ŞOK: Hər gün dünyada 5 min vərəm xəstəsi həyatını itirir

ŞOK: Hər gün dünyada 5 min vərəm xəstəsi həyatını itirir

Hər gün dünyada 5 min vərəm xəstəsi həyatını itirir. 2010-cu ildə ölkəmizdə hər 100 min nəfərə 144 vərəm xəstəsi düşürdüsə, 2016-cı ildə həmin rəqəm 99-a enib. Ötən il hər 100 min nəfər əhalidən 38,9 nəfərinə vərəm diaqnozu qoyulub və onların müalicəyə cəlb olunması üçün lazımi tədbirlər görülüb. Bu barədə "Azərbaycanda pasiyentyönümlü vərəmin müalicəsinə keçid: uğurlar və çətinliklər" mövzusunda "TB-REP" layihəsinin birinci il fəaliyyətinin nəticələrinə həsr olunmuş konfransda danışılıb.

Konfransda Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktor müavini İradə Axundova vərəmin epidemioloji vəziyyəti, Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyinin əlaqələndiricisi Cəvahir Süleymanova dünyada vərəm xəstəliyi və onunla mübarizə proqramları, "TB-REP" proqramının vətəndaş cəmiyyəti üzrə əlaqələndiricisi Elçin Muxtarlı layihə çərçivəsində ölkəmizdə görülən işlər, "Health Management and Consultinq" şirkətinin nümayəndəsi Aynurə Rəşidova vərəm xəstələri və onu müalicə edən tibb işçiləri arasında aparılan sorğunun nəticələri barədə ətraflı məlumat veriblər.

Konfransda vərəmlə bağlı stiqmanın aradan qaldırılması yolları, layihə çərçivəsində ölkəmizdə əhalinin maarifləndirilməsi ilə əlaqədar həyata keçirilən tədbirlər, vərəm xəstəliyinə dair bilik, münasibət və davranışın öyrənilməsinə və səhiyyə xidmətlərinin ambulator modelinə keçidi ilə bağlı maneə və ehtiyacların müəyyən edilməsinə dair aparılan araşdırmanın nəticələri müzakirə edilib.

Vərəm xəstələrinin aşkarlanması və uğurlu müalicəyə cəlb olunması sahəsində statistik göstəricilər konfrans iştirakçılarının nəzərinə çatdırılıb və belə bir fikir vurğulanıb ki, xəstəliyə yoluxma və ölüm hallarının sayı minimuma doğru gedir. Vətəndaş cəmiyyətinin məsələyə diqqətinin artırılması, risk qrupların daim nəzərdə saxlanılması vacibliyi də nəzərə çatdırılıb. Konfransda nümayiş etdirilən maarifləndirici çarxa dəstək verənlər arasında Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) də olub. Mütəxəssislər konfransda müzakirə olunan mövzu ilə əlaqədar iştirakçıları maraqlandıran suallara cavablar veriblər. (AZƏRTAC)

Bütün xəbərlər Facebook səhifəmizdə