inkişafına da qüvvətli təsir göstərmişdir: "Dramaturgiyasında dövrün ümumbəşəri, böyük ictimai-siyasi və mədəni əhəmiyyətə malik problemlərin əksini tapdığını bildirən İ.Həbibbəyli yaşadığımız Sovet dövründə, totalitarizmin dəhşətli dövründə Hüseyn Cavidin Sibir buzlaqlarına sürgün edilib. Böyük dramaturqun ədəbi irsi hər zaman diqqətdə olmuş, bu gün də öyrənilir və Azərbaycan Prezidenti İlham Əliyevin məlum sərəncamları ilə bir neçə dəfə əsərləri latın qrafikası ilə çap olunmuşdur. Hər il ölkəmizdə Hüseyn Cavid günlərinin keçirilməsi onun dünyasına olan böyük sevgidən qaynaqlanır".

Tədbirdə çıxış edən AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli H.Cavid irsinin tədqiqi və təbliği baxımından önəmini vurğulayaraq, dramaturqun zəngin yaradıcılığı barədə ətraflı məlumat verdi.

Tədbirdə çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov bildirdi ki, H.Cavid Azərbaycan ədəbiyyatında milli romantik şeirin, mənzum dram və faciə janrlarının əsasını qoyub: "Hüseyn Cavidin dramaturgiyasının əsasında ümumbəşəri mövzular yer alıb. Ulu Öndərimiz Heydər Əliyevin təşəbbüsü və prinsipial mövqeyi nəticəsində yalnız 41 ildən sonra Hüseyn Cavidin cənazəsinin qalıqları vətənə qaytarıldı. Hüseyn Cavidin nəşinin Uzaq Sibirdən Azərbaycana gətirilməsi ictimai-siyasi mühitdə böyük hadisəyə çevrildi. Bəli, Hüseyn Cavid təkcə yaşadığı dövrün deyil, sonraki dövrlərin də böyük filosof-şairidir".

Tədbirdə Yasamal rayon icra hakimiyyəti başçısının müavini Təravət Muradova, akademik Muxtar İmanov, Hüseyn Cavidini Ev-Muzeyinin direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı, cavidşünas Əkbər Əliyev, Bakı Dövlət Universitetinin tələbəsi Qəndab Əhmədli və başqaları çıxış edərək, Hüseyn Cavid irsinə nəzər saldılar. Bildirildi ki, Hüseyn Cavidin böyük istedadı, sənətkarlığı, öz xalqına mənən bağlılığı yaradıcılığına əbədiyaşarlıq qazandırıb. Buna görə də Hüseyn Cavid kimi işıqlı şəxsiyyətlər həmişə xatırlanacaq.

NƏZAKƏT

Bütün xəbərlər Facebook səhifəmizdə