Səudiyyə Ərəbistanının səfiri Şərqşünaslıq İnstitutunda olub

Səudiyyə Ərəbistanının səfiri Şərqşünaslıq İnstitutunda olub

Səudiyyə Ərəbistanının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Müsaid bin İbrahim əs-Süleym Azərbaycan Milli Elmlər Akademiyasının akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda oldu.

AMEA Şərqşünaslıq İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, Səfir Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili, akademik Gövhər Baxşəliyeva ilə görüşdü.

G.Baxşəliyeva səfirə İnstitutun tarixi, strukturu və elmi fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verdi. İnstitutun müxtəlif şöbələri üzrə aparılan aktual tədqiqat işlərindən danışan G.Baxşəliyeva ərəbşünaslıq sahəsində aparılan tədqiqatları xüsusi qeyd etdi, bu sahədə nəşr olunan kitablar barədə ətraflı məlumat verdi. G.Baxşəliyeva Səudiyyə Ərəbistanının elm və təhsil müəssisələri ilə qarşlıqlı əməkdaşlığın hər iki tərəfə fayda verəcəyini söylədi.

Müsaid bin İbrahim əs-Süleym İnstitutda görülən işləri yüksək qiymətləndirdi və bu görüşün qarşılıqlı əlaqələrin genişlənməsinin başlanğıcı olacağını söyləyərək, səmərəli əməkdaşlıq üçün səfirliyin hər cür dəstək göstərməyə hazır olduğunu qeyd etdi.

Müsaid bin İbrahim əs-Süleym daha sonra İnstitutun ərəbşünas əməkdaşları ilə görüşdü. Azərbaycan – Səudiyyə əlaqələrindən danışan səfir, elmi əlaqələrin genişləndirilməsinin də əhəmiyyətindən söz açdı. Sonra səfir şərqşünas alimləri maraqlandıran sualları cavablandırdı.

Bütün xəbərlər Facebook səhifəmizdə