6 yaşayış məntəqəsini birləşdirən yol yenidən qurulur FOTOLAR

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin hesabına bu il reallaşdırılan 40 kənd və qəsəbələrarası avtomobil yolu layihələrindən biri də Yevlax rayonunun Salahlı-Balçılı-Ağqıraqlı-Varvara-Cırdaxan avtomobil yolu layihəsidir.

"Azəravtoyol" ASC-dən SİA-ya verilən məlumata görə, artıq 18 km uzunluğunda olan avtomobil yolunun yenidən qurulması işlərinə start verilib.

Layihə çərçivəsində hazırda sözügedən avtomobil yolunda torpaq işləri aparılır, yol yatağı inşa olunur. Torpaq işləri zamanı zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılır, bunun əvəzinə xüsusi material tökülərək yenidən kipləşdirmə işləri görülür.

Bu işlərə paralel olaraq yol əsasının tikintisi da aparılır. Əsasın tikintisi 15 sm qalınlığında qum-çınqıl və 12 sm qalınlığında optimal qırmadaş qarışığından ibarətdir.

Torpaq işləri yekunlaşan hissələr isə artıq asfaltlanır. Sözügedən avtomobil yoluna 2 qat olmaqla 12 sm qalınlığında asfalt-beton örtük döşənir. Ümumilikdə isə yolun 100 min m2-dən çox ərazisinin asfaltlanması nəzərdə tutulub.

IV texniki dərəcəyə uyğun yenidən qurulan Salahlı-Balçılı-Ağqıraqlı-Varvara-Cırdaxan avtomobil yolunun hərəkət hissəsinin eni 6 metr, çiyinlərinin eni hər iki istiqamət üzrə 1,5 metr olmaqla yol yatağının ümumi eni 10 metr təşkil edir. Layihə çərçivəsində yol boyu müxtəlif diametrli 16 ədəd su borusunun tikintisi işləri də aparılır.

Tikinti işləri tam olaraq yekunlaşdıqdan sonra yola 360 ədəd təhlükəsizlik dirəkləri, 118 ədədyol nişanları və göstərici lövhələr quraşdırılacaq, 25 km uzunluğunda yolcizgi və yol göstərici xətlər çəkiləcək.

Bütün işlər "Azəravtoyol" ASC-nin rəhbərliyinin nəzarəti altında tərtib olunmuş qrafikə uyğun texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə aparılır. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.

Məlumat üçün bildirək ki, Salahlı-Balçılı-Ağqıraqlı-Varvara-Cırdaxan avtomobil yolunun tikintisi 8 min əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirərək gediş-gəlişi rahatlaşdıracaq, yük və sərnişin daşınmasını isə xeyli asanlaşdıracaq. Ən əsası isə avtomobil yolu ilə Mingəçevir-Bəhrəmtəpə, həmçinin Bakı-Ələt-Qazax-Rürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə olunmaqla əhalinin yetişdirdikləri məhsulları rahat şəkildə və qısa müddət ərzində bazarlara daşımasına imkan yaranacaq, bu isə öz növbəsində sözügedən ərazidə kənd təsərrüfatının inkişafına müsbət təsir etmiş olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...